“Bu, mənəvi aclığın əlamətidir”

Psixoloq: “Himnimizi təhrif edib, sonra da söyüşlə davam edən şəxsin, məncə, psixoloji problemləri, natamamlıq kompleksi var”


  Himnimizin təhqir edilməsi qalmışdı bircə, bu da oldu. Tiktokda canlı yayım edən Ləman adlı şəxs (soyadı Vəliyeva) dövlət himnimizin sözlərini təhrif edərək səsləndirib. Ona irad bildirərək şərh yazan izləyicilərindən birini də himni oxuya-oxuya təhqir edib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında deyib ki, o, polis bölməsinə dəvət olunub: "Vətəndaş L.V müəyyən edilərək polis orqanına dəvət edilib, onunla profilaktik icraat işi aparılıb. 

O, bu əməlindən səmimi peşmançılığını ifadə edərək üzrxahlıq edib, səhifələrindən paylaşımı silib". 

  Sosial şəbəkələrdən yüngül məqsədlərlə istifadə edənlər, qeyri-etik davranışlarını, hərəkətləri, danışıqları tirajlayıb izləyici sayı toplamağa çalışanlar zatən çoxdur. Onlar nə dərəcədə qüsurludursa, onları izləyənlər, bəyənmə işarəsi qoyanlar, heyranlıq bildirənlər də onlar qədər qüsurludur. Cəmiyyətimiz sosial şəbəkələrin əslində hansı məqsədlərə xidmət etməli olduğunu hələ də anlamış deyil. Üstəlik, sosial şəbəkələrdən ucuz reklam, “tanınmaq” üçün istifadə edirlər. Amma budəfəki metod istifadəçi üçün başağrısına çevrilib. Dövlət himninin müqəddəsliyini bəlli yaş həddinə çatsa da anlamamış birisi, himn sayəsində “məşhurlaşmaq” istəyib. Lakin arzusu suya düşüb. Oxşar hərəkətlər yeniyetmə, gənclər tərəfindən sərgilənsə, hardasa anlamaq mümkündür. Gəncdilər, çox mətləbləri qanmırlar. Di gəl ki, eyni vəziyyət orta nəsil, hətta yaşlıların iştirakı ilə təkrarlanır. Sosial şəbəkədə özünü ümumxalq nümayişinə çıxarıb, hər cür hərzə-hədyanlar danışan yaşlıları görəndə, “insanlarımız niyə bu duruma düşüb?” sualından yan keçə bilmirsən. Cavab isə asan tapılmır. İnsanlarımızda nəyin bahasına olursa-olsun,  yaxşı ya pis fərqi yoxdur, seçilmək istəyi nədən qaynaqlanır, görəsən? 

  Psixoloq Fərqanə Mehmanqızı dövlət himnimizlə bağlı baş vermiş rəzilliyin səbəbini psixoloji böhranın nəticəsi hesab edir: 

- Bəzi insanlarda əlahiddə seçilmək, cəmiyyətdə fərqlənmək istəyi, hətta ehtirası deyərdim, şəxsiyyət pozğunluğunun göstəricisidir və bu da psixoloji böhrandan qaynaqlanır.  Bəzən insanlar yaxşı mənada seçilməyi mənfidən fərqləndirməkdə çətinlik çəkir, ya da bilərəkdən, düşüncə və qabiliyyətlərinə uyğun olaraq cəmiyyətə meydan oxuyarcasına seçilməyi üstün tuturlar. Məsələn, o xanım dövlət himnimizi şəhidlərin fotosu, şəhid balalarının görüntüsü ilə səsləndirsəydi, cəmiyyət tərəfindən təqdir ediləcəkdi. Biz 44 günlük Vətən müharibəsində əsgər geyimində, zabit mundirində piano arxasına keçib gözəl musiqilər səsləndirənləri gördük. Hər kəs onları bəyənirdi, alqışlayırdı. Lakin himnimizi təhrif edib, sonra da söyüşlə davam edən şəxsin, məncə, psixoloji problemləri, natamamlıq kompleksi var. Bu cür insanlar nəyin bahasına olursa-olsun, “fərqlənməyə” çalışır, təki onları izləyənlər çox olsun. Fərqi yoxdur, təqdir ediləcək, yoxsa tənqid. Bu da insanda seçilmək istəyinin artıq psixoloji problem olaraq üzə çıxmasını göstərir. Seçilmək istəyi şəxsiyyət pozğunluğuna gətirib çıxardıqda o özünü harda oldu, göstərməyə çalışır. İstər sosial şəbəkə olsun, istər başqa platformalar, başqa müstəvilər, özünü fərqləndirmək istəyir. Bu, mənəvi aclığın əlamətidir. Bu cür insanlar cəmiyyətin həssas nöqtələrindən istifadə etməyə çalışır, şüurlu, ya şüursuz. Çox zaman bilərəkdən cəmiyyətin nəbzini yoxlayır, mənəvi dəyərləri hədəf alırlar. Bunlar hamısı şəxsiyyət pozğunluğundan xəbər verir, bu da psixoloji böhranın nəticəsidir. Hesab edirəm ki, bu cür insanlar təhlükəlidir və onlarla davamlı profilaktik iş aparılmalı, nəzarət altında olmalıdırlar.