Sahibə Qafarova deputatlardan konkret faktlar istədi

"Yoxsa kiminsə "batinkası" cırılıb və ya ayrı məsələləri burada demək düzgün deyil"


   Dünən Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib. İclasın gündəliyində 11 məsələ olub. Deputatlar öncə cari məsələlərlə bağlı çıxış ediblər, təklif və iradlarını səsləndiriblər. Millət vəkili Fazil Mustafa Şuşa Bəyannaməsinin imzalandığı 15 iyun tarixinin Türkiyə və Azərbaycanın ortaq bayramı kimi qeyd olunmasını təklif edib. Deputat bildirib ki, 15 iyun hər iki ölkədə Müttəfiqlik Günü kimi qeyd olunmalıdır. F.Mustafa Müdafiə Nazirliyində aparılan korrupsiya əməliyyatlarından da bəhs edib: “Nəzarətsiz müdafiə və təhlükəsizlik orqanlarının olması ölkənin gələcəyi üçün böyük təhlükələr yarada bilər. Müdafiə Nazirliyində aparılan son yoxlama da bunu göstərdi. 44 günlük müharibədə qazandığımız qələbəni Müdafiə Nazirliyində xımır-xımır yeyiblər. Bu, hələ alt qurumda həyata keçirilən yoxlama idi. Yuxarı qurumlarda bunun həcmi yəqin yüz milyonlarladır! Digər tərəfdən, “Tərtər işi” ilə bağlı bu gün baş verənləri götürək. 

Tərtər hadisələrində yüzlərlə insan faciə yaşayandan sonra bu gün işə yenidən baxılması nəyi dəyişəcək?! Bu, həmin insanların həyatını yenidən bərpa edə biləcəkmi? Yox! Ona görə də biz indidən bu məsələlər barədə düşünməliyik. Müdafiə və təhlükəsizlik qurumlarında parlament nəzarəti barədə düşünməliyik. Müdafiə Nazirliyində yeyilən pullarla Mədəniyyət Nazirliyində yeyilən pulları eyniləşdirmək olmaz. Bu, hansısa şəhidin, qazinin qanı bahasına yeyilən puldur. Biz onların qarşısında sabah cavab verə bilmək üçün məsuliyyət daşıyanları məhkəmə prosesinə cəlb etməliyik”.

“Sülhməramlıların təxribatlara seyrçi qalması ciddi narazılıq doğurur”

   Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, son günlər sülhməramlıların nəzarətindəki ərazilərdə separatçıların təxribatlarının davamlı xarakter aldığı müşahidə olunur: “Tərtərin ərazisinin atəşə tutulması, Xocalıda aktiv tikintinin aparılması “Bakcell”-in əməkdaşının güllələnməsi, təxribatçı bəyanatlar, “Arsax” haqqında “qanun” hazırlanması bu fikri bir daha təsdiq edir. Sülhməramlıların prosesə seyrçi qalması, bir sıra halda dəstəkləməsi haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narazılıq doğurur. Sülhməramlıların əsas missiyası bölgə xalqları arasında sülhü, qarşılıqlı etimadı, birgə yaşayışı təmin etməkdir. Təəssüf ki, sülhməramlılar bu məsələlərlə bağlı heç bir ciddi addımlar atmırlar. Əksinə, başları burada humanitar aksiyalara qarışıb. Ermənilər də bundan istifadə edərək, öz xəbis və məkrli niyyətlərini həyata keçirir, yeni təxribatlar törətməyə davam edirlər”. Deputat vurğulayıb ki, bu təxribatlara mütləq son qoyulmalıdır: “Əgər belə təxribatlar davam etsə, bunun cavabı çox sərt və ağır olacaq. Azərbaycan bölgəyə davamlı sülhün gəlməsinə çalışır, bütün addımlar buna hesablanıb. Ermənistan konkret mövqe bildirməlidir. Sülh istəyirsə, Azərbaycan sülhə hazırdır. Yox, məqsəd müharibədirsə və Azərbaycanın səbrini sınağa çəkməkdirsə, bunun aqibəti ermənilər üçün yaxşı olmayacaq. Bu millətin həm də, deyəsən, unutqanlıq xəstəliyi var. Başlarına gələnləri çox tez unudurlar. Ermənilər Vətən müharibəsində başlarına gələnlərdən çox ciddi nəticələr çıxarmalıdırlar. Çıxarmasalar, “dəmir yumruq” yenidən işə düşəcək və bu dəfə zərbə daha ağır olacaq. Azərbaycan 44 günlük müharibədə bunu bütün dünyaya göstərdi”.

“Qarabağ yarasını tam həll edə bilməmişik”

   Millət vəkili Razi Nurullayev Azərbaycanda “rəngli inqilab” senarilərindən danışıb. Deputat vurğulayıb ki, bu, dünyada işlənmiş metodologiyadır. Rəhbər gözdən salınanda, xalq küçələrə axışır: “İstək isə budur. Xalq küçələrə axışsın, yıxıb-töksün və “rəngli inqilab” baş versin. Mən Milli Cəbhə Partiyasının sədriyəm, bu hökumətə, bu iqtidara az qala radikal müxalifətdəyəm. Amma Azərbaycan adlı dövlətimizə, azərbaycanlılara müxalifətçilik edə bilmərəm. Hazırda Prezidentə qarşı aparılan iyrənc kampaniyanı ölkəmiz və gələcəyimiz üçün ziyanlı hesab edirəm. Biz hələ Qarabağ yarasını tam həll edə bilməmişik, Xankəndidə erməni birləşmələri var, Ermənistanla sərhədlərimiz müəyyən edilməyib, Zəngəzur dəhlizi ilə bağlı işlər yekunlaşmayıb, Naxçıvana quru sərhədi əldə edə bilməmişik”. Deputat qeyd edib ki, bu gün bizi rahatladan Şuşa Bəyannaməsinin imzalanmasına indiki Prezident nail olub: “İndiki Prezident də başlanan işləri daha rahat sona çatdırmaq imkanındadır, Qarabağa Böyük Qayıdış həyata keçirilmədən Zəfərimiz tam deyil. İndiki halda bunu həyata keçirə bilən və dünya güclərinin qarşısında dözümlə dayana bilən odur. Haqqı niyə deməyək ki?! Siyasi mübarizəmizi Konstitusiya çərçivəsində aparaq, məqsədlərimizə seçki yolu ilə nail olaq. Ölkəni 90-cı illərə sürükləməyək, qanlı inqilablarla ölkədə dəyişikliyə çalışmayaq. Bu, ölkəni məhv etmək, əzmək və nail olduqlarımızın üzərindən birdəfəlik xətt çəkməkdir”.

“Mümkündürsə, dəmiryolu ilə sərnişindaşımaya yenidən baxaq”

   Millət vəkili Naqif Həmzəyev bildirib ki, rayonlara sərnişindaşımada hələ də avtobuslarla bağlı problemlər var: “Rayonlara sərnişindaşımada hələ də köhnə avtobuslardan istifadə edilir. Bu avtobuslar yenilənməlidir. Ən böyük problem isə sürücülərə tibbi xidmətin göstərilməsi ilə bağlıdır. Bu, hələ də köhnə qayda ilə aparılır. Sürücülərə tibbi xidmətlərin göstərilməsi müasir standartlara uyğun olaraq həyata keçirilməlidir. Sürücülərin narkotik istifadə edib-etmədiyini müayinə etmirlər. Sadəcə, tibbi kağız verirlər. Mümkündürsə, dəmiryolu ilə sərnişindaşımaya yenidən baxaq. Bu məsələnin həllini tapması yaxşı olar”.
Deputat sınaq imtahanlarının qiymətinin aşağı salınmasını da təklif edib: “Bu, valideynlər və şagirdlərin təklifidir. Sınaq imtahanlarının qiyməti bahadır”.

“Silahlı Qüvvələr üzərində parlament nəzarəti təmin olunmalıdır”

   Deputat Qüdrət Həsənquliyev bildirib ki, Silahlı Qüvvələrin maddi-texniki təminatının daha yüksək səviyyədə təchiz edilməsi istənilir: “Silahlı Qüvvələrə parlament nəzarəti olmalıdır. Silahlı Qüvvələr üzərində parlament nəzarəti təmin olunmalıdır. Bizdə hərbi qulluqçuların hüquqları barədə normalar yoxdur. Bu necə ola bilər? Konstitusion müddəaları heç olmasa bu qanuna daxil etməliyik. Çox təəssüf ki, bu gün Respublika Prokurorluğunda aparılan iş də onu göstərir ki, hərbçilərə Konstitusiyaya zidd tapşırıqlar, əmr və göstərişlər verilib, ayrı-ayrı şəxslər orta əsrlərə aid işgəncələrə məruz qalıb. Qanunun həcmi genişləndirilməli, qanunda hərbi qulluqçuların hüquqları da əksini tapmalıdır”. 
Parlamentin komitə sədri Ziyafət Əsgərov isə bildirib ki, hərbi qulluqçuların statusu qanunda əksini tapıb: “Burada hansısa fakt varsa, deyin. Biz deputatıq. Hansısa internet televiziyalarından eşitdiyinizi gəlib burada demək düz deyil. Bu ordudur. Burada bizim ordu ilə bağlı dediklərimizi düşmən də eşidir. Səsləndirdiyimiz fikirlərin arqumenti olmalıdır, faktı olmalıdır”. Sədr Sahibə Qafarova isə qeyd edib ki, fakt varsa, rəsmi təqdim olunsun: “Kiminsə “batinkası” cırılıb və ya ayrı məsələləri ümumiləşdirib burada demək düzgün deyil”.

Azərbaycanda fevralın 1-dək yazılan cərimələrin silinməsi təklif olunur 

Fevralın 1-dək tətbiq edilən bütün cərimələrin silinməsi təklif olunub. Bu təkliflə deputat Tahir Kərimli parlamentin dünən keçirilən plenar iclasında çıxış edib: “Hökumət əməkhaqqını, pensiyanı az artıranda biz sual edirik ki, niyə bu qədər artırdınız? Onlar isə deyirlər dövlətin gücü buna çatır. Amma cərimələr 300-400 faiz artırılır. Onda niyə əhalinin ödəyəcəyi pul nəzərə alınmır? İnsanların da bu cərimələri ödəməyə gücü çatmır axı. Xahiş edirəm ki, fevralın 1-nə kimi olan bütün cərimələr silinsin”.