Din sahəsində ciddi islahat aparmağın zamanıdır


Tural İrfan: "...Bu gün məscidlərin axundlarının demək olar ki, hamısı İranın ali dini liderini, yaxud da digər müctəhidlərini təqlid edirlər"

"İllərdir ölkədə İranın təhlükəli ünsürləri yuva salıb, minlərlə gəncimizi zəhərləyiblər"


“Dünyada teokratik dövlət quruluşları var. Məsələn, Pakistan amalları ilə əməlləri uyğunluq təşkil edən və hər addımını islama görə müəyyənləşdirən teokratik bir ölkədir. Lakin İran kimi üzdə bir cür, daxildə başqa cür ideoloji xətt seçənlər də var”. 

Bunu “Şərq”ə Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan deyib. Partiya rəsmisi bildirib ki, İran özünü teokratik dövlət saysa da, “islam dövləti” elan etsə də, əslində elə deyil: 

“İran təqiyyə (özünü gizlətmək, əsl əqidəsini və əsl məqsədinin əksini söyləmək -red) prinsipinə əsaslanan, qədim Sasani dövlətinin ideoloji xəttini əsas götürən, inanc baxımından isə bütün islam məzhəblərinin əksinə olan Məcusi - atəşpərəst ənənələrini seçən dövlətdir. İndiyə kimi İran yalnız müsəlman ölkələri ilə savaşıb və müsəlmanlara düşmənlik edən dövlətlərlə dost olub. İran-İraq savaşında farsların ən çox silah tədarük etdikləri dövlət İsrail idi. Amma indi Azərbaycanı İsraillə əlaqə qurmaqda günahlandırırılar. İranın dövlət siyasətinə görə Qarabağ problemi həll edilməməliydi. Çünki İran Azərbaycan ilə Türkiyənin, habelə Türkiyənin Azərbaycan vasitəsi ilə Orta Asiya türk dövlətləri ilə əlaqələrini əngəlləməli idi.

 Yəni Qarabağ münaqişəsinin alovlanmasında da İranın çox böyük xidmətləri olub. İndiki şəraitdə, Zəngəzur dəhlizinin açılması ərəfəsində onların bu cür narahat olması məhz həmin siyasətin ifşası və tənəzzülünün təsirindəndir. Sadəcə, ola bilsin, bəzi sadəlövh siyasətçilərimiz İranın indiyəcən apardığı təqiyyə siyasətini anlamayıblar, buna görə hesablama aparmayıblar. İllərdir ölkədə İranın təhlükəli ünsürləri yuva salıb, minlərlə gəncimizi zəhərləyiblər. Yəni konkret olaraq İran Azərbaycanın müstəqilliyini, inkişafını, işğalda olan torpaqlarının azadlığını əsla istəmir və bunu öz aləmində özü üçün təhlükə hesab edir. Burada əsas amillərdən biri də bizim orada çoxsaylı soydaşlarımızın yaşamasıdır. Din sadəcə olaraq pərdədir, İran üçün məzhəb də siyasi alətdir. Habelə Azərbaycan, Livan, Suriya, İraq, Yəmən kimi ölkələrdə yaşayan şiə əqidəli əhalini öz təsiri altına salaraq inqilabın ixracına zəmin yaratmağa cəhd edirlər. Azərbaycandan başqa həmin dövlətlərin heç birində sabitlik yoxdur. İran orada hökmən məzhəb intriqası, milli ayrı-seçkilik və ya rəhbərliyə üsyan xarakterli təxribatlar yaradır, münaqişə ocaqlarının təməlini qoyur”. 

İlahiyyatçı vurğulayıb ki, farslar müsəlman dövlətinin ikinci xəlifəsi Ömər bin Əl-Xəttabın Sasani imperiyasını məğlub edərək əhalisini müsəlman etməsini həzm edə bilmirlər: “Əsrlər öncə qəbul edilib formalaşmış islam dinindən çıxmağın da mümkün olmadığını bilərək “şiəlik” pərdəsi altında islama dəxli olmayan ideoloji xətt müəyyən ediblər. Bu xəttin bariz nəticəsidir ki, bugünkü İran bütün müsəlman ölkələri ilə gərgin münasibətdədir. 

Ən böyük təəssüf və təhlükə yaradan məqam odur ki, İranın “vilayəti fəqih institutunun” bizim ölkədə də kifayət qədər məzunu və tələbəsi var. 

Yəni təqlid adı altında İranın siyasi, dini rəhbərliyinə din pərdəsi altında müticəsinə tabe olan, qulluq edən, vəsait ödəyən kifayət qədər inanclı insan var. 

Bunun qarşısını almaq üçün ölkədə din sahəsində ciddi islahat aparmağa böyük ehtiyac yaranıb. Bu gün məscidlərin axundlarının demək olar ki, hamısı İranın ali dini liderini, yaxud da digər müctəhidlərini təqlid edirlər. Onlara tabedirlər.

 Zənnimcə, bu, içimizdə olan ən böyük təhlükədir. İran ən çox şiəlik adı altında bu fitnəni yayır. Necə ki, Yəməndə Zeydi məzhəbinin tərəfdarlarını parçalayaraq içlərindən İran yönümlü Husi cərəyanı çıxarıb, əhalini ikiyə bölüblər, eynisini Azərbaycan üçün düşünürlər. Ona görə bu məsələyə ciddi yanaşılması vacibdir”.