Daşkəsəndə şəhid Tacəddin Abbasovun anım mərasimi keçirilib

Daşkəsən rayonunda Vətən müharibəsi şəhidi Tacəddin Abbasovun xatirəsi anılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Şəhidlər Xiyabanında əsgər Abbasov Tacəddin Vüqar oğlunun anım mərasimi keçirilib.

Mərasimdə şəhidin yaxınları ilə yanaşı, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, qazilər və ziyalılar iştirak ediblər.

Mərasim iştirakçıları şəhidin məzarı önünə gül dəstələri düzərək xatirəsini yad edib, ruhuna dualar oxuyublar. T.Abbasovun həyatından və döyüş yolundan danışıblar.

Qeyd edək ki, Tacəddin Abbasov 2001-ci ildə anadan olub. O, 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib.

T.Abbasov 2020-ci ilin oktyabrın 24-də Füzuli döyüşləri zamanı qəhrəmançasına şəhidlik zirvəsinə ucalıb. O, oktyabrın 26-da Daşkəsən rayonunun Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə şəhid Tacəddin Abbasov “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!