Geniş plan hazırlanmalıdır

Sənədsiz evlərlə bağlı bələdiyyələr əsassız günahlandırılır

Bələdiyyələrin onlara qanunla müəyyən edilmiş hüquqi vəzifələrinin icrasına mane olan məqamlar da var

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

  Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bələdiyyələrin fəaliyyəti müzakirə edilib. Komitə sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycanda bələdiyyələrdə islahatların aparılması ilə bağlı bu il qarşıda çox ciddi vəzifələr dayanır. Komitə sədri qeyd edib ki, bununla bağlı yaz sessiyasında komitədə dinləmələr keçiriləcək: “Regional strukturlarda, o cümlədən bələdiyyələrdə islahatların aparılması bilavasitə bizim komitənin səlahiyyətindədir. Prezident də bu məsələ ilə bağlı qarşıya vəzifələr qoyub. 

Lazım olan qanunların qəbulu, regional strukturlarda islahatların aparılması üçün bu sessiya çox ciddi iş görməliyik”. Bələdiyyələrin fəaliyyətindən narazılıq edənlər də var. 

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev komitənin iclasında bildirib ki, bələdiyyə sədrləri qanunvericiliyi bilmir. Torpağın icarə haqqını 10 qat artırır. İcarədar da şikayət edir. Bələdiyyə sədrləri vətəndaşdan nəsə umur. Belə olanda bələdiyyələrin işi getməyəcək. Misal olaraq, təmsil etdiyim Ağcabədidə bələdiyyə 400 min manata yaxın torpaq vergisi yığa bilər. Amma bunu edə bilmir, hətta bələdiyyə üzvlərinə əməkhaqqı verə bilmir. Onların vətəndaşlarla heç bir münasibəti yoxdur. Belə olan halda vətəndaş bələdiyyəyə hansı etimadı göstərə bilər? Təbii ki, bu etimad olmayacaq. Bu etimad gündən-günə azalır. Bəzi ağıllı bələdiyyələr var ki, müəyyən mehmanxanalarla əməkdaşlıq edib ödəniş ala bilirlər”, - deyə o qeyd edib. Millət vəkili Kamran Bayramov da bələdiyyələrin fəaliyyətindən narazılıq edib və bildirib ki, bələdiyyələrin cəmiyyətdə nüfuzu yüksək deyil, maliyyə imkanları məhduddur. Deputat bildirib ki, bələdiyyələrlə bağlı təcili islahatların aparılmasına ehtiyac var. “Bələdiyyə sahəsi islahat tələb edən sahədir. Ölkəmiz günü-gündən inkişaf edir, iqtisadiyyatımız artır, idaəretmə sahəsində nailiyyətlər əldə edilir. Bələdiyyələr bu günə qədər necə fəaliyyət göstəribsə, indi də o formada davam edir. Bu da qəbuledilməzdir. Çünki bələdiyyə birbaşa vətəndaşlarla işləyən qurumlardır. Ona görə də bələdiyyələrin birləşməsi əsas məsələ olmalıdır. Bu gün ölkədə 1 606 bələdiyyə fəaliyyət göstərir ki, bunun da 80 faizi məhz kənd bələdiyyəsidir. Onlar da ən zəif səmərə göstərənlərdir. Onlar özünü güc-bəla ilə saxlayan qurumlardır. Dövlətdən alınan dotasiya hesabına yaşayırlar. 

Bu da qəbuledilməzdir. Hətta bələdiyyə iclasları belə keçirilmir. Qərar qəbul edilir, sənəd göndərilir bələdiyyə üzvlərinə, onlar da imzalayır. Bu cür olmaz, bələdiyyələrdə iclas keçirmə mədəniyyəti formalaşdırılmalıdır”. İşğaldan azad edilmiş ərazilərdə vətəndaş cəmiyyəti qurumlarının formalaşması da komitə iclasında müzakirə edilib. Millət vəkili Cavid Osmanov təklif edib ki, həm digər bölgələrdə, həm də işğaldan azad edilmiş ərazilərdə bələdiyyələrlə bağlı dinləmələr keçirilsin. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov da təklifi dəstəkləyib və bildirib ki, həm parlamentdə, həm də azad olmuş ərazilərdə belə dinləmələrin keçirilməsi məqsədəuyğun olar. Bununla bağlı geniş iş planı hazırlanmalı və həyata keçirilməsinə başlanmalıdır. 

  Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Şərq”ə açıqlamasında bəzi iradlarla razılaşsa da, bələdiyyələrin fəaliyyətinə mane olan məqamları xatırlatdı: 

- "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının qanunu mövcuddur. Qanunda qeyd edilir ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, bu qanun yerli özünüidarəni həyata keçirən bələdiyyələrin yaradılması prinsiplərini, rolunu, yerli özünüidarənin hüquqi, iqtisadi və maliyyə əsaslarını, onun həyata keçirilməsi üçün dövlət təminatlarını müəyyənləşdirir. 

Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir qeyri-dövlət sistemidir ki, bu sistem qanun çərçivəsində onlara yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək imkanı verir. Bu hüququ qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar - bələdiyyələr və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Bələdiyyələr öz vəzifələrini yerinə yetirmək məqsədilə onların qarşısında məsuliyyət daşıyan, daimi fəaliyyət göstərən icra strukturları yarada bilər. 

Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları olur və o, Azərbaycan Respublikası Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Bu, bələdiyyələrə qanunun tanıdığı hüquqlar, üstünlüklərdir. Lakin reallıqda vəziyyət başqadır. Bələdiyyələrin onlara qanunla müəyyən edilmiş hüquqi vəzifələrinin icrasına mane olan məqamlar var. Məsələn, vətəndaşları narahat edən əsas məsələlərdən biri sənədsiz evlərlə bağlıdır. Bu məsələdə əsassız yerə bələdiyyələr günahlandırılır. Halbuki bu məsələdə konkret rəsmi orqan məsuliyyət daşıyır. Belə qurumlardan biri Əmlak Məsələləri Dövlət Xidmətidir. Gözlənti bu idi ki, dövlət xidməti vətəndaş-bələdiyyə-əmlak münasibətlərinin tənzimlənməsi üçün ortaya konkret bir proqram qoyacaq. Və bu proqramda həm vətəndaşı, həm bələdiyyələri, həm də dövləti narahat edən məsələlər öz həllini tapacaq, üstəlik, xidmətin strukturundakı “vəzifəsini icra edənlər”də öz vəzifələrinə təsdiq ediləcəklər. Təəssüf  ki, gözləntilər özünü doğrultmadı. Görünən budur ki, dövlət xidmətinin rəsmiləri hüquqi statusu bəlli olmayan evlərlə bağlı ölkə başçısının dəfələrlə etdiyi çıxışlardan və imzaladığı sənədlərdən, bununla bağlı yaradılan komissiyalardan xəbərsizdirlər. Hər halda yuxarıda deyildiyi kimi, dövlət xidməti vətəndaş-bələdiyyə-əmlak məsələlərini özündə ehtiva edən konkret proqram üzərində işlərini yekunlaşdırmalı və  “sənədsiz evlər”in bir problem olaraq həllinə nail olmalıdır. Bu həm də qurumun üzərinə düşən əsas vəzifədir. İnanmaq istərdim ki, Əmlak Məsələləri Dövlət Xidməti tezliklə  ortaya hansısa dolaşıq istiqamətlər üzrə hazırlanmış proqramı deyil, məhz cənab Prezidentin də daim səsləndirdiyi şəffaflıq və vətəndaş məmnunluğunun təmin edilməsinə söykənən  proqramı hazırlayıb ortaya qoyacaq. Bununla da uzun illərdən bəri həm vətəndaşlara, həm də bələdiyyələrə yaratdıqları problemləri aradan qaldıracaqlar. 

  V.Tofiqli qeyd etdi ki, bələdiyyələrin fəaliyyətinin arzuolunan səviyyəyə çatmamasında onların büdcə vəsaitlərinin azlığı da əsas rol oynayır: 

- Avropada, qardaş Türkiyədə bələdiyyələr böyük proqramlar icra edir. Nəzarətlərində olan bölgənin demək olar bütün sosial problemlərini həll edə bilirlər. Bu, həmin bələdiyyələrin malik olduqları vəsaitlər hesabına mümkün olur. Bizdə də bələdiyyələrin normal fəaliyyəti üçün zəmin yaradılmalı və bələdiyyələrin vətəndaş cəmiyyətinin inkişafına əsaslı töhfə verməsi təmin edilməlidir. Əgər bələdiyyələr onlara tanınan imkanlardan doğru istifadə etməsələr, o zaman onlara irad bildirmək doğru olacaq.