Xaricdən quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub


Yerli məhsullar daha keyfiyyətli olduğundan quşçuluq sənayesinə diqqət artırılmalıdır

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir. AQTA-dan bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Polşa Respublikasının Malopolski (Małopolskie) vilayətinin Gorlice, Nowy Sącz, Mazovieski (Mazowieckie) vilayətinin Mińsk, Żuromin, Wołomin, Piaseczno, Varminsko-Mazurski (Warmińsko-Mazurskie) vilayətinin Olsztyn, Velikopolski (Wielkopolskie) vilayətinin Szamotuły, Kalisz, Opolski (Opolskie) vilayətinin Krapkowice, Prudnik rayonlarında baş vermiş yüksək patogen quş qripi xəstəliyinin aktiv və müşahidə fazasında olan epizootik ocaqları mövcuddur, həmçinin Pakistan İslam Respublikasının Pəncab (Punjab) regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, qeyd olunan ərazilərdən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Polşa Respublikasından və Pakistan İslam Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Şərq"ə açıqlamasında bildirib ki, ümumiyyətlə, quşçuluq sənayesi ilə məşğul olan müəssisələr ayıqlıqlarını itirməməlidir. Ekspert qeyd edib ki, yerli broyler müəssisələri daxili quş və quş əti məhsullarına olan tələbatı tam ödəyə bilmədikləri üçün xaricdən quş ətinin gətirilməsinə ehtiyac yaranıb:

 "Qeyd edim ki, xəstəlik köçəri quşlar vasitəsilə yayıldığından mütəxəssislər daimi qışlama yerlərini və quşların müvəqqəti yaşadığı yerləri izləyirlər. Ümumiyyətlə, belə monitorinqlər beynəlxalq agentliklər tərəfindən aparılır və daha sonra hər bir ölkəyə bu barədə məlumat verilir. Təbii ki, bu istiqamətdə ölkəmizdə də daimi işlər görülür. Bu, əhalinin sağlamlığı baxımından çox əhəmiyyətlidir.  Ümumiyyətlə, qeyd edim ki, yerli məhsullar daha yüksək keyfiyyətə malikdir. Yəni ətraf mühit xüsusiyyətləri idxal olunan məhsullarla müqayisədə daha yaxşıdır”.

Aynurə Pənahqızı