Sosioloq çıxış yolu göstərdi: Ailə modelinin dağılmasının qarşısı alınmalıdır


"Hər məhəllədə 4 nəfərdən ibarət sosial işçi qruplar olmalıdır"

Sabunçu rayonunda 2 yaşlı M.Şıxalıyevin oğurlanması ilə bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə Cinayət İşi başlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hadisə ilə bağlı Gültəkin Muradova ilə birlikdə qeyri-rəsmi nikahda olan Ağdam rayon sakini Şamil Əliyev, uşağın atası Elgün Nəsirov da istintaqa cəlb ediliblər. İstintaq hərəkətləri davam etdirilir.

 2 yaşlı uşaq və ailənin digər övladları müvafiq dövlət qurumlarının qərarı ilə sənədləşmə aparılaraq sığınacağa yerləşdirilib. 
Son zamanlar bu kimi hadisələrə tez-tez rast gəlirik. Bu olayların əsas səbəblərindən biri də məsuliyyətsiz valideynlər, sağlam təməllər üzərində qurulmayan ailələrdir.

Məsələ ilə bağlı “Şərq”ə açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, Azərbaycanda ailələrlə, ailə institutları ilə yetəri qədər və lazımi səviyyədə məşğul olunmur:

“Biz ailə institutunu başlı-başına ötürmüşük. Ciddi məşğul olmaq üçün yanaşma dəyişməlidir. İndiki yanaşma düzgün deyil. İndi müasir ailələrə 40-50 il bundan əvvəlki metodları ilə yanaşılır. Cəmiyyət günü-gündən mürəkkəbləşir, həssaslaşır. İndiki vaxtda ailələrin möhkəm olması üçün ailə institutuna tamamilə başqa yanaşma lazımdır. O yanaşma nədir?
Biz fikirləşməliyik ki, ailənin əsas funksiyaları nədir? Çalışmalıyıq ki, bu dəyişən, mürəkkəbləşən cəmiyyətdə hansı işləri görək ki, ailə öz funksiyasını yerinə yetirə bilsin. Ancaq biz o barədə düşünmürük,  bacarmırıq. Elə ancaq deyirik ki, iş aparırırq. Nə iş aparırıq? İşin nəticəsi yoxdursa o işi aparmağın nə xeyri var?

Ona görə təcili olaraq ailələrlə iş aparmaq üçün xüsusi, elmi təminatlı fəaliyyət proqramı hazırlamaq lazımdır. Onda məlum olacaq ki, qanunverici orqan, jurnalistlər, elmi idarələr hansı işi görməlidir. 

Eyni zamanda ailələrdəki bu vəziyyətin qarşısını almaq üçün necə ki ölkədə, məhəllələrdə polis xidməti, polis müvəkilləri var, hər məhəllə üzrə 3-4 nəfərdən ibarət sosial işçi qrupları da olmalıdır. Həmin sosial işçilər öz ərazisində olan ailələrdə baş verən prosesləri yaxından izləməlidir və məlumatlı olmalıdır. Orada qızlar da olacaq, oğlanlar da. Qadınlarla qadınlar söhbət edəcək, kişilərlə də oğlanlar. Ailənin bir problemi olanda sosial iş xidməti onlara kömək edəcək. 

Lazım gələndə sosial müdafiə ilə bağlı, qadın hüquqları ilə bağlı orqanlara və ya polisə deyəcək. İndiki cəmiyyət bunu tələb edir. Mən, neçə ilin sosioloqu, Azərbaycanda ömrünü bu işə həsr etmiş biri kimi, deyirəm ki, bu işin həll yolu budur. Ancaq eşidən yoxdur”. 

Sənan İsmayıl