“Google”dan Lütfi Zadəyə həsr olunmuş "dudl": Dünya elminə tövfəsini öyrənəcəklər

Məşhur "Google" axtarış sisteminin əsas səhifəsi dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadəyə həsr edilib. Axtarış sistemi alimə həsr olunmuş “dudl” təqdim edib. Sistemin istifadəçiləri “dudl”u klik etməklə Lütfi Zadə barəsində məlumatlar olan saytlara, səhifələrə keçid edə bilərlər. Qeyd edək ki, bu gün internet mühitində minlərlə axtarış sistemi fəaliyyət göstərsə də, istifadəçilərin çox hissəsi “Google”a üstünlük verirlər. İnternet istifadəçilərindən hər 10 nəfərdən 6-sı “Google” serverinə müraciət edir.

“Google”un “dudl”ları dünyada baş verən maraqlı hadisələr, ənənəvi günlər, bayramlarla əlaqədar olaraq axtarış sisteminin əsas səhifəsində görünən rəsmlər, fotolar, oyunlar və sairləridir. Axtarış sistemi Amerikanın “Google Inc” şirkətinə məxsusdur. Sistem 8 milyarddan çox veb-səhifəni indeksasiya edir. Eyni zamanda, 2009-cu ildən başlayaraq 191 dildə yazılmış informasiyanı tapa bilir. “Google”, eyni zamanda, PDF, RTF, PostScript, Microsoft Word, Microsoft Excel, Microsoft PowerPoint və sair formatlarda olan sənədlərin axtarılmasını dəstəkləyir.

“Google” Stenford Universitetinin tələbələri Larri Peyc və Sergey Brin tərəfindən yaradılıb. 1996-cı ildə “BackRub” axtarış sistemi üzərində işləyən tələbələr, bu sistemdə istifadə etdikləri alqoritm əsasında 1998-ci ildə “Google” sistemini yaradıblar, baxmayaraq ki, “google.com” domen adı 1997-ci il sentyabrın 15-də qeydiyyatdan keçib.

Xatırladaq ki, Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakının Novxanı kəndində doğulub. O, bir çox xarici ölkə akademiyalarının üzvü olub. Lütfi Zadə çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif edilib. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimlərdən sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilib. Lütfi Zadə Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs idi. O, NASA və NATO-nun aparıcı mütəxəssisi olub. Həmçinin yaşadığı Berkli şəhərində öz adına olan “İnstitute Zadeh-ZIFT” İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik edib. Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz yaranıb.
Lütfi Zadənin zəngin elmi fəaliyyəti Azərbaycan dövləti tərəfindən də hər zaman yüksək qiymətləndirilib, 2011-ci ilin fevralında Prezident İlham Əliyevin Sərəncamı ilə dünya şöhrətli alim texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

Lütfi Zadə 2017-ci il sentyabrın 6-da ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib. Alimin nəşi öz vəsiyyətinə uyğun olaraq, Azərbaycana gətirilib və Birinci Fəxri xiyabanda dəfn edilib.

Məlum addımını müsbət dəyərləndirən internet-media eksperti Səbuhi Abbasov “Sherg.az”a “Google” axtarış sisteminin son bir neçə ildə dünya üçün mühüm əhəmiyyət kəsb edən hadisələri dudl sisteminə qoşmağa başladığı bildirib:

“Bu bir növ müxtəlif sahələr üzrə insanları stimullaşdırır. “Google” axtarış sistemi bununla dünyada müxtəlif istiqamətlərdə tanınmış şəxsləri üzə çıxarır və ya müxtəlif ölkələr üçün əlamətdar olan günləri dünya miqyasına çatdırır. Yadınızdadırsa,18 oktyabr Azərbaycanın müstəqillik günü ilə bağlı da bu axtarış sistemində “dudl” hazırlanmışdı. Bu təbii ki, ölkəmizin dünya miqyasında tanınmasında önəmli addım idi”. 

S.Abbasov Lütfi Zadə haqqında danışarkən onun qeyri-səlis məntiq nəzəriyyəsinin banisi kimi tanınmış bir alim, eyni zamanda, heç vaxt milli kimliyini danmayan insan olduğunu söyləyib:

“O, Azərbaycanlı olduğunu hər zaman böyük qürur hissi ilə deyib. Dünyasını dəyişməzdən öncə belə övladlarına Azərbaycanda dəfn olunmaq istədiyini bildirib. Belə bir şəxs üçün “Google” axtarış sisteminin “dudl” hazırlaması təbii ki, qürurvericidir. Bu addım alimi tanımayanlar üçün də böyük şansdır”.

İnternet-media eksperti Lütfi Zadə adını eşidib,onun elmi fəaliyyətindən xəbərsiz olan şəxslərin, artıq bu axtarış sistemidəki “dudl” vasitəsilə onunla maraqlanacağını və dünya elminə verdiyi tövfəni biləcəklərini diqqətə çatdırıb:

“Hesab edirəm ki, burda sevindirici hal təkcə ölkəmizin tanınması deyil, bununla yanaşı, dünya elminə tövfə verən şəxsin imzasının tanınmasıdır”. 

Sonda S.Abbasov bu prosesin dünyanın Azərbaycan elmi ilə maraqlanmasına texniki imkanlar yaradacağını xüsusi vurğulayıb.