Paşinyan hələlik regional əməkdaşlığa yaxın durmur

Çünki Ermənistandakı daxili radikal qüvvələr rəsmi İrəvana təzyiq göstərirlər

"Amma reallıq ondan ibarətdir ki, baş nazirin, eləcə də Ermənistan xalqının başqa çıxış yolu yoxdur"

   Prezident İlham Əliyev “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Azərbaycan, Ermənistan və Gürcüstan arasında üçtərəfli əməkdaşlıq formatından yenidən bəhs edib. Dövlət başçısı vurğulayıb ki, Ermənistanın üçtərəfli görüşün keçirilməsi haqqında Azərbaycan tərəfinin təkliflərini rədd etməsi, onların belə siyasəti heç bir məntiqə sığmır: “Bəlkə də onlara bir qədər vaxt lazımdır, onlar burada mümkün riskləri qiymətləndirməlidirlər, lakin mən hesab edirəm ki, bu, qaçılmazdır. Biz və bizim gürcü həmkarlarımız buna hazırdır. Məncə, bu, ilk addım ola bilər”. 

Ölkə başçısı vurğulayıb ki, Azərbaycan və Gürcüstan enerji-nəqliyyat marşrutları müstəvisində bir-birinə inteqrasiya olunub. Prezident hesab edir ki, Ermənistanı da regional inkişafa qoşulmağa dəvət etmək imkanları mövcuddur: “Onlar bundan faydalanacaqlar. Onlar bizim enerji resurslarımıza çıxış əldə etməklə faydalana və müəyyən dərəcədə beynəlxalq nəqliyyat dəhlizlərinin bir hissəsinə çevrilə bilərlər. Bunlar, öz-özlüyündə müəyyən gəlir gətirə bilər. Azərbaycanla münasibətlərin normallaşdırılması Ermənistan üçün hətta indi proqnozlaşdırılması mümkün olmayan imkanlar açacaq”. 

Xatırladaq ki, dövlət başçısı aprelin 27-də Gürcüstanın Xarici işlər naziri İliya Darçiaşvilini qəbul edərkən Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçlü formatda qarşılıqlı fəaliyyət üçün yaxşı imkanlar olduğunu demişdi. Ölkə başçısı Azərbaycan tərəfinin buna hazır olduğunu qeyd etmişdi: “Gürcüstan da bu mövqeyi bölüşür. Ermənistanın da bunun regionda sabitliyin və təhlükəsizliyin bərqərar olmasının yeganə yolu olduğunu anlayacağına ümid edirik”. 

Prezidentin diqqət çəkdiyi məqamı “Şərq”ə dəyərləndirən Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov bildirib ki, Ermənistan hələlik partnyorluq münasibəti qurmaqda çətinlik çəkir. Politoloqun sözlərinə görə, Ermənistandakı daxili radikal qüvvələr rəsmi İrəvana təzyiq göstərirlər:

 “Ermənistanda müxalif qruplaşmaların hökumətə qarşı etiraz aksiyaları təşkil olunur, Baş nazir Nikol Paşinyandan narazılıqlar dilə gətirilir. “Qarabağ klanı”nın nümayəndələri Paşinyanı satqın adlandırırlar. Belə şəraitdə Paşinyan hakimiyyəti Azərbaycanla əməkdaşlığa başlamağa tərəddüd edir. Amma reallıq ondan ibarətdir ki, baş nazirin, eləcə də Ermənistan xalqının başqa çıxış yolu yoxdur. 

Əgər Ermənistan dövləti özünü bataqlıqdan çıxartmaq istəyirsə, xalqın sosial problemlərini həll etmək fikrindədirsə, mütləq Azərbaycan və Türkiyə normal qonşuluq siyasətinə başlamalıdır. Regional kommunikasiyaların açılması, enerji və nəqliyyat dəhlizlərindən istifadə birbaşa ermənilərin maraqlarına xidmət edən amillərdir. Qonşu Gürcüstan bu reallığı başa düşdüyü üçün rəsmi Bakı ilə hərtərəfli əməkdaşlıq edir. Ola bilsin, Nikol Paşinyan mövcud prosesləri düzgün analiz edə bilir. Ancaq üzləşdiyi təzyiqlərdən dolayı əməkdaşlığa yaxın durmur. Hər halda rəsmi Bakı öz çağırışlarını davamlı şəkildə dilə gətirir.

  Dünyaya bəyan edirik ki, Azərbaycan sülhsevər dövlətdir və heç vaxt qonşularla normal münasibətlər qurmaqdan geri durmur.