Siqaret kötüklərini küçələrdən özəl şirkətlər toplayacaq

  İspaniya hökuməti maraqlı qərar verib. Hökumətin qərarıyla bundan sonra küçələrdə yerə atılmış siqaret kötüklərini özəl şirkətlər toplayacaq. Qərara görə, şirkətlər topladıqları siqaret kötüklərini tullantı mərkəzlərinə təslim etməlidir. Bu qərar Avropa Birliyinin ətraf mühitin qorunması üzrə icrasına başladığı layihələrindən biridir. 

Layihəyə əsasən, küçələrdə, digər ictimai yerlərdə, həmçinin dəniz sahilində yerə atılmış siqaret kötükləri toplanmalıdır. 

Bu iş isə siqaret şirkətlərinin üzərinə vəzifə olaraq qoyulur. Tütün şirkətləri siqaret kötüklərini toplamalı və tullantıların emal edildiyi müəssisələrə təhvil verməlidirlər.  Lakin qaydalar hələ də tam dəqiqləşməyib. İspaniyadakı tütün istehsalçısı şirkətlər qaydalar barədə məlumatlandırılmadıqlarını bildiriblər.

 Tütün şirkətlərinin bu iş üçün çəkəcəyi xərcin siqaretin qiymətinə nə dərəcədə təsir edəcəyi də hələ bilinmir. İctimaiyyət isə yeni qərarı dəstəkləyir. 2020-ci il statistikasına görə, İspaniyada yetkinlik yaşına çatmış nüfuzun 5-də 1-i siqaret çəkir. 
Aralıq dənizinin qərb sahillərində tullantıların böyük hissəsini isə məhz siqaret kötükləri təşkil edir. Bunun ətraf mühitə böyük zərəri nəzərə alınaraq İspaniya hökuməti ictimai çimərliklərdə açıq havada siqaretdən istifadəni qadağan edib, qadağanı pozanlar 30 avro miqdarında cərimələnir.