““Köhnələrin” aqibəti "yenilərə" dərs olur”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dünən Cəlilabad və Şəmkir rayonlarına yeni icra başçıları təyin olunması haqqında Sərəncam imzalayıb. Cəlilov Rafiq Əsgər oğlu Cəlilabad rayonuna, Rəşad Ənvər oğlu Tağıyev isə  Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ölkə başçısı həmin şəxsləri icra başçıcı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib, bir sıra mühüm məqamlara toxunub. Prezident qeyd edib ki, icra başçıları xalqa xidmət göstərməli, vəzifələrini şəffaflıqla yerinə yetirməlidirlər. 

Maraqlıdır, yeni icra başçıları bu gözləntiləri doğruldacaqmı?

Sualımızı cavablandıran Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun “Sherg.az”a açıqlamasına görə, yeni təyinat alan icra başçıları əvvəlkilərə baxıb nəticə çıxarır və onların aqibəti yeni məmurlar üçün bir dərs olur:

“Yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xüsusi əsasnamə ilə tənzimlənir. Bu əsasnamə də Prezident tərəfindən təsdiq olunur. Bu gün bir rayonda icra hakimiyyəti başçısının yerli hakimiyyətə məxsus olan səlahiyyətlərinin çoxu əllərindən alınıb. Məsələn, təhsil, səhiyyə, sosial təminat və maliyyə məsələləri yerli hakimiyətdə olub. Ona görə də ortada səlahiyyət məsələsi var. Yəni yerli icra hakimiyyətinin başçısı mövcud səlahiyyətlər çərçivəsində nə edə bilər məsələsi əsasdır.

Digər məsələ əmək haqları ilə bağlıdır. Məsələn, əhalisi 50 mindən aşağı olan rayonlarda icra hakimiyyəti başçısının maaşı 880 manatdır. Ondan da 14 faiz gəlir vergisi, 3.5 faiz sosial sığorta, 2 faiz tibbi sığorta tutulur. Hesab edirəm ki, kənarda kommersiya fəaliyyəti və hansısa gəlir mənbəyi olmayan şəxsin bu əmək haqqı ilə vəzifəsini yerinə yetirməsi ancaq fədakarlıq ola bilər”.

S.Məmmədov qeyd edib ki, icra hakimləri dəyişir, amma yerlərdə polis rəisi, prokuror və digər rəhbər işçilər var:

“Bir rayonda hansısa korrupsiya və digər qeyri-şəffaf hallar olarsa, bu yalnız icra hakimiyyətlərinin adı ilə bağlı deyil. Əlbəttə, fəaliyyətində cinayət əməli olan icra hakimləri ifşa edilməli, onlar yeniləri ilə əvəzlənməlidir. Ancaq yerli icra hakimiyyəti orqanlarında paralel olaraq başqa islahatlara da start verməyin vaxtı çatıb. Ümid edirəm ki, Prezident mövcud inzibati ərazi quruluşu çərçivəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı islahatlara başlayacaq”.

Yeganə Bayramova