Avtomobillərin hərəkəti müşahidə ediləcək

Bəlkə bundan sonra sürücülərin də işi yüngülləşər

Əsas məqsəd qanunsuz yükdaşımaların qarşısını almaq, bu sahədə çalışan sürücülərin işçi kimi hüquqlarının müdafiəsi ola bilər

  Azərbaycanda bir sıra avtomobillərin hərəkəti müvafiq dövlət qurumu tərəfindən müşahidə ediləcək. Bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, aşağıdakı hallardan biri və ya bir neçəsi olduqda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) avtonəqliyyat vasitəsilə müşayiət edilməlidir: nəqliyyat vasitəsinin eni 2,55 metrdən artıq olduqda;  nəqliyyat vasitəsinin hündürlüyü 4 metrdən artıq olduqda;  nəqliyyat vasitəsinin uzunluğu 24 metrdən artıq olduqda; nəqliyyat vasitəsinin ümumi kütləsi 50 tondan artıq olduqda. 

Eni 3,5 metrdən artıq, uzunluğu 30 metrdən artıq, ümumi kütləsi 80 tondan artıq, hərəkət zamanı nəqliyyat vasitəsi əks istiqamətdəki hərəkət zolağını bu qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən hədlərdən artıq tutduqda isə nəqliyyat vasitəsi müvafiq qurumun həm mühafizəsi, həm də müşayiəti hərəkət etməlidir. 
  
Mövzu ilə bağlı “Şərq”ə danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov qanuna təklif edilən dəyişikliklərin hansı məqsəd daşıdığını açıqladı: 

- Hesab edirəm ki, əsas məqsəd qanunsuz yükdaşımaların qarşısını almaq, bu sahədə çalışan sürücülərin işçi kimi hüquqlarının müdafiəsi ola bilər. Məlumdur ki, yük avtomobillərinin paytaxta girişiylə bağlı yeni normativlər tətbiq edilir. Burada yol hərəkətinin təhlükəsizliyi də əsas məsələdir.

 Gördük ki, dekabr ayında yük avtomobilinin iştikarı ilə böyük qəza baş verdi. Yük avtomobillərinin hərəkətinə, onların mövcud normativ qaydaları pozmamasına ciddi nəzarət edilməlidir. Buna görə də yük avtomobillərinin, qanuna dəyişiklikdə göstərilən halda, müvafiq qurumun nəqliyyat vasitəsinin nəzarəti və ya müşayiəti altında hərəkət etməsi lazım gəlir. 

Bu şəkildə nəzarət və müşayiət qanunsuz yükdaşımaların da qarşısını almağa hesablanır. Sürücülərin hüquqlarının qorunması məsələsinə isə xüsusi aydınlıq gətirmək istəyirəm. Yük avtomobillərinin sürücüləri bəzən sahibkarlar, eləcə də əməkdaşı olduqları qurumlar tərəfindən Əmək Məcəlləsinə zidd olaraq daha çox çalışdırılır, yuxulu, yorğun halda avtomobil idarəetməyə cəlb olunurlar. Bu da yollarda yük avtomobillərinin iştirakı ilə ağır qəzaların baş verməsinə səbəb olur.

  Eyni hal ictimai nəqliyyata da aiddir. İctimai nəqliyyat sektorunda çalışan avtobus sürücüləri də çox zaman yorğun, yarıyuxulu vəziyyətdə olur. Bu ona görədir ki, sürücülər gün ərzində fasiləsiz olaraq sükan arxasında əyləşir, səhər saatlarından etibarən taki gecəyədək avtobus idarə edirlər. Belə vəziyyətdə əlbəttə qəza hallarının yaranması da labüd şəkil alır. 

İstirahət etməyən sürücü təbii ki, əsəbi, gərgin olur həm də. Bunlar hamısı ictimai nəqliyyatın fəaliyyətinə mənfi təsir edir. Yük avtomobillərinin müşayiət olunması, onlara nəzarət sürücülərin də işini yüngülləşdirər.