"Təcrübəm yoxdur, iş tapa bilmirəm, nə etməliyəm?"  - Vacib layihə

Son illər ölkə rəhbərliyinin gənc kadrların mühüm vəzifələrə təyin edilməsi ilə bağlı sərəncamları ölkə siyasətində gənclərə maksimum diqqət və etimad göstəricisinin bariz nümunəsidir. Amma bununla paralel ölkədə gənclərin işsizlik problemi də öz aktuallığını qoruyur. 

Bu problemin həlli istiqamətində tələbə gənclərlə bağlı Təcrübə və Təqaüd Proqramları adı altında maraqlı layihə təqdim edilib.

Layihə çərçivəsində tələbələr, magistrantlar və təhsilini başa vurmuş və işsiz olan gənclər müxtəlif təcrübə proqramlarına cəlb olunacaqlar. Layihənin həyata keçirilməsində məqsəd tələbə gənclərə dəstək olmaq, eləcə də şirkətlərin kadr potensialını daha da zənginləşdirməkdən ibarətdir.

Azərbaycan Dillər Universitetinin Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsini n müdiri vəzifəsində işlədiyi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri kimi çalışdığı dövrdə tələbə gənclərin problemlərinə yaxından bələd olduğunu deyən layihə rəhbəri Şahin Sərdarlı qeyd edib ki, proqram çərçivəsində müxtəlif şirkətlərlə imzalanacaq müqavilələrə əsasən tələbələr, magistrantlar, eləcə də təhsilini başa vurmuş gənclər üçün 1 (bir) və ya 2 (iki) aylıq təcrübə proqramları həyata keçiriləcək. Fəaliyyət sahələrinə televiziya və radio, mətbuat, təhsil müəssisələri, özəl şirkətlər, hüquq, mühasibatlıq, tibb, İT, HR və s. daxildir. 

Ş.Sərdarlının sözlərinə görə, fəaliyyət ərzində bütün istiqamətlər üzrə təcrübə proqramlarına yer veriləcək:

"Gənclər qeydiyyatdan keçdikdən sonra şirkətlərin təqdim etdiyi sahələr üzrə qruplar açılacaq və həmin şəxslər həftənin 5 (beş) günü, tələbələrin təhsilinə mane olmamaq üçün iki növbəli (günün birinci və ya ikinci yarısı) şəkildə 4 (dörd) saat müddətində təcrübə proqramı ilə təmin ediləcəklər. Təcrübə proqramı başa çatdıqdan sonra gənclər təcrübə keçdiyi şirkətin sertifikatı ilə təmin olunucaqlar. Eyni zamanda ən yaxşı təcrübəçilərə şirkətin rəhbərliyi tərəfindən tövsiyə məktubu təqdim ediləcəkdir. Bu da onlara təcrübə keçdikləri şirkətlərdə, eləcə də müxtəlif şirkətlərdən iş təklifi ala bilmək şansı təqdim edəcək".

Layihə rəhbəri Şahin Sərdarlı qeyd edib ki, gənclər haqlı olaraq təcrübə proqramlarının azlığından şikayətlənir, şirkətlər isə doğru olaraq qeyd edir ki, biz təcrübə proqramı elan edirik, təcrübəçi üzərində 3-4 ay əziyyət çəkirik və növbəti ay o başqa şirkətdə özünə iş qazanır, bizim əziyyətimiz isə boşa gedir: "Biz bu layihəni həm təcrübəçinin, həm şirkətlərin maraqlarını nəzərə alaraq həyata keçirməyi planlaşdırmış, təcrübəçi ilə qurumlar arasında bir vasitəçi kimi fəaliyyət göstərməyi nəzərdə tutmuşuq. Şirkətlər və qurumlar öz zəngin təcrübələrini gənclərə öyrətməli, gənclər isə öz üzərlərində ciddi-cəhdlə çalışmalıdır. Necə ki, universitetə qəbul olmaq üçün illərlə repetitor yanına hazırlığa gedirlər, eləcə də təhsil aldıqları müddətdə təkcə nəzəri cəhətdən yox, həmçinin praktik cəhəddən öyrənməyə meylli olmalıdırlar. Yüzlərlə gənc var ki, daxili potensialına, zəngin biliklərinə çox arxayındır, onlara sadəcə daxili potensiallarını ortaya qoymağa şans vermək lazımdır. Ki, həmin şəxslər özlərini tam şəkildə isbatlaya bilsin. Zatən bir neçə proqramdan əldə etdiyi təcrübə ilə özünü yaxşı tərəfdən göstərə biləcəksə, anındaca şirkətlər tərəfindən müxtəlif təkliflər alacaq. Gənclər gərək öz üzərlərinə əmək sərf etməyi bacarsın. Necə deyərlər, müvəffəqiyyətin qiymətini bir müddətlik ödəməyənlər, uğursuzluğun bədəlini bir ömür boyu ödəyərlər".

Layihə bununla kifayətlənmir, gənclər müxtəlif təqaüd proqramları da əldə etmək şansı qazana biləcəklər. 

Yeni proqramları barədə məlumatlar layihənin rəsmi səhifələrində növbəti aydan etibarən mütəmadi olaraq yayımlanacaq.