Həkimlərin əlləri “təmizlənir”

Bundan sonra özəl tibb müəssisələri açıq fəaliyyət göstərməlidir

Vergi Məcəlləsinə edilən dəyişiklik özəl tibb müəssisələrində vergidən yayınmaların qarşısını almaq məqsədi daşıyır

  Vergi Məcəlləsində edilmiş son dəyişikliklərin bir hissəsi özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərlə bağlıdır. “Özəl tibb fəaliyyəti haqqında” Qanuna əsasən, bu fəaliyyət 2 formada - özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilə bilər. Dövlət Vergi Xidmətinin məlumatına görə, özəl tibbi praktika - ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan xüsusi razılıq əsasında müvafiq ixtisasa uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyət hesab edilir. 

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə aparılmalıdır. Tibb fəaliyyəti sahəsində vergidən yayınmanın miqyasının azaldılması, gəlirlərin leqallaşdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə, tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə də pul hesablaşmalarının nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməsi müəyyən edilib. 

Həmin şəxslər tərəfindən verilən çeklər əsasında ödənilmiş ƏDV-nin bir hissəsi tibb xidmətlərinin istehlakçılarına geri qaytarılacaq. Bununla yanaşı, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərini pozmaqla tibbi xidmətlərin dəyərini müəyyən olunmuş limitdən artıq nağd qaydada qəbul edən özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə maliyyə sanksiyaları tətbiq ediləcək.
  
Vergi Məcəlləsinə edilən dəyişiklik həkimlərin fəaliyyətinə necə təsir edəcək? Məsələ ilə bağlı “Şərq”ə danışan həkim-terapevt Şahvələd Məmmədov qeyd etdi ki, bu dəyişiklik tibbin hər hansı sahəsi üzrə məşğul olan bütün həkimləri, tibb işçilərini və özəl tibb müəssisələrini əhatə edir: 

- Vergi Məcəlləsinə edilən dəyişiklik özəl tibb müəssisələrində vergidən yayınmaların qarşısını almaq məqsədi daşıyır. İstər icbari tibbi sığortanın əhatə etdiyi, istərsə də əhatə etmədiyi tibbi xidmətlər zamanı vətəndaşlara çek ödənməlidir. Ödəmə nəzarət-kassa aparatına daxil olursa, vətəndaşa çek ödənilir, avtomatik olaraq da vergi ödənişi həyata keçmiş olur. 

Bəzən özəl tibb müəssisələrində nağd ödəmələrin qeydiyyatdan kənar aparıldığını inkar edə bilmərik. Ödənişlər bəzən kassaya daxil olmur. Bu isə vergidən yayınmalara, ödənişə görə vətəndaşa əlavə dəyər vergisinin geri qaytarılmasına mane olur. Hesab edirəm ki, məqsəd ödənişlərdə şəffaflığın təmin edilməsidir. 

Pasiyent də hansı tibbi xidmətə görə nə qədər ödəniş etdiyini, tibbi xidmətin dəyərini bilməlidir. Bu dəyişiklik özəl tibb müəssisələrinin daha açıq fəaliyyətini təşviq edəcək.