Bakının mövqeyi bəllidir

Paşinyan sülh müqaviləsinə hazır görünmür

İrəvandan bir gün “barışığa hazırıq” mesajı gəlirsə, sabahı gün müharibə ritorikası ilə çıxış edirlər


Prezident İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində Ermənistanla dialoqdan, Baş nazir Nikol Paşinyanla görüş ehtimalından danışıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan artıq neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib. Ölkə rəhbərinin sözlərinə görə, söhbət təkcə dialoqun başlanılmasından getmir. 

Eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən gedir: “Müharibə bitib, münaqişə öz həllini tapıb. Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq. Hər iki ölkənin xarici işlər nazirlərinin görüşü bu səylərin yaxşı göstəricisidir. Ümid edirəm ki, bu, təkcə bir görüş yox, yeni bir prosesin başlanğıcı, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin və Cənubi Qafqaz regionunda geniş əməkdaşlığa yeni bir miqyas verəcək proses olacaq”. 

Prezident vurğulayıb ki, müharibə bitəndən sonra Paşinyanla yalnız bir dəfə görüş baş tutub. Bu da yanvar ayında Rusiya rəhbəri Vladimir Putin tərəfindən Moskvada təşkil olunan üçtərəfli görüş olub. Dövlət başçısı qeyd edib ki, həmin görüşün məqsədi müharibədən sonra hadisələrin gedişatını planlaşdırmaq idi: “Bizim bir-birimizi görmək üçün başqa imkanımız olmayıb

Yəqin ki, bu, pandemiya ilə və ya başqa səbəblərlə əlaqədar olub. Lakin Azərbaycan heç vaxt, hətta müharibə zamanı, hətta işğal zamanı belə istənilən yüksək səviyyəli təmaslara etirazını bildirməyib. Əksinə, hesab edirik ki, bu təmaslar hər iki tərəfdə ola bilən sualları cavablandıra bilər və regionun inkişafı üçün yeni başlanğıc nöqtəsi ola bilər. Bizim mövqeyimiz çox aydındır. Biz münaqişənin həll olunduğunu hesab edirik, keçmişə qayıdış olmamalıdır, Ermənistanda revanşizm əlamətləri olmamalıdır. Biz gələcək haqqında, sülh haqqında və regionu necə daha da sabit və təhlükəsiz etmək imkanları haqqında danışmalıyıq”. Ölkə rəhbəri bəyan edib ki, əgər Minsk qrupunun həmsədrləri belə bir görüş təklifi ilə çıxış etsələr, rəsmi Bakı buna qarşı çıxmaz. 

Dövlət başçısının açıqlamasını “Şərq”ə dəyərləndirən politoloq Tofiq Abbasov deyib ki, son sözü hər zaman qalib tərəf deməlidir. Əgər hansısa şərt qoyulacaqsa, onun mütləq müəllifi Azərbaycan olmalıdır. Analitikə görə, oyunun qaydalarını qələbə qazanan tərəf müəyyən edir: 

“Rəsmi Bakı sülh təşəbbüsləri ilə dəfələrlə çıxış edib, ermənilərin bütün həyasızlığına rəğmən, xoş məramını sərgiləyib. Hər platformada bölgəmizdə sülhün bərqərar olmasında, regional əməkdaşlıqda maraqlı olduğumuzu bəyan etmişik. Bəyan etməklə qalmamışıq, bu yöndə çoxsaylı əməli addımlar da atmışıq. Problem isə ondadır ki, Ermənistan tərəfi stabil siyasət yeritmir, nala-mıxa vurur. İrəvandan bir gün “barışığa hazırıq” mesajı gəlirsə, sabahı gün müharibə ritorikası ilə çıxış edirlər, sərhəddə təxribata əl atırlar. Regional sabitliyi pozmaq üçün əllərindən gələni əsirgəmirlər. Əgər Ermənistan hökuməti, konkret baş nazir Nikol Paşinyan sülh müqaviləsinin hazırlanmasına kiçik də olsa dəstək vermiş olsaydı, nisbətən sözlərini doğrultmuş olardı. Hələ ki bunun işartıları görünmür. Halbuki, indiki halda bütün sülh təşəbbüsləri məhz məğlub Ermənistandan gəlməlidir. Ermənilər sabitlikdə, bölgənin əmin-amanlığında maraqlı olmalıdır. Özləri üçün əlverişsiz olan vəziyyəti dəyişməyə çalışmalıdırlar. Paşinyan hökuməti açıq şəkildə sülhə hazır olduğu mesajını verməli və bu istiqamətdə addımlar atmalıdırlar. Çünki Ermənistanın xilas yolu bundan keçir. Yəni rəsmi Bakının və Azərbaycan rəhbərliyinin konkret və qətiyyətli mövqeyi bəllidir. İrəvan hökuməti də üzərinə düşəni etməli, müsbət çağırışlara adekvat və səmimi cavab verməlidir. Əks halda tərəflərin sağlam dialoqundan söhbət gedə bilməz”. 

İsmayıl Qocayev