Araşdıran yoxdur, foto 6 il öncə çəkilib

Mömin adamlar bağça işçisini ölümlə hədələyirlər

"Mənə zəng edib deyirlər ki, sənin başını nizəyə taxacağıq. Mən belə təhdid görməmişəm"


Bakıda "Malvina" uşaq bağçasında  keçirilən “Halloween” tədbiri zamanı çəkilən qorxunc  foto sosial şəbəkələrdə gündəm yaradıb. Foto istifadəçilər tərəfindən ciddi qınaq obyektinə çevrilib. Məsələ ilə bağlı bağça rəhbərliyi ilə əlaqə saxlamağa çalışdıq . Zəngimizi cavablayan adının çəkilməsini istəməyən bağça işçisi bildirdi ki, məlum foto 6 il öncə çəkilib, bağça ilə heç bir əlaqəsi yoxdur: 

“Onu bir valideyn hazırlayıb. Mən bu gün bütün respublikaya açıqlama verdim ki, o fotonun tarixini araşdırsınlar. Özləri də görəcəklər ki, 6 il öncə çəkilib. Bizim bağça pandemiyadan sonra oktyabrdan fəaliyyətə başlayıb. Belə tədbirlərin təşkilinə  isə icazə verilmir. Fotonun kiminsə evində çəkildiyi açıq-aydın bəlli olur. Nəyə görə bizim bağçanın adı çəkilib bilmirəm. Bizdən başqa bütün bağçalarda "Halloween" (balqabaqlar bayramı) qeyd olunur. Bizi nəyə görə hədəf seçiblər, anlaya bilmirik. Bu fotonu yayan bir xanımdır. Onun sosial media hesablarına baxın, bu fotodan daha qorxunc görüntülər görəcəksiz”. Bağça işçisi hazırda ölümlə təhdid edildiyini vurğulayıb: 

“Mənə möminlər zəng edib deyirlər ki, sənin başını nizəyə taxacağıq. Mən belə təhdid görməmişəm. Özüm də namaz qılan adamam. Mən artıq kimə müraciət edəcəyimi bilmirəm. Bu bilirsiz nəyə bənzəyir, bir sürücü piyada vurub gedir, hamı piyadanın başına  toplaşır. Sürücünü axtarıb ondan hesab soruşan biri olmur. Eyni situasiyadır. O qadını tapıb ondan açıqlama alın. Mən yoruldum. Evimdə də bununla bağlı problem yaşayıram. İşdən ayrılmağımı istəyirlər. 

6 il öncə çəkilən fotoya görə bunu etmək istəmirəm. Məsələni qabartmaqda kimin  nə niyyəti varsa, ondan əl çəksin”.