"Narkomaniya qəsdən yayılır, ölkəmizə ötürülür"

"Mən indiyə kimi məscidlərdə narkomaniya əleyhinə çıxışlar eşitməmişəm"

Tural İrfan: "Əsl din xadimlərinə, ilahiyyatçılara şərait yaratmaq lazımdır ki, maarifləndirmə işində dövlət qurumlarına yardım etsinlər, gənclər arasında maarifləndirmə aparsınlar"


XXI əsrin ən böyük bəlalarından biri narkotik maddələr və psixotrop vasitələrin qanunsuz dövriyyəsi və narkomaniyadır. Təəssüflər ki, Azərbaycan da bu bəladan yan keçməyib. Ölkəmizdə narkotik maddələr və psixotrop vasitələrin yayılması ictimaiyyət nümayəndələri ilə yanaşı, dövlət qurumlarını da ciddi narahat etməkdədir. Narkotik maddələr və psixotrop vasitələrlə mübarizə ilə əlaqədar əsas görüləcək işlər onların satışını təşkil edən şəxslərin məsuliyyətə cəlb olunması və həmin maddələrin mənfi təsirlərini özündə əks etdirən təbliğat işinin aparılmasıdır. Statistik məlumatlara görə, gənclər arasında narkotik istifadəçilərin sayı çoxalmaqdadır. 

Xüsusən, orta məktəb şagirdləri və ali məktəb tələbələri arasında narkomaniya çox geniş şəkildə yayılıb. Vəziyyət o həddə çatıb ki, gənclər narkotik maddələrdən açıq şəkildə istifadə edirlər. Azyaşlılar içərisində də bu bəlaya duçar olanlar az deyil. Problemlə bağlı mediada tənqidi yazılar dərc olunur, sosial şəbəkələrdə müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilir. Lakin təkcə tənqidlə, yaxud iradla iş bitmir. Mövcud təhlükəni aradan qaldırmaq üçün cəmiyyətin və müvafiq qurumların birgə səyləri tələb olunur. Xatırladaq ki, ötən gün Milli Məclisdə “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmə keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, ailə sağlam olmasa, cəmiyyət də sağlam olmaz. O bildirib ki, din sahəsində bu istiqamətdə müqəddəs kitablarda da qeydlər var: “Bu istiqamətdə ən düzgün mübarizəyə inam və inandırmaqla nail ola bilərik. Bütün dinlərə aid olan kitablarda uyuşduruculara qarşı çıxışlar olub. Narkomaniya ilə mübarizə ümümbəşəri xarakter daşıyır”. 

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov də vurğulayıb ki, ölkənin inzibati rayonlarında yaşayan gənclərin işlə təmin olunması, həmin rayonlarda idman və digər sahələrin inkişaf etdirilməsi nəticəsində həmin gənclərin boş vaxtının qalmasının qarşısı alına bilər: “Narkomaniyaya qarşı mübarizədə dövlət orqanları ilə bərabər cəmiyyət də aktiv iştirak etməlidir. Müxtəlif dini tədbirlərdə də antinarkotik mövzusunda çıxışlara geniş yer verilsə, yaxşı olar. Eyni zamanda, narkotik istifadəçisi olmuş və sonradan normal həyata qayıtmış şəxslərlə media sahəsində müsahibələr təşkil olunması da bu mübarizənin bir növü olardı. Təhsil müəssisələrində narkotiklə bağlı tibbi müəssisələrin təşkil edilməsini təklif edirik. 

İlahiyyatçı-alim, siyasi şərhçi Tural İrfan da “Şərq”ə açıqlamasında narkomaniyanın böyük bəla olduğunu və dünyada bununla bağlı mütəmadi tədbirlərin görüldüyünü deyib. Ekspert təəssüflə qeyd edib ki, son vaxtlar ölkəmizdə də narkomaniya ciddi ölçüdə artmaqdadır:

 “İslam dininə görə narkotik maddələrin istifadəsi, satışı, alveri haram və böyük günahdır. Cənub bölgəsində narkomaniyanın artması qonşumuz İranla bağlıdır. 

O ölkədə məqsədyönlü şəkildə dövlət siyasətinə çevrilmiş narkomaniya qəsdən yayılır və ölkəmizə ötürülür. 44 günlük Qarabağ savaşından sonra ölkəmizdə cənubdan gətirilən külli miqdarda narkotikin artması da İranın Qarabağ məsələsində sərgilədiyi mövqe və addımları ilə paralellik təşkil edirdi. 

Din adı altında radikallıq, məzhəb ayrı-seçkiliyi nə qədər qorxuludursa, narkotik maddələrin yayılması və təbliği daha çox təhlükəlidir. Təbii ki, bu istiqamətdə tədbirlər və maarifləndirmə aparmaq mütləqdir. 

Ancaq nəzərə alaq ki, məscidlərimizin çoxu İranpərəst mollalara bağlıdır. Mən ilahiyyatçı kimi indiyə kimi məscidlərdə narkomaniya əleyhinə çıxışlar edildiyini, təbliğat aparıldığını görməmişəm. Lakin Qarabağ savaşından sonra çox şey aydın oldu. Din məsələsinin İran orbitindən çıxması zəminində narkomaniyaya qarşı mübarizəyə dindarların da qoşulmasına müsbət yanaşıram. Nə qədər minbərdən fars nağılı danışmaq olar?! Artıq xalqımız da onların nağıllarından diksinib”. 

T.İrfan vurğulayıb ki, əhali əsl din xadimlərinə, milli ruhlu ilahiyyatçılara inanır və rəğbət bəsləyir: 

“Ona görə də məhz həmin ilahiyyatçılara şərait yaratmaq lazımdır ki, maarifləndirmə işində dövlət qurumlarına yardım etsinlər, gənclər arasında maarifləndirmə aparsınlar. Məscidlərimizə milli ruhlu, savadlı imamlar rəhbərlik etməlidir. Əfsuslar olsun ki, narkomaniya ilə dini xurafat paralel təbliğ edilir. 

Narkotik vasitələri, avara həyatını, cinayətkar aləmi təbliğ edən minlərlə bayağı mahnılar, mənasız meyxanalar cəmiyyəti bürüyüb. Taksiyə minəndə, kafedə oturanda peşman olursan, hər yerdə meyxanalar baş alıb gedir. 

Bunların cəmiyyət, xüsusən gənc nəsil, azyaşlılar üzərində böyük təsiri var. Gəncləri məqsədyönlü şəkildə təhlükəli istiqamətə meyilləndirirlər. 

Təbliğat və maarifləndirmə birtərəfli yox, hərtərəfli olmalıdır”.