Şirkətlərin öz işidir


"Kimsə hansısa sayta  mütəmadi şəkildə reklam yerləşdirmək istəyirsə, bu onun şəxsi seçimidir"

"Vision TV"-nin baş redaktoru Şöhrət Əliyev (Şöhrət El-Dəniz) feysbuk hesabında mediada reklam problemlərindən yazıb. Mətni təqdim edirik:”Hörmətli mətbuat xidmətlərinin rəhbərləri. Nazirlik, komitə, icra hakimiyyəti tərəfindən ayrılan və nəzarətinizdə olan maddi resursları nazirin və yaxud özünüzün sevimli saydığınız bir-iki media orqanı üçün ayırıb, digərlərini isə niyə düşmən elan edirsiniz? Niyə hamısını bir nəfərə yedizdirirsiniz. Bu qədər reklam çarxları, spotlar, filmlər, banerlər sifariş verirsiniz. Bunu saytlar, telekanallar, media qurumları arasında normal bölsəniz xəncərinizin qaşı düşər?”.

   Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı  mövzu ilə bağlı “Sherg.az”a danışıb. O bildirib ki, hazırda əlimizdə belə faktlar yoxdur: 

“Burada əsas faktor insan amilidir. İnsan amilini isə heç cür tənzimləmək mümkün deyil. Gərək bu prosesə şirkət rəhbərlikləri özləri nəzarət etsin. Əgər bu onları maraqlandırmırsa, demək,  proses sona qədər  bu şəkildə davam edəcək”.

 Bunun qarşısını nə hüquqi, nə də başqa bir yolla almağın  mümkün olmadığını vurğulayan baş yazar əlavə edib:

 “Kimsə hansısa sayta  mütəmadi  şəkildə reklam yerləşdirmək istəyirsə, bu, onun şəxsi seçimidir. Məcbur deyil ki, bütün saytlara reklam versin”.