Qarda piyada gedən müəllim - Yarızarafat, yarıgerçək MARAQLI RƏYLƏR


Allah köməyiniz olsun, ey hörmətli müəllim!
Lerik rayonunda bir müəllim qarlı havada 28 kilometr yolu piyada gedir
Məlum foto paylaşıldıqdan sonra müəllimlə maraqlanan olub. Onun haqqında televiziya filmi çəkiləcək
  Sosial şəbəkədə Lerik rayonunda bir müəllimin məktəbə getmək üçün qarlı havada 28 kilometr yolu piyada getdiyini əsk etdirən fotolar yayılıb. Şəxsin ədəbiyyat müəllimi olduğu bildirilib. Fotoda müəllimin bir əlində bel, digərində termos tutduğu görünür. Müəllim çox güman ki, yolu açmaq üçün özüylə bel daşıyır. Çantasını da çiyninə atdığı belin sapına keçirib. Fotonu paylaşan sosial şəbəkə istifadəçisi Almaz Ərgünəş Bəyazid “nə gözəl olardı, bir iş adamı bu müəllimə maşın hədiyyə edərdi” sözlərini yazıb. Hərçənd bu cür qarlı yollarda avtomobillə hərəkət etmək, zatən mümkün olmayacaq. Amma xoş havalarda yəqin mümkün olar. Bir halda ki, məktəb kənddən xeyli uzaqdadır, demək ki, təkcə bu müəllim deyil, digər müəllimlər, həmçinin uşaqlar da məktəbə getmək üçün xeyli əziyyət çəkirlər. Yaxşı olar ki, məktəbə bir avtobus hədiyyə edilsin, şagirdləri aparıb-gətirsin. Ancaq istənilən halda əvvəlcə kəndin yolu düzəlməlidir. Gərək yol olsun ki, orda hər hansı avtomobil hərəkət edə bilsin. Yayılmış fotoya yarızarafat, yarıgerçək maraqlı rəylər də yazılıb.
Məsələn, Banu Məhərrəm adlı istifadəçi, görünür müəllimdir, “taleyi” barədə proqnoz verib: Yaxında mən də belə olacam deyəsən”.
Fəqani Hüseynov: Yəqin idman müəllimidir.
Rəvan Həmidov: Maşını-zadı boş verin, buna papaq alın!..
Pərvanə Qarayeva: Allah köməyiniz olsun, ey hörmətli müəllim.
Vaqif Aşurzadə: Ağıllı müəllimdi, sağlamlığını bu yolla qoruyur.
Həcər Paşayeva: Sağlam olar. 7 il 45-50 km yolu atla getmişəm dərs deməyə.
Ülviyyə Heydərova: Əla olardı, maşın.
Elazə Əhmədova: Bizim tələbəmiz, indi orada müəllim işləyən Yusif də yəqin bu cür edir. Allah hamıya kömək olsun.
Fazil Abasquluzadə: 1986-cı ildə İsmayillı rayonunun Qoşakənd kəndində müəllim isləmişəm. Mən də hər gün 14 km piyada yol qət etmişəm. O günlərin başqa ləzzəti vardı.
Rəna Tağızadə: Kəndin içində normal nəqliyyat sistemi olmalıdır, gərək elə şəxsi maşın ola? Kənd müəllimi, az maaşla, bir də o maşını saxlamaq var, benzinini necə ödəyəcək, ora-burasını yoxlatmaq var, və s. Elə alman müəllimlər var, hər gün tramvayla, ya da velosipedlə gedib gəlirlər işə. Baxmayaraq maşınları da var, lakin benzin çox baha, maşın saxlamaq ev-eşik saxlamaqdan baha olub orda. Baxsaq deyərik ki, burası mərkəzi Avropadır hələ. Hərəkət sağlamlıqdır, təbii ki, maşın da imkan daxilində lazımdır.
Almaz Ərgünəş Bəyazid: Maraqlanan oldu. Nəticə olacaq.
Füzulim Mənim: Müəllim hər gün 14 km piyada yol gedib, 14 km gəlir. Maşın əl verməz, çünki qışda qar 1.5 metrə çatır bəzən.
Şəhla Şam: Mənim də müəllimim belə əziyyət çəkirdi. Başqa kənddən gəlib dərs deyirdi, arada 3 böyük kənd var idi. O qədər zəhmətlə böyütdüyü balasını da torpağa qurban verdi.
Almaz Ərgünəş Bəyazid “Şərq”ə açıqlamasında isə bildirdi ki, məlum foto paylaşıldıqdan sonra müəllimlə maraqlanan olub. Onun haqqında televiziyada film çəkiləcək.