Cəbrayıla 13 milyard dollar məbləğində ziyan dəyib



Adil Əliyev Türkiyədən gələn qonaqlara erməni vandalizmindən danışıb

Oktyabrın 4-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə səfərdə olan İstanbul Media Başqanı Ali Rza Yıldızı və onun yardımçısı, İstanbul Çəkməköy Əsnaf və Sənətkarlar dərnəyinin başqanı Gökhan Balcını qəbul edib. Ölkəmizin və türk-islam dünyasının tarixində xüsusi yeri olduğunu vurğulayan Adil Əliyev keçən ilin məhz bu günündə Azərbaycan Ordusunun Cəbrayıl rayonunu işğaldan azad etdiyini diqqətə çatdırıb. Qonaqlara hazırda birinci ildönümünü qeyd etdiyimiz Vətən müharibəsi barədə ətraflı məlumat verib. Ermənistanın 30 illik təcavüzünə son qoyulduğunu, düşmənə döyüş meydanında çox böyük zərbə vurulduğunu bildirib. 

Vitse-spiker qeyd edib ki, 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Cəbrayıl rayonu erməni vandalları tərəfindən tamamilə dağıdılıb. Ermənistan təcavüzkar siyasətini işğal altında saxladığı ərazilərdəki maddi mədəniyyət abidələrinə də tətbiq edib, tarixi abidələrə və dini ziyarətgahlara qarşı dağıdıcı və təhqiramiz siyasət həyata keçirib. Dini məbədlərimizi, məscidlərimizi  tövləyə çevirib. İnanclara qarşı bu cür hörmətsizlik heç bir ölçüyə sığmır. 
Milli Məclis sədrinin müavini əlavə edib ki, işğal nəticəsində rayona 13 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər 27 il ərzində öz ata-baba yurdlarını tərk edərək, respublikanın 58 rayonundakı 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmaq məcburiyyətində qalıblar. Qonaqlara bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Cəbrayıl işğaldan azad olunduqdan, Vətən müharibəsi Azərbaycanın Qələbəsi ilə başa çatdıqdan sonra Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva 2020-ci il noyabrın 16-da işğaldan azad olunmuş Cəbrayıl rayonuna gedərək orada üçrəngli bayrağımızı dalğalandırıblar. 
Səmimi qəbula görə təşəkkür edən İstanbul Media Başqanı Ali Rza Yıldız qardaş Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu deyib. Bu yay Türkiyədə baş verən yanğınlar zamanı qardaş köməyinə gələn azərbaycanlılara ölkəsində çox böyük sevgi və hörmətin olduğunu vurğulayıb. Yıldız media qurumlarının rəhbəri olaraq münasibətlərimizin hər zaman möhkəm qalması üçün çalışdıqlarını, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində var qüvvələrini səfərbər etdiklərini bildirib. Görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.