Azərbaycan Vatikanda səfirlik açır:“...Dünyaya əməkdaşlıq təklif edirik”

Azərbaycan Vatikanda səfirlik açır. Bununla bağlı parlamentə “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi daxil olub. Sənəd Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə edilərək plenar iclasa tövsiyə olunub.

Ölkəmizin Vatikanda səfirlik açmasının əhəmiyyətlərini “Sherg.az”a şərh edən Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib ki, Azərbaycanda əsrlər boyu dinlərin, etnik qrupların, fərqli mədəniyyətlərin əməkdaşlıq mühiti olub. Bu sahədə çox böyük təcrübəmiz var.

 Parlamentrari qeyd edib ki, Azərbaycan bu istiqamətdə hər zaman dünyaya əməkdaşlıq təklif edir:

“Azərbaycan dəfələrlə svilizasiyalararası və dinlərarası dialoqlarla bağlı konfranslar təşkil edib. Son vaxtlar çox təhlükəli tendensiyalar müşahidə edilir. Yenidən antisemitizm və islamafobiya artır. Təəssüf ki, bəzi Avropa ölkələrində səlib yürüşü təfəkkürü yenə var. Bu istiqamətdə çox fəal və Njdenin idealogiyası ilə böyüyən erməni diasporunun nümayəndələri də məhz səlib yürüşünü yenidən canlandırır. Düşünürəm ki, Azərbaycanın Vatikanla əməkdaşlığı bu istiqamətdəki təhlükəli proseslərin qarşısını birgə almağa xidmət edəcək. Çünki mədəniyyətlər, svilizasiyalar və dinlərarası əməkdaşlıq ölkəmizin əsas prioritetlərindən biridir”.