Kimya üzrə “Nobel” mükafatı laureatları məlum olub

Kimya üzrə “Nobel” mükafatı laureatları məlum olub.
APA “Nobelprize.org”a istinadən xəbər verir ki, David Beyker, Demis Hassabis və Con M. Camper sözügedən sahə üzrə 2024-cü ilin laureatları elan edilib.
Bildirilib ki, David Beyker bu mükafata hesablamalı zülal dizaynına görə, Demis Hassabis və Con M. Camper isə zülal strukturunun proqnozlaşdırılmasına görə layiq görülüblər.
Qeyd edək ki, David Beyker 1962-ci ildə Vaşinqton ştatının Sietl şəhərində anadan olub. Biokimya, genom elmləri, biomühəndislik, kimya mühəndisliyi, kompüter elmləri və fizika üzrə tədqiqatları var.


Demis Hassabis 1976-cı ildə Londonda doğulub. O, süni intellekt tədqiqatçısı, nevroloq və kompüter oyunları tərtibatçısıdır. Con M. Camper isə Arkanzas ştatının Litl-Rok şəhərində anadan olub. Amerikanın “DeepMind Technologies” şirkətinin baş elmi işçisidir.