Heç bir sektorda minimum əməkhaqqı məbləğindən aşağı maaş ödənilə bilməz
Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əməkhaqqı yenidən artırılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təklifləri gələn ayın 1-dək təqdim edəcəyi gözlənilir. İnsanları maraqlandıran məqamlardan biri özəl sektorda maaş artımlarının olub-olmaması ilə bağlıdır. Millət vəkili Vüqar Bayramov deyib ki, minimum əməkhaqqındakı artım mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda minimum maaş alan işçilərin hamısını əhatə edir. Deməli, gözlənilən artımlar həmçinin özəl sektora da şamil olunur. Deputatın sözlərinə görə, heç bir sektorda minimum əməkhaqqı məbləğindən aşağı maaş ödənilə bilməz:
"Sadəcə, artımlar özəl sektorda hazırda minimum maaşalanlara şamil olunacaq. Məsələn, əgər vətəndaş özəl sektorda çalışıb 345 manat maaş alırsa, minimum əməkhaqqındakı artım ona şamil olunacaq. Minimum əmək haqqında nə qədər artım olacaqsa onun maaşı ən azı o qədər artmalıdır. Bununla yanaşı, əgər özəl sektorda çalışan şəxsin maaşı minimum əməkhaqqının yeni artımından sonra yaranan məbləğdən də çoxdursa, bu halda artıq orada dəyişiklik sahibkarın qərarından asılıdır. Məsələn, əgər özəl sektorda çalışan vətəndaş 800 manat maaş alırsa, minimum əməkhaqqındakı artımdan sonra onun gəlirinin artırılması birbaşa sahibkardan asılı olacaq".
Parlament üzvü vurğulayıb ki, minimum əməkhaqqı dəyişikliyi özəl sektorda yalnız minimum səviyyədə maaş alanlar üçün icbaridir: "Daha yüksək maaş alanların əməkhaqları həmin sahibkarlıq subyektinin öz qərarından asılıdır. Bununla belə, minimum əməkhaqqındakı gözlənilən artım, inflyasiya səviyyəsini də nəzərə alaraq özəl sektorda da daha yüksək maaş artımlarına gedilməsi tövsiyə olunandır".