17 min insan parasız qaldı

Əlilliyi ləğv olunan insanlara iş təklif olunmalıdır

Artıq bir müddətdir ki, ayrı-ayrı vətəndaşlar tərəfindən onlara ciddi xəstəlikləri olduğu halda əlillik dərəcəsinin düzgün təyin olunmamasını, bir çox hallarda isə ümumiyyətlə təyin edilməməsi barədə şikayətlər edilir. Ötən gün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov açıqlamasında vurğulayıb ki, saxta əlilliklə mübarizə davamlı prosesdir. 

O bildirib ki, şübhəli hallarda əyani qəbullar keçirilir və bu zaman səhv ehtimalı minimum olur: "Bu zaman “Forma 88”də məlumatların uyğunsuz olması, təhrif edilməsi aydın görünür. Həmin məlumatlar həm hüquq-mühafizə orqanlarına, həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərilir". O qeyd edib ki, bu il saxta əlilliyə dair 266 nəfərlə bağlı Baş Prokurorluğa məktub göndərilib. Bu kimi halların yenidən yaşanmaması üçün hansı müvafiq tədbirlər görülməlidir?

Saxta əlilliklə bağlı problemin yeni olmadığını vurğulayan “Yenisabah.az” saytının baş redaktoru, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib ki, bu günə kimi 17 minə yaxın insanın əlilliyi ləğv olunub. Baş redaktor qeyd edib ki, bu proses ağrısız ötüşmür: 

"Əlil kimi aldıqları vəsaitdən məhrum olan adamlar narazılıq edirlər. Sıravi vətəndaşın özünə saxta əlillik vəsiqəsi düzəltmək imkanı yoxdur. Bu imkanı onlara müvafiq dövlət qurumları yaradıblar. Aydın məsələdir ki, rüşvətin müqabilində. Buna görə də saxta əlilliyin verilməsində əsas məsuliyyət həmin dövlət qurumlarının üzərinə düşür. Həmin şəxsləri araşdırıb cəzalandırmaq hüquq-mühafizə orqanlarının vəzifəsidir. Mən əlilliyin kütləvi ləğvinin tərəfdarı deyiləm. Yüzlərlə insan var ki, onlar dövlətdən ancaq əlillik təqaüdü alırdılar. Bu gün həmin təqaüd kəsilib. Ən pisi isə odur ki, həmin adamların başqa gəlir mənbəyi yoxdur. Bu insanlar nə etməlidirlər? Hesab edirəm ki, əlilliyi ləğv olunan insanlara iş təklif olunmalıdır. Bir halda ki, onlar fiziki cəhətdən qüsurlu deyil, tam sağlamdırlar, o zaman zəhmət çəkib işlə təmin edin. İnsanları taleyin ümidinə buraxmaq olmaz".

Aynurə Pənahqızı