Avropada rekord İSTİLƏR...

Avropanın çox hissəsində şiddətli isti dalğası səbəbilə ötən iyun ayında temperatur rekordları yenilənib. Ötən çərşənbə günü Norveçin şimalında yerləşən Banak şəhərində 32 dərəcə temperatur qeydə alınıb. “Sherg.az” NTV-yə istinadən xəbər verir ki, bu, Avropada Arktik Dairə daxilində qeydə alınan ən yüksək temperatur olub. Yüksək temperatur bütün Avropa ölkələrində qeydə alınıb.

Fransanın qərbində iyunun ortalarında termometrlər 42 dərəcəni göstərib. “Meteo France” hava xidməti, ölkədə ən erkən isti dövrün yaşandığını bildirib. Qurum qış və yazın qeyri-adi quraq keçməsinin meşə yanğınları riskini artırdığını bildirib.

Bazar ertəsi Polşada havanın temperaturu 35 dərəcəyə, Almaniyanın şərqində isə 37 dərəcəyə çatıb. İspaniyada hava istiliyinin 44 dərəcəyə çatması ilə son 20 ilin iyun ayının temperatur rekordu yenilənib. Cənubda Əndəlüs bölgəsinin iki əhəmiyyətli şəhəri Sevilla və Kordobada hava istiliyi 44 dərəcəyə yüksələrkən, Madrid, Toledo və Saraqosa kimi şəhərlərdə 40 dərəcəyə çatıb.

Digər tərəfdən, İtaliya isti dalğası səbəbiylə son illərin ən ciddi quraqlığı ilə üzləşib. Ölkədə 1800-cü illərdən bəri ən aşağı yağıntı qeydə alınıb. İtaliyanın ən uzun çayı olan Poda suyun səviyyəsi son 70 ilin ən aşağı səviyyəsinə düşüb. Bununla belə, Sloveniya və Xorvatiyada iyun ayı temperatur rekordları qırılıb, Bosniya və Herseqovinada isə keçən həftə termometrlər 41 dərəcəni göstərib. Digər tərəfdən yüksək temperatur Şimali Afrikaya da təsir edib. Tunisdə havanın temperaturu 48,7 dərəcəyə çataraq regionda yeni rekorda imza atıb.

Keçən ay həddindən artıq istilərlə yanaşı, Avropanın bir çox yerində fırtınalar da yaşanıb. Avstriyanın cənubunda fırtına daşqın və torpaq sürüşməsinə səbəb olub, bir nəfər ölüb, Karintiya bölgəsində evlər və yollar su altında qalıb.

Mütəxəssislər yaxın həftələrdə qitədə tufan, dolu, leysan yağışları və güclü külək kimi daha çox meteoroloji hadisələrin gözlənildiyini bildiriblər.