Köhnə avtomobillərin çıxdaş edilməsi çətin olacaq

Ancaq dövlət müəyyən güzəştlər tətbiq etməklə məsələni həll edə bilər
Ölkədə köhnə avtomobillərin istifadəsini məhdudlaşdıracaq təkliflər hazırlanır. Bu ilin iyun ayının 1-dək istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin idxalının və istifadəsinin məhdudlaşdırılması, ekoloji təmiz və təhlükəsizlik xüsusiyyətləri yüksək olan nəqliyyat vasitələrinin idxalının, ölkə ərazisində alqı-satqısının, habelə başqa formada dövriyyəsinin stimullaşdırılması məqsədilə aksiz dərəcələrinin mərhələli şəkildə adekvat olaraq dəyişdirilməsinə dair təkliflər hazırlanacaq.

Qeyd olunan məsələ “Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və reallaşdırılması üzrə 2022-ci il üçün Yol Xəritəsi”ndə əks olunub.
Müvafiq təkliflərin hazırlanması Dövlət Gömrük Komitəsinə (DGK), İqtisadiyyat (o cümlədən Dövlət Vergi Xidmətinə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə) və Maliyyə nazirliklərinə həvalə olunub.
Həmçinin cari ilin birinci rübünün sonunadək Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə onların, o cümlədən sürətli enerji doldurucu qurğu və avadanlıqların gömrük idxal rüsumlarına əlavə güzəştlərin tətbiqi imkanları qiymətləndiriləcək. Qiymətləndirməni üç dövlət qurumu (DGK, Maliyyə və İqtisadiyyat nazirlikləri) aparacaq.

Qeyd edək ki, DGK-nın sədri Səfər Mehdiyev ötən ilin sonunda ekoloji tələbləri nəzərə alaraq istehsalı 7 ildən çox olan avtomobillərin ölkəyə gətirilməsi zamanı onlara daha yüksək rüsumların tətbiq edilməsinin təklif olunduğunu qeyd edib.
Köhnə avtomobillərin istismar fəaliyyətini dayandırması barədə "Şərq"ə danışan nəqliyyat eksperti, Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti Fərhad Eyyubov bildirib ki, 2019-2023-cü illər üçün yol hərəkəti təhlükəsizliyi haqqında dövlət proqramı var:

 "Həmin proqramın bütün hissələrində təhlükəsizliyin qarşısının alınması üçün müəyyən maddələr var. Onlardan da biri köhnəlmiş avtomobillərin istismardan çıxarılmasıdır. Bu məsələ neçə illərdir davam edir. Prosesin həlli üçün icra mexanizmi lazımdır. O da yoxdur. Bəzən köhnə maşınını antikvar əşya kimi saxlayan şəxslər də olur. Amma əksər avtomobilin resurslarının istifadəsi başa çatıb. Köhnə avtomobillərin nəqliyyat şəbəkəsində işləməsi birmənalı olaraq təhlükə yaradır".

Ekspert diqqətə çatdırıb ki, hazırda ölkəmizdə nəqliyyat vasitələrinin alınması müəyyən standartlara uyğun olaraq nəzərdə tutulub:

"Avro 4 və 5" standartlar yalnız nəqliyyat vasitəsinə çıxan zərərli qazlarla ölçülmür. Onların konstruktiv elementləri var. Həmin o elementlərin özü də normaya müvafiq olmalıdır. Ölkəyə gələn maşınlar bu nöqteyi-nəzərdən nizamlanır. İstismarda olan, amma köhnə standartlara cavab verən maşınların çıxdaş olması lazımdır. Bu işləri sürətləndirmək üçün dövlət müəyyən güzəştlər tətbiq edə bilər. Məsələn, güzəştli vərəqələr təqdim edə bilərlər. Bununla da şəxslər başqa nəqliyyat vasitəsini alanda vərəqələr vasitəsilə güzəşt əldə edərlər. Səslənən təkliflərin icra mexanizmi çox çətindir. Burada əsas iki şərt gözlənilməlidir. Birincisi, sosial məsələlərə görə xalqda narazılıq yaranmamalıdır. İkincisi isə təhlükəsizliyi mütləq təmin etmək lazımdır. Məsələn, elə insan var ki, 1000-1500 AZN-ə maşın alır, on illərlə işlətmək istəyir. Lakin bu, təhlükəsizliyə xidmət etmir. Bəzi ölkələrdə nəqliyyat vasitələrinin 5 ildən artıq istismarına icazə verilmir. Deməli, elə yüksək səviyyəli ölkələr var. Təkliflərin reallaşması üçün icra mexanizmi hazır olmalıdır".