Bu il Azərbaycan Həcc ziyarətinə zəvvar göndərəcək

Ziyarət şərtləri barədə tam məlumat verilmir, şəraitə uyğun müəyyən  dəyişikliklər ola bilər

Hacı Atif İsmayılov: “Zəvvar yola düşərkən ailəsinin bir illik xərcini təmin etdiyindən arxayın olmalıdır, ikinci əsas şərt sağlamlıqdır”

  Böyük ehtimalla bu il Azərbaycan Həcc ziyarətinə zəvvar göndərəcək. Qafqaz Müsəlmanları İdarəsi sədrinin 1-ci müavini müfti Salman Musayevin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistan Krallığı Həcc və Ümrə nazirliyinin dəvətilə bu ölkədə rəsmi səfərdə olub. Və tərəflər arasında keçirilmiş görüş və aparılan danışıqlar nəticəsində Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyi ilə QMİ arasında 2023-cü il mövsümü üçün Həcc müqaviləsi imzalanıb. 
Sənədi Səudiyyə Ərəbistanı tərəfindən nazir müavini cənab Əbdülfəttah bin Süleyman Əl-Maşşat, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən isə müfti Salman Musayev imzalayıblar. Bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bu haqda məlumat verərək bildirmişdi ki, Həcc ziyarətinin koronavirusla bağlı ötənilki şərtləri bir az yumşaldılacaq. Ötən il ziyarətə 65 yaşına qədər olan şəxslər gedə bilərdi. Çox ehtimal ki, bu il ziyarət üçün yaş məhdudiyyəti də olmayacaq. Amma yəqin ki, koronavirusa qarşı iki doza vaksin tələbi saxlanılacaq. 

Həcc ziyarətinə hazırlıqla bağlı “Şərq”ə danışan ilahiyyatçı Hacı Atif İsmayılov qeyd etdi ki, ziyarət şərtləri barədə tam məlumat verilmir. Bu da şəraitlə bağlıdır. Şəraitə uyğun müəyyən  dəyişikliklər ola bilər. Eləcə də, vaksinasiya ilə bağlı da vəziyyətə müvafiq qərarlar verilməsi mümkündür:

 “Ola bilər hər hansı yoluxucu xəstəliklər artsın, yoluxma sayında yüksəlmə olsun, bu şəraitdə şərtlərin dəyişməsi labüd olur. Yoluxucu xəstəliklərlə bağlı vəziyyət stabil olarsa, indiyədək vurulmuş peyvəndlər keçərli hesab ediləcək. Ümumiyyətlə, Həcc ziyarəti üçün sağlamlıq haqqında arayış hər zaman tələb olunur. Zəvvar özü də sağlamlığının qayğısına qalmalıdır ki, sonra Həcc əməllərini yerinə yetirməkdə çətinlik çəkməsin”. H.A.İsmayılov bildirdi ki, Həccin əsas şərtləri ziyarətə getməyi niyyət etmiş şəxsin ailəsinin bir illik xərcini təmin edəcək miqdarda maddi vəsaitə malik olmasıdır: 

- Həcc ziyarətinə hazırlaşan şəxs bilməlidir ki, əgər maddi imkanı buna uyğundursa ziyarətə gedə bilər. Bu da ailənin bir illik xərcinin təmin edilməsinə bağlıdır. Zəvvar yola düşərkən ailəsinin bir illik xərcini təmin etdiyindən arxayın olmalıdır. İkinci əsas şərt sağlamlıqdır. Zəvvarın sağlamlığı Həcc ziyarəti üçün münasib olmalıdır. Həddindən artıq yaşlı, sağlamlıq problemi olanların Həcc ziyarətinə yollanması düzgün deyil. Müqəddəs "Qurani-Kərim"də də Rəbbimiz Həcc ziyarəti üçün “imkanı çatan” ifadəsini işlədir. Burada həm maddi imkan, həm sağlamlıq, həm də təhlükəsizlik nəzərdə tutulur.  Borcun olması isə iki qisimdir. Ola bilər ki, şəxs kimdənsə borc alıb, amma borcun qaytarılması müddətinə hələ zaman var, bu şəxs Həcc ziyarətinə gedə bilər. Amma əgər borcu müəyyən vaxta qədər mütləq qaytarmalıdırsa, borc aldığı şəxslə borcun qaytarılmasına dair konkret müddət təyin edilib və o müddət də başa çatıb və yz yaxınlaşıb, bu halda borclu şəxs ilk növbədə borcunu qaytarmalıdır. Borcunu ödəməmiş Həcc ziyarətinə getməsi düzgün deyil. Bir şəxsin maddi imkanı var, boynuna Həcc ziyarəti düşür, lakin səhhəti buna mane olursa, o zaman şəxs başqa birisini müəyyən ücrət müqabilində öz əvəzindən naib təyin edə bilər, yəni xərci ödəmək şərtilə. Naiblik ücrətsiz də olur. Bu da qarşıdakı insanın istəyinə bağlıdır. Elə insan var, heç bir maddi təminat istəmədən başqasına naib olmağa razılaşır, sırf savab qazanmaq üçün.
H.A.İsmayılov qeyd etdi ki, xanımların Həcc ziyarətinə yollanmasının da şərtləri var: 
- Qadın əgər ailəlidirsə, Həcc ziyarətinə hər hansı məhrəmi ilə yollanmalıdır. Bu, həyat yoldaşı da ola bilər, ata, qardaş və sair məhrəm insanlar da. Tək də gedə bilər. Bunun da öz şərtləri var. Qadının yaş həddi və sair. Amma qadın üçün ailənin bir illik xərci şərti yoxdur. Çünki ailənin təminatı kişinin üzərindədir. Qadın öz maddi imkanı, şəxsi gəliri hesabına Həcc ziyarətinə gedə bilər və bu zaman ailənin xərcinin ödənib-ödənilməyəcəyi onun vəzifəsinə aid deyil. Bu məsələdə qadınların sərbəst qərar vermək hüququ var. 

  İlahiyyatçı qeyd etdi ki, builki Həcc ziyarəti ilə bağlı tətbiq ediləcək şərtlər Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə nazirliyinin qərarlarından asılı olacaq. Həcc və Ümrə ziyarətlərinin təşkili SƏ-nin müəyyən etdiyi qərarlar daxilində olacaq. Hər ölkədən neçə zəvvarın göndəriləcəyinə də SƏ qərar verəcək. Pandemiya səbəbindən ötən illərdə zəvvar sayı xeyli azaldılıb. Bu il mümkündür ki, zəvvar sayı artırılsın. Qiymətlərdə də çox güman ki, dəyişiklik olacaq. Hələ qiymətlər açıqlanmayıb, lakin qiymətlərin yüksələcəyi labüddür.