"Heç bir cinayət cəzasız qalmamalıdır"

Səadət Bənənyarlı: "Azərbaycanda fəaliyyət göstərən ictimai birliklər, vətəndaş institutları erməni vəhşiliklərinin dünyaya çatdırılması yönündə daim çalışır"

  Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması Azərbaycanın ev sahibliyi etdiyi IX Qlobal Bakı Forumunda çıxışı zamanı cənab Prezident İlham Əliyev Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərimizdə törətdiyi vandalizm aktları barədə danışdı, erməni vəhşiliklərini beynəlxalq platformanın kürsüsündən dünyaya bir daha çatdırdı. Prezident qeyd etdi ki, beynəlxalq təşkilatlar  işğal faktına, erməni vəhşiliyinə 30 ildə son qoya bilmədilər, münaqişəni həll etmədilər. 

Azərbaycan isə ədaləti 44 gün ərzində bərpa etdi: “Bir daha qeyd etmək istəyirəm ki, biz ədaləti bərpa edirdik. Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Bu gün azad olunmuş ərazilərə səfər edənlər bu barbarlığın və vandalizmin şahidi ola bilərlər. Məscidlərimizin təhqiri, mədəni və dini abidələrimizin dağıdılması – bunlar faktlardır və bunu heç kəs görməzdən gələ bilməz. Ermənipərəst qüvvələr nə qədər də bunu görməzdən gəlməyə çalışsalar da, buna müvəffəq ola bilmirlər. Çünki artıq minlərlə, bəlkə on minlərlə insan, o cümlədən xarici qonaqlar, siyasətçilər, parlament sədrləri və üzvləri, jurnalistlər, ekspertlər və sıravi insanlar azad edilmiş ərazilərə səfər ediblər”. Ermənistanın, Qarabağa yerləşmiş separatçı qüvvələrin etnik təmizləmə siyasəti, təkcə insanlara qarşı deyil, tarixi, dini abidələrə qarşı da vandal münasibətini artıq bütün dünya görür və bilir.  Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Ermənistan Beynəlxalq Hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycan xalqına məxsus olan maddi və mədəni irsi dağıdıb. Bu abidələrin dağıdılaraq məhv edilməsinə görə Ermənistan məsuliyyət daşıyır. 

"Bunu biz demirik, Beynəlxalq hüquq, humanitar normalar deyir. Bu il fevralın 4-də Prezident İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə UNESCO-nun təkcə Azərbaycana yox, həm də Ermənistana missiyaların göndərilməsinə dair razılıq əldə edilib. Lakin Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv mövqeyə görə belə bir missiyanın səfəri bu günə qədər baş tutmayıb. 

Mən UNESCO-nun fəaliyyətsizliyi və mövqeyini qeyd etmək istəyirəm. Uzun illər boyu Azərbaycan torpaqlarının işğal altında olması nəticəsində orada olan tarixi mədəniyyət abidələrimizin qəsdən dağıdılması və bu haqda əldə etdiyimiz çoxsaylı fotofaktların UNESCO katibliyində müxtəlif forumlara təqdim etməyimizə baxmayaraq təşkilat faktiki olaraq bu əyani sübutlara göz bağlayıb. İşğalçı tərəfə təzyiq və ya bəyanat səsləndirməyib. Təəssüflər olsun ki, bu, təşkilatın siyasiləşdirməsinə dəlalət edir", -nazir deyib. A. Kərimov bildirib ki, Azərbaycan tərəfi dəfələrlə bu məsələni UNESCO müstəvisində qaldırıb: "Bununla yanaşı, Azərbaycan vətəndaş cəmiyyətləri, çoxsaylı QHT -ləri hazırkı Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılması ilə bağlı çoxsaylı materiallar UNESCO komitəsinə təqdim edilib. Ümid edirik ki, UNESCO bu çoxsaylı faktlara səssiz qalmayacaq, texniki missiyanın həyata keçirilməsinə başlayacaq. Burada Azərbaycan tərəfinin, cəmiyyətimizin, QHT-lərin üzərinə böyük məsuliyyət düşür".

  Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO-nun Azərbaycan tərəfinin bəyanatlarına səssiz qalmasının qəbuledilməz olduğunu deyən Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı qeyd etdi ki, Ermənistan 30 ilə yaxın müddətdə mədəniyyət abidələrini məhv etməklə bəşəri cinayət törədib. UNESCO kimi elm, təhsil, mədəniyyət üzrə ixtisaslaşmış bir təşkilatın bunları görməzdən gəlməsi, qurumun siyasiləşməsinin təzahürüdür: 

- UNESCO-nun əsas məqsədi – irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. 1972-ci ildə UNESCO tərəfindən "Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya" qəbul edilib. Amma biz bu təşkilatın Qarabağda erməni separatçıları tərəfindən dağıdılmış, məhv edilmiş dünya mədəniyyəti və təbii irsin mühafizəsi istiqamətində əməli fəaliyyətini görmürük. Bununla belə, Azərbaycanda fəaliyyət göstərən ictimai birliklər, vətəndaş institutları erməni vəhşiliklərinin dünyaya çatdırılması yönündə daim çalışır, dövlətimizə bu işdə dəstək olur. 

Qarabağ işğaldan azad edildikdən sonra ora səfər edən diplomatik korpusların nümayəndələri, xarici qonaqlar, müxtəlif təşkilatların rəhbərləri ermənilərin törətdiyi vəhşilikləri əyani görürlər. Bizim üzərimizə düşən vəzifə işğal müddətində baş vermiş hadisələr barədə beynəlxalq təşkilatları davamlı məlumatlandırmaq, mədəni irsimizin bərpası və ən əsası da cinayətkarın cəzalanması üçün yeni beynəlxalq platformalarda əməkdaşlıq etməkdir. Belə beynəlxalq platformalardan biri, əlbəttə ki, IX Qlobal Bakı Forumu oldu. 

Forumda cənab Prezident İlham Əliyev bildirdi ki, Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycan bunu görmək arzusundadır və ümid edirik ki, bizim hörmətli qonaqlarımız, Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentlərinin nümayəndələri bu işə töhfə verəcək. Prezident Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları ilə məsləhətləşmələrini davam etdirəcəyini də dedi. 

Hesab edirəm ki, bu məsləhətləşmələr və əməkdaşlıq Azərbaycan xalqının milli sərvətləri, tarixi və mədəniyyətinə qarşı vandalizm aktları həyata keçirmiş Ermənistan dövlətinin və onun Qarabağdakı separatçı qüvvələrinin yaxın zamanda cəzalanması ilə nəticələnər. Heç bir cinayət cəzasız qalmamalıdır. O cümlədən insanlıq əleyhinə törədilən bəşəri cinayətlər.