Əməkhaqqı almayan şagird gediş haqqı necə ödəsin?! - Əncam çəkiləcək?

Təhsil alanlara mütləq güzəştlər olmalıdır
Problemi Nazirlər Kabineti həll edə bilər
Şagirdləri gediş haqqından xilas etməyin yolu onlara gediş kartlarının paylanmasıdır
  Məktəblilərin ictimai nəqliyyatda gediş haqqı problemi yenə gündəmdədir. Ailədə 2 uşağın məktəbə ictimai nəqliyyatdan istifadə edərək getməsi ailə büdcəsinə həftəlik 6 manata başa gələcək. Uşaqları məktəbə valideyni aparıb-gətirirsə, xərc artıq təxminən 10 manat təşkil edəcək. Bu məbləğ uşaqlar məktəbə getmək üçün bir marşrutdan istifadə etdikdə keçərlidir. Əgər iki marşrutdan istifadə edəcəklərsə və gediş haqqı da 30 yox, 35-40 qəpik olan avtobuslar olacaqsa, vəziyyət tamamilə dəyişəcək. İrad tutarlar ki, niyə uşaq yaxınlıqdakı məktəbə getmir, uzaq məsafədəki təhsil müəssisəsinə gedir? Amma az-çox məntiqi düşünmək qabiliyyətinə malik olanlar bu iradı səsləndirməz. Çünki birincisi, ölkədə məktəb çatışmazlığı real problemdir. Övladını yaşadığı ərazi üzrə uşaq bağçasına apara bilməyənlər var, çünki bağçada yer yoxdur! Eləcə də məktəblər. Siniflərdə şagird sıxlığı yaşanır, müəllimlər şagird çoxluğundan tədris proqramını normal şəkildə yerinə yetirib keçilmiş dərsi soruşa bilmir. Bakıətrafı qəsəbələr, ətraf bölgələrdə məktəb çatışmazlığı uzaq məsafələrdəki məktəblərdə təhsil almaq məcburiyyəti yaradır. Uzaq məsafələrdənsə gediş-gəliş üçün bir deyil, ən azı 2 marşrutdan istifadə etməli olurlar. Çünki nəqliyyat şəbəkəsi də normal deyil. Ölkədə təhsil icbaridir. Şagird məktəbə gəlməyəndə sinif rəhbəri, müdiriyyət “bu uşaq niyə dərsə gəlmir, uşaq hardadı, niyə tədrisdən yayınır” tipli iradlar bildirirlər. Hələ hədələyirlər də ki, “0” qiymət alacaqsan, yoxlama işinə buraxılmayacaqsan və sair. Birdən şagird qalxıb desə ki, “müəllim, dərsə gəlməyə yol pulum yox idi”, onda necə olacaq? Tələsib “elə şey olar?! İndiki zamanda məktəbə getmək üçün kimin pulu olmaz?!” deyə tələsik qərar verməyək. Gündəlik təminatlarını güclə yetişdirən ailələr var. Bir tərəfdən də yol pulu, gediş haqqı ailə büdcəsinə zərbə vurur. Təhsil icbaridirsə, şagird gediş haqqından niyə azad edilməməlidir? Bu, utopiya deyil, sovet adamlarının xülyalarında yaşatdıqları “kommunizm ideyaları” da deyil. Uşaqlarımızın təhsilli, savadlı olmasını istəyiriksə, onlar üçün yarada biləcəyimiz adi, normal şəraitdir. Kimsə daşıyıcı şirkətlərin zərərlə işləməsini istəməz. İctimai nəqliyyatın gəlir gətirən əsas qüvvəsi həm də məktəblilərdir. Amma zərəri qarşılamağın da yolları var. Məsələn, dövlət deyək ki, metropolitenə dotasiya ayırdığı kimi, dövlət balansında olan daşıyıcı şirkətlərə də dotasiya ayıra bilər. Məxsusən şagirdlərin ödənişsiz daşınması üçün. Bu məsələdə hətta müəllimlər üçün də gediş haqqının ödənişsiz olmasının gərəkdiyini bildirənlər var. Əlbəttə, prinsip etibarilə mümkünsüz heç nə yoxdur, amma müəllimlərin əməkhaqqı alması bu məsələdə bir qədər tərəddüdə səbəb ola bilər. Şagirdlər isə əməkhaqqı almır axı. Onları valideynləri maliyyələşdirir. Həm də icbari hesab edilən təhsili almağa görə məktəbə göndərməlidirlər, öz ciblərinin hesabına. Bizcə, paradoksdur. Gəliri olmayan birisi, niyə icbari bir iş üçün pul xərcləməlidir?
  Təhsil eksperti Kamran Əsədov mövcud problemlə bağlı təkliflə çıxış etdi. “Şərq”ə açıqlamasında ekspert bildirdi ki, şagirdləri gediş haqqından xilas etməyin yolu onlara gediş kartlarının paylanmasıdır:
"Daşıyıcı şirkətlər məktəblilərin ödənişsiz daşınmasına razı olmayacaq. Bu, onlar üçün böyük maddi zərər olar. Elm və Təhsil Nazirliyinin də belə bir maddi imkanı yoxdur ki, məktəblilərin ödənişsiz daşınmasını təmin etsin. Nazirliyin daşıyıcı şirkətlərin hesabına pul köçürməsi də mümkün deyil. Bu məsələni Nazirlər Kabineti həll edə bilər. NK qaydaları müəyyənləşdirməlidir. Şagirdlərə gediş kartları paylanır, bunlar məhz “şagird kartları” olur, şagirdlər kart sistemi ilə fəaliyyət göstərən ictimai nəqliyyatda gün ərzində 2 dəfə olmaqla bu kartlardan istifadə edir, ayın tamamında isə Maliyyə Nazirliyi həmin vəsaiti daşıyıcı şirkətin hesabına köçürür. Bununla da zərər bağlanmış olur. Bunun üçün də Nazirlər Kabineti müvafiq qərar verməli, məsələnin həllini aidiyyəti strukturlara tapşırmalıdır. Şəffaflıq təmin edilsin deyə, daşıyıcı şirkət ay ərzində nə qədər şagirdə ödənişsiz xidmət göstərildiyini, ödənişsiz kartların vurulma sayına əsasən Maliyyə Nazirliyinə təqdim etməlidir. Problem bu yolla həllini tapa bilər. Ölkədə 4432 ümumtəhsil məktəbindən 320-si, 1,6 milyon şagirddən isə 470 mini paytaxtın hesabına düşür. Bu qədər şagirdə heç bir daşıyıcı şirkət ödənişsiz xidmət göstərməz. Bu, ancaq o halda mümkün olar ki, hökumət bu məbləği qarşılasın".
  K.Əsədov qeyd etdi ki, bir sıra ölkələrdə, o cümlədən qardaş Türkiyədə təhsil alanlara bir sıra güzəştlər tətbiq edilir. Məsələn, Türkiyədə tələbə kartı mövcuddur, tələbələr bununla ictimai nəqliyyatdan, muzeylərdən ödənişsiz istifadə edə bilir.