Məktəblilər arasında kriminala meyil güclənir:“Makarov”u çıxarıb, qan tökdü...

Ötən həftə noyabrın 18-də Mingəçevir Şəhər Prokurorluğu məktəblinin ölümü ilə bağlı məlumat yayıb. Aparılan araşdırmalarla zərərçəkmişin tanıdığı Əlvan Qasımovun  şəxsi münasibətlər zəminində qisas almaq məqsədilə “Makarov” tipli tapança ilə 5 dəfə atəş açaraq Orxan Kərimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.Əlvan Qasımov şübhəli şəxs qismində istintaqa cəlb edilib.Hazırda bu istiqamətdə  istintaq tədbirləri davam etdirilir.

Məlum hadisə son zamanlar  məktəblərdə kriminalameyillik mövzusunu yenidən gündəmə gətirib. Buna təsir göstərən başlıca amillər nələrdir? Mövzu ilə bağlı “Sherg.az”a danışan sosioloq Əhməd Qəşəmoğlu deyib ki, təhsil ocaqlarında məktəb mühiti yaradılmalıdır: 

“Dünyanın hər yerində belədir. Ən yaxşı məktəb o məktəblər sayılır ki, onlarda  şagirdlərin  hərtərəfli inkişafı üçün uyğun mühit yaradılıb. Mən hər zaman bu mövzuda danışarkən  Qori müəllimlər seminariyasını  misal çəkirəm. Görün nə qədər gözəl mühit olub ki, ordan Üzeyir Hacıbəyov, Müslüm Maqomeyev, Cəlil Məmmədquluzadə kimi  Azərbaycanın  yüksək səviyyəli ziyalıları çıxıb . Çünki  gözəl məktəb mühiti  olub. İndi isə əksər məktəbdə belə mühit yoxdur”. 

Sosioloq bunun bir neçə səbəbinin olduğunu vurğulayıb: 

“Başlıca  səbəb bu sahəyə lazım olan diqqətin ayrılmaması, daha sonra müəllimlər və şagirdlər arasında yaşanan arzuolunmaz münasibətlərdir. Digər tərəfdən müəllimlərin bir qisminin öz peşə səviyyəsinin aşağı olmasıdır. Bu şəxslər də öz biliklərindən daha çox rüşvət yolu ilə pedaqoji fəaliyyətə başlayanlardır”.

Ə.Qəşəmoğlu  sonda  məktəb elə olmalıdır ki, ora daxil olan müəllim də şagird də  özünü  müqəddəs aləmdə hesab etməlidir, kriminal aləmdə yox-,deyə qeyd edib.