Sərt təpki: “...Dini toyda o bayraqların qaldırılması sifariş verilib”

“İndi biz ideoloji baxımdan belə sifarişləri zərərsizləşdirmək üçün dövlətin yanında olmalıyıq. Bu hər birimizin borcudur"
 
Bakı şəhərində üzərində ərəb hərfləri ilə yazılmış bayraqlar olan toy karvanı təşkil edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə,oktyabrın 24-də Xəzər Rayon Polis İdarəsinin əməkdaşları məsələ ilə bağlı əməliyyat-axtarış tədbirləri aparıblar.  Nəticədə bəlli olub ki, rayonun Şüvəlan qəsəbə sakinləri Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov yaşadıqları ünvanda Ağaverdi Balaəhmədov üçün Operativ Qərargahın müvafiq qərarlarını kobud şəkildə pozmaqla toy şənliyi təşkil ediblər. Toy karvanında iştirak edərək avtoxuliqanlıq hərəkəti etmiş 16 sürücünün avtomobilləri cərimə duracağına yerləşdirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 

Əlbəttə, bu olay cəmiyyətdə “Nəyə görə, Bakıda İran bayraqları qaldırılıb? Bu cür dini toylar təxribat xarakterli ola bilərmi?” kimi suallar doğurur. 

Şərqşünas Seyid Camal Əzimbəyli bu barədə "Şərq"ə danışarkən bildirib ki, son aylarda , xüsusilə son günlərdə Azərbaycanın kənarından yad təsirlərə məruz qalan ,dini kimliyi bəlli olan, amma milli kimliyi şübhəli olan biriləri boy atmağa başlayıblar:

 "Bəziləri bilərək, bəziləri isə bilməyərək bu prosesin iştirakçılarına çevrilib. İnsanların dini duyğularından , onaların mərhəmət , şəfqət hislərindən sui-istifadənin şahidi olmaqdayıq. Düşünürəm ki, Azərbaycan dünyəvi ölkə olsa da, burada milli-mənəvi, dini dəyərlər özünü islam ölkəsi sayan dövlətlərdən nəinki geri qalmır, hətta irəlidədir. Bir uğurumuz da odur ki, ölkəmizdə bu dəyərlərin həqiqi təəssübkeşi dövlətdir. Son vaxtlar xüsusi olaraq şəhid məclislərindən dırnaqarası məharətlə istifadə etmək cəhdlərinin şahidi oluruq. Dini toylar adı altında keçirilən mərasimlərdə digər Azərbaycana dəstək verməyən, onun ən ağrılı,acılı günlərində, bilavasitə şəhid qanlarının tökülməsində rolları olan ölkələrin də bayraqlarının olması , dalğalanması yolverilməzdir . Mən bir şərqşünas olaraq düşünürəm ki, Azərbaycanda əhli-beyt irsinin mühafizə olunmasının əsl təminatçısı dövlət və dövlət başçısının özüdür. Biriləri ictimai rəydə ajiotaj yaratmağa çalışır ki, güya Hüseyn sevərlərə qarşı ölkəmizdə bir basqı var. Əslində isə belə deyil.Azərbaycanda Peyğəmbərə , əhli-beytə tarixdən süzülüb gələn ilahi bir eşq var. Bu duyğuların istismarını qətiyyətlə pisləyirəm. Düşünürəm ki, həqiqi islamın qaydalarını , təməl prinsiplərini bilən şəxslərin Həzrəti Hüseyn eşqini onların qəlbində, əməlində görmək ən doğrusudur. Necə ki, biz bunu Qarabağ uğrunda şəhadət kəfəninə bürünən Azərbaycan ordusunun əsgərlərində gördük”.

Şərqşünas onu da qeyd edib ki , bu gün Azərbaycanın milli təhlükəsizliyinə hər hansı bir təriqət və  mənsəbdən qaynaqlanan təhdidlər varsa, bu addımı atanlar yerindəcə zərərsizləşdirməlidir:

 "Görünən odur ki , təşkil edilən bu dini toy mərasimində o bayraqların qaldırılması haradansa sifariş verilib. İndi biz ideoloji baxımdan belə sifarişləri zərərsizləşdirmək üçün dövlətin yanında olmalıyıq. Bu hər birimizin borcudur" .