Kasıblar çirkli sularda üzür

Şıx çimərliyində rekord sayda insanlar istirahət edir

İstiləri nəzərə alıb insanların pulsuz çimərliklərə çıxışı asanlaşdırılmalıdır


  Bayram günlərində hava isti olduğundan çimərliklərə gedən yollarda avtomobillərin, çimərliklərdə isə insan sıxlığı müşahidə olunurdu. Əhali ağına-bozuna baxmadan - yəni çimərliyin yaxşısına-pisinə, təmizinə-kirlisinə fərq qoymadan dənizə baş vurur.
  Halbuki, illərdir ölkə çimərliklərindəki antisanitar vəziyyət, suyun və qumun təmizliyi, çimərliklərdə yaradılmış şərait müzakirə mövzusudur.
  Vətəndaşların ən çox üz tutduğu Şıx çimərliyi su kanalizasiya və sənaye tullantıları ilə çirklənmiş vəziyyətdədir. Bu səbəbdən suda bağırsaq çöpləri normadan çoxdur. Buna baxmayaraq, çimərlik insanları özünə cəlb edir, xəbərdarlığa baxmayaraq, bu məkana üz tutanların sayı kifayət qədərdir.
  Tibb mütəxəssisləri də çirkliliyin normadan artıq olduğu, bağırsaq çöplərinin aşkarlandığı su hövzələrində çimməyin bir sıra xəstəliklərə səbəb ola biləcəyini deyir. Həkimlər bildirir ki, qadağan olunmuş sularda çimmək təhlükəlidir. Əhali çimərliklərlə bağlı xəbərdarlıqlara əməl etməli, dəniz suyunda çirklənmənin normadan artıq olduğu, bağırsaq çöplərinin aşkarlandığı çimərliklərə getməməlidir. Dəniz suyunda bağırsaq çöpləri aşkarlanıbsa, digər infeksiyaların da olacağı ehtimalı böyükdür. Bu da insanlarda müxtəlif infeksion xəstəliklərin yaranmasına səbəb ola bilər. Xüsusilə də körpələrin, azyaşlıların bu cür natəmiz, sanitar-gigiyenik normaların pozulduğu çimərliklərə aparılması təhlükəlidir.
  Sərinləmək üçün dənizə üz tutanlar isə hesab edirlər ki, təmiz çimərlikərdə bahalıq olduğundan onlar ictimai çiməriklərə üz tutmaq məcburiyyətində qalırlar. Hamının maddi imkanı çatmır, "Amburan”a, ya da Nabrana getməyə. Şəhər kənarına çıxmaq imkanı olmayanlar "Şıx”ın ("Şıxov”un) kirli suyunda sərinlənir.

  Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının “Şərq”ə açıqlamasına görə, Xəzər dənizinin hasarlanması, dənizin sahilində müəyyən obyektlərin tikilməsi, dənizin insanların üzünə bağlanması, pulsuz çimərliklərin natəmiz olması  illərdir narazılığa səbəb olur:

 “Amma son illər az da olsa bu sahədə bir irəliləyiş hiss olunur.  Mən özüm Corat-Novxanı ərazisindəki çimərliyə gedirəm. Orada bir neçə ictimai çimərlik var. Həm pulsuzdur, həm də təmiz və normal şəraitdədir.  Amma şəhərdən uzaq olduğu üçün ora da hər adam gedə bilmir. Deməli, problemin həlli istiqamətində müəyyən işlər görülsə də, hələ görüləcək çox iş var. Ölkədə pulsuz çimərliklərə böyük tələbat var. Elə etmək lazımdır ki, şəhərin müxtəlif istiqamətlərində yaşayan bütün insanlar  pulsuz çimərliklərdən faydalana bilsinlər. Buna görə də ictimai çimərliklərin sayı artırılmalıdır. Çünki bəzi çimərliklərin adı pulsuz olsa da, orada sanitar vəziyyət pis gündədir”.

  Ekspertin sözlərinə görə, ölkədə çimərlik problemini qabardan əsas məsələ çimərliklərin qarşısında tikilən restoranlar və restoran sahiblərinin hamı üçün açıq olan çimərlikləri özəlləşdirməsidir:

 “Kiminsə pulu varsa, bu o demək deyil ki, dəniz kənarını hasarlaya, gəlir əldə etmək üçün insanların dincəlməsinə məhdudiyyət yarada bilər. Bunlar nəzərə alınmalıdır və bu sahədə daha ciddi addımlar atılmalıdır ki, insanlar rahatlıqla təbiət qoynunda istirahət edə bilsinlər. Bu təkcə dənizkənarı məkanlara deyil, meşə və digər istirahət yerlərinə də aid edilməlidir. Düşünürəm ki, xarici, xüsusilə də inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etməliyik ki, insanlar rahat şəkildə dincələ bilsinlər.

  Buzovnada bu sahədə bir hərəkətlilik olmuşdu. Camaatın tələbi ilə çimərlik ərazisində tikilən restoran, hasar söküldü. Amma bütün çimərliklərlə bağlı eyni addımı atmaq da mümkün deyil. 

Bu məsələ dövlət səviyyəsində öz həllini tapmalıdır. Qanunsuz çəpərlər sökülməli, dənizi özəlləşdirən sahibkarlar cəzalandırılmalıdır. Bunun üçün Prezident Aparatı və ya Nazirlər Kabineti səviyyəsində bir göstəriş olması vacib deyil. Yerli icra hakimiyyətləri özləri bu işə ciddi yanaşmalıdır.     Problemin həllinə yönəlik heç bir iş görmürlərsə, demək ki, bu özbaşınalıqda onların da əli var. Belə halda da icra hakimiyyətləri ilə bağlı ciddi islahatlar olmalı və yerlərə layiqli icra  başçıları təyin olunmalıdır.  İcraların vəzifəsi ölkə başçısının siyasətini uğurla davam etdirməkdir, onun göstərişlərinə əngəl törətmək yox!”.