Əksər nazirlik deputatları yola verir



Millət vəkillərinin müraciətlərinə cavab verilmir

  Dünən Milli Məclisin payız sessiyası çərçivəsində növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 23 məsələ daxil edilib. Deputatlar cari mövzularda çıxışlar edib, problemlərdən danışıblar. Milli Məclisdə Şimali Kiprlə dostluq qrupu yaradılması təklif olunub. Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, Prezidentin öz doğum günündə Qərbi Azərbaycan icmasının binasının açılışını etməsi yeni mücadiləmizin anonsu və Böyük Vətənə Qayıdışın platformasıdır. Deputat bildirib ki, bu məsələdə hamı əlini daşın altına qoymalıdır:

“Bunun üçün qanunvericilik planında da öz işimizi görməliyik. Əvvəl hər kəs özünü qarabağlı sayırdı, indi isə hamı özünü Qərbi azərbaycanlı hesab etməlidir. Biz diplomatik fəaliyyətimizdə də bu amalımız uğrunda işlər görməliyik”. M.Quliyev Şimali Kipr Türk Cümhuriyyəti ilə dostluq qrupu yaradılmasını da təklif edib: “Onların parlamentində artıq bu addım atılıb. Səfərimiz zamanı onlar da analoji addımın bizim tərəfdən atılmasını xahiş edirdilər”. 

"Hədəfimizdə Qərbi Azərbaycandan olan soydaşlarımızın öz yurdlarına dönüşü dayanır"

  Deputat Bəhruz Məhərrəmov deyib ki, Şuşa-Xankəndi yolunda dinc aksiyalar davam edir. Qanuni şəkildə ölkə ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər: “Konstitusiyamızın 14-cü maddəsinə əsasən, təbii ehtiyatlar Azərbaycan Respublikasına mənsubdur. 39-cu maddənin məzmununa görə isə ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədilə, zərər vura bilməz və hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq hüququ var. Eyni zamanda sərvətlərimizin təbiətə bərpası mümkün olmayan zərərlərlə müşahidə olunan talanı Azərbaycan Cinayət Məcəlləsinin 28-ci fəsli üzrə ən azı 8 maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərini əhatələyir. Avropa İnsan Hüquqları Məhkəməsinin bu məsələ ilə bağlı çox ciddi mövqeyi var. 2006-cı il Cakomelli İtaliyaya qarşı işində açıq tələb qoyulub ki, “şəxslərin sağlamlığı üçün mənfi nəticələr doğura bilən ekoloji zərərli fəaliyyətlər zamanı maraqlı şəxslərin bütün aktual və lazımi informasiyaları əldə etməsi üçün səmərəli və əlçatan prosedur təşkil edilməlidir". Tatar Rumıniyaya qarşı (2009), Makginli və İqan Birləşmiş Krallığa qarşı (1998) və azı 20 belə qərar saya bilərik, bu, Avropanın mövqeyidir. Yaxşı, indi Azərbaycana çatanda Avropanın hüquq sistemi niyə çökür? Avropa Məhkəməsinin presedentləri, yaxud məhkəmə təcrübəsi hara gedir? Axı bu qərarlar uzaqda yox, elə Strasburqda qəbul olunub, Fransanın bundan xəbəri yoxdurmu? Əlbəttə, xəbəri var. Fransanı hansısa erməni maraqlandırmır, Fransa Azərbaycanın çoxsaylı obyektlərində inhisarçıya çevrilmək, Azərbaycanın milli təhlükəsizliyində imperialistcəsinə rol almaq niyyəti ilə hücuma keçmişdi. Makron reket kimi davranmaq istəyirdi ki, Azərbaycan Prezidenti ona yerini göstərdi. Vətəndaşlarımız prosesə açıq gözlə baxsınlar, necə oldu, həm İran, həm ölkə daxilindəki antimilli düşərgə məhz bu aralar aktivləşib? Çox sadə, Fransanın İran kartı fiaskoya uğradıqdan sonra indi də Azərbaycan siyasi sistemindəki 5-ci kolonunu işə salıb, amma bunlar da zatən siyasi cəhətdən bitdiyi üçün addımlar effektiv deyil. Heç kim Azərbaycanı dayandıra, cənab İlham Əliyevin iradəsinə təsir edə bilmədi və möhtərəm Prezidentin də dediyi kimi, “zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək. Əksinə, indi hədəfimizdə Qərbi Azərbaycandan olan soydaşlarımızın öz ata-baba yurdlarına, sülh yolu ilə, beynəlxalq konvensiyalara uyğun dönüşü dayanır. Əminliklə deyə bilərik ki, Prezidentin bu layihəsi Vətən müharibəsindəki Zəfərimiz qədər önəmli hadisə kimi tarixə düşəcək”.

"Ona görə də bu, uzun illərin işini tələb edir"

  Deputat Fazil Mustafa hesab edir ki, beynəlxalq platformalarda qərbi azərbaycanlılarla bağlı çox ciddi işlər ortaya qoymalıyıq: “Çünki faktiki olaraq bu ərazilər Ermənistanın sayılır. Ona görə də bu, uzun illərin işini tələb edir. Beynəlxalq platformalarda bu davanın uzun illər təbliğatı aparılmalıdır”.

"Xankəndi üzərində nəzarəti təmin etməliyik"

  Millət vəkili Tahir Kərimli deyib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsindəyik. Qeyd edib ki, uzun illərdir bu bayram bizim cənubda yaşayan soydaşlarımıza aid edilmirdi: "İlk dəfədir bu günü böyük sevinclə qeyd edirəm. Amma Prezidentimizin onların hüquqları ilə bağlı çıxışı da dünya azərbaycanlıları arasında ümid yaradır”. Deputat bildirib ki, hələ bizim qarşımızda böyük vəzifələr var: “Qarabağla bizə böyük zərbələr vurmaq istədilər. Amma Böyük Azərbaycanın qurtuluşu Qarabağdan başlayır. Ölkə içərisində bizim böyük vəzifələrimiz var. Son 200 ildə ilk dəfədir ki, biz torpaq qaytarmışıq. Əziz qardaşlarım, əziz müxalifətçilər, eybi yoxdur, məni söyün. Biz Xankəndi üzərində nəzarəti təmin etməliyik. Bu gün hamını mütləq əksəriyyət tərəfindən bütün azərbaycanlıların lideri kimi qəbul edilən İlham Əliyevin ətrafında birləşməyə çağırıram”.

"Kərkicahandan 34 nəfər şəhid var"

  Deputat Tural Gəncəliyev deyib ki, sabah Xankəndi şəhərinin və Kərkicahanın işğalı ildönümüdür: “Biz əlbəttə, ərazi bütövlüyümüzü bərpa etdik. Amma bu tarixləri unutmamalıyıq. Azərbaycanlıların son dayaq nöqtəsi olan Kərkicahanda ermənilər azərbaycanlılara qarşı qırğın törədib. Kərkicahan ermənilərin Şuşaya tərəf gələrək Şuşanı işğal etməsi planını gecikdirdi. Ümumilikdə Xankəndidən 100-dən çox insan I Qarabağ müharibəsində şəhid olub, Kərkicahandan 34 nəfər şəhid var”.

"Şablon, formal cavablar verilir"

  Deputat Ceyhun Məmmədov bildirib ki, dövlət qurumları bir sıra hallarda işə qəbulda obyektivlikdən uzaq qərar qəbul edirlər. Onun sözlərinə görə, bu da gəncləri dövlətdən narazı salır, onların başqa sahələrə yönəlməsinə səbəb olur: "Nazirliklər deputatların rəsmi müraciətlərinə cavab vermirlər. Biz məktub yazırıq, ancaq çox vaxt şablon, formal cavablar verilir. Bəzən rəhbər yox, hansısa sektor müdiri cavab verir. Qanunun qəbulu ilə yanaşı nəzarət mexanizmləri də olmalıdır”.
  Deputat Tahir Kərimli də həmkarının fikrinə dəstək verib. Deyib ki, əksər qurumlar deputatları yola verirlər: "Hansısa şöbənin rəisinin müavini səviyyəsində cavab gəlir. Cavaba baxanda görürsən ki, məsələ araşdırılmayıb, ümumi, şablon cavab verilib. Hansısa məsələ ilə Daxili İşlər Nazirliyinə edilən müraciətlərimizə daha çevik, operativ cavab verilir. Özü də şəxsən rəhbərlik tərəfindən cavablanır. Məgər digər qurumlar DİN-dən artıqdır?". 

"Dövlət məmurlarına olan nəzarət mexanizmində də şəffaflıq və ədalətlilik olmalıdır"

  Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib ki, ictimai həyatın müxtəlif sahələrində dövlət siyasətini həyata keçirən, vətəndaşların və cəmiyyətin xidmətində olan dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsi, ilk növbədə, bu orqanlarda çalışan dövlət qulluqçularının yüksək peşəkarlığından və vəzifə borcunu məsuliyyətlə yerinə yetirməsindən asılıdır: “Əsas məqsəd dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsidir. Burada dövlət qulluqçularının fəaliyyəti, onların etik davranışları obyektiv qiymətləndirilməli, ayrı-seçkiliyə yol verilməməlidir. Prezident İlham Əliyevin apardığı islahatların nəticəsidir ki, artıq şəffaflığın təmin olunması məqsədilə elektron hökumət yaradılır, məmur – vətəndaş münasibətləri minimumlaşdırılır, dövlət qulluqçularının sosial vəziyyətləri və iş fəaliyyətləri yaxşılaşdırılır. Ancaq bununla yanaşı, dövlət məmurlarına olan nəzarət mexanizmində də peşəkarlıq, şəffaflıq və ədalətlilik olmalıdır. Buna görə də etik davranış üzrə müvəkkil vəzifəsini yerinə yetirən şəxs peşəkar olmalı, subyektivliyə yol verməməlidir”.

Etik davranış üzrə müvəkkil ödənişsiz əsaslarla fəaliyyət göstərəcək

  Deputat Nizami Səfərov deyib ki, kimlərin etik davranış üzrə müvəkkil təyin oluna biləcəyi layihədə qeyd edilib. Parlament üzvü vurğulayıb ki, etik davranış üzrə müvəkkil ödənişsiz əsaslarla fəaliyyət göstərəcək və bununla bağlı heç bir yeni ştat yaradılmayacaq. Qeyd edək ki, deputat Fazil Mustafa etik davranış üzrə müvəkkilin ödənişli əsaslarla fəaliyyət göstərib-göstərməyəcəyi ilə maraqlanıb.

"Əsassız ödənilən pensiya pensiyaçıdan yox, bunu edən məmurdan tutulmalıdır"

  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib ki, pensiyaçının günahı olmadan onun pensiyasının tutulması ədalətli deyil. Deputat bildirib ki, pensiyaçı dövlət məmuru ilə hansısa əlaqəyə girib pensiya alıbsa, onun əlavə aldığı məbləğin hamısı, dövlətdən aldığı pullar geri alınmalıdır: “Amma bu vəsaitlərin pensiyaçılardan tutulması pensiyaçılar üçün ciddi problem yaradacaq. Ona görə qanunvericilik təşəbbüsü subyekti ilə danışılsın və pensiyaçı orta aylıq əməkhaqqından çox alırsa, bu məbləğ ondan tutulsun. Az alırsa, o məbləğ bunu onun üçün təşkil edən dövlət məmurundan tutulmalıdır. Biz bu gün ağsaqqallarımızın qayğısına nə qədər qalacağıqsa, gələcək nəsil də bizi düşünəcək. Bu gün bəzi gənc ailələrin valideynlərinə kömək etmək imkanı yoxdur, onlar pensiya ilə dolanırlar. Yəni o pul artıq ödənilibsə, artıq xərclənib. Bu güzəşti, amnistiyanı bir az da genişləndirməyə ehtiyac var”. Deputat bildirib ki, ona gənc ailə müraciət edib: “Onlar kirayədə qalır. Xanım analıq məzuniyyətinə çıxıb və ona vəsait ödənilib. İndi isə tələb edirlər ki, sizə artıq pul ödəmişik, pulu geri qaytar. Burada ailənin nə günahı var?! Vəzifəli şəxsin səhvidir və bu məbləğ ondan tutulmalıdır”.

"Artıq ödənilmiş vəsaitin pensiyaçılardan geri alınmasının mexanizmi açıqlanıb"

  Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, daha az məbləğdə pensiya alanlardan 10 faiz, daha çox pensiya alanlardan isə 20 faiz məbləğ tutulacaq". Deputat bildirib ki, beləliklə, pensiyaçılara artıq ödənilmiş vəsait geri alınacaq. Musa Quliyev əlavə edib ki, Dövlət Sosial Müdafiə Fondunun investisiya fəaliyyətinin əsaslarını müəyyən edən qanun layihəsi hazırlanacaq: “Artıq bu təkliflər nazirlik tərəfindən müsbət qarşılanıb və DSMF-nin investisiya fəaliyyətinin əsaslarını müəyyən edən qanun layihəsi yaz sessiyasında müzakirəyə təqdim ediləcək”.