Yuxuda məzar gördü

Almaniyadan qayıdıb gəldi 

  Almaniyada yaşayan 45 yaşlı Nəzmiyə Qaraman ata yurdu Zonquldağa dönüb. Qadının yurduna qayıtmasınınsa özəl səbəbi var. “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Nəzmiyə Qaramanın Almaniyadan tez-tələsik Vətənə qayıtmasına səbəb yuxusunda sandıq formalı məzar – kiçik məqbərə görməsidir. Qadın yuxuda görüb ki, məmləkəti Zonquldağın Çayçuma əyalətindəki bir ərazidə sandıq formalı məzar var və bir şəxs ona burada sərvət yatdığını göstərir. Qadın sənədləşmə işlərini tələsik yoluna qoyaraq Türkiyəyə qayıdıb, yuxuda gördüyü əraziyə gedərək ətrafı incələyib. 

Əhd edib ki, həmin məzar tapılsa, orada qurban kəsəcək. Qazıntı işlərinə icazə almaq üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib. Bu iş qadına 120 min türk lirəsinə başa gəlib. Həyat yoldaşı hər nə qədər ona mane olmağa çalışsa da, yuxuya ciddi əhəmiyyət verməməsini desə də, Nəzmiyə qərarından daşınmayıb.   

“Gördüyüm yuxu gerçək ola bilər” düşünən Nəzmiyə bütün riskləri göz altına alıb və 4 ay çəkən prosesdən sonra nəhayət icazə aldıqda ərazidə qazıntı işlərini başladıb. Nəzmiyə Qaraman Almaniyada xadimə işləyir. 1 övladı var. Nəzmiyə Qaraman ətraf mühit və şəhərçilik mütəxəssislərinin iştirakı ilə dəfinə axtarışlarını davam etdirir. 

“Burada dəfinə olduğuna inanıram. Bir az çalışmaq lazım gələcək”, - deyən Nəzmiyə Qaraman həyat yoldaşının narazı qaldığını da söyləyib: “Həyat yoldaşım gördüyüm işi bəyənmir, amma mən buradan dəfinə çıxacağına inanıram. Tapılsa, 50 faizini dövlətə verəcəm. Çoxları mənə irad tutur ki, yuxunun ardınca düşüb bu qədər məsrəf qoymağa dəyərmi? Mənsə beynimdə mənə rahatlıq verməyən suala cavab tapmaq istəyirəm. Bu işi başa çatdırmasam, rahatlıq tapmayacağam”.