Qırmızı “07”-də! – “...Orda da dəstək lazımdır” – Sərvər “Sherg.az”a danışdı



“Sosial şəbəkələrdə qırmızı rəngli köhnə avtomobillə gündəm olan Sərvər Bəşirli Türkiyənin Kahramanmaraş vilayətinə gedəcək. Həmin yerdə xilasedicilərə qoşulacaq”. 
Bunu “Sherg.az”a açıqlamasında  S.Bəşirlinin özü bildirib. O qeyd edib ki, fevralın 15 də günorta saatlarında qardaş ölkəyə yola düşəcək:
“Qardaş ölkənin başına gələn fəlakət məni çox dərindən sarsıtdı. Əl atıb köməklik etməyə çalışdım. Əlimizdən gəldiyi qədər də yardımlar etdik. Etdiyimiz balaca bir yardıma belə həyacanlanırdım. Qardaş-qardaşa dar gündə gərəkdir. Mən və yaxınlarım qardaşlarımızın yanında olmağa çalışdıq. Orada onlarla olmasaq da, ürəyimiz daim onların yanındadır.  Bu gündə yardımları bacardığımız qədər davam etdiririk.

 Edilən hər yardımda daha çox qürurlanıram. Hər atılan adımda bizim qardaş olduğumuzu bir də anlayıram. Ərzaq, geyim, və əşyalar göndəririk. Ancaq bunlarla yanaşı, orda da dəstək lazımdır. Buna görə də könüllü olaraq Türkiyəyə yardıma gedirik. Yardımlarımıza orda davam edəcəyik. Bütün dünyaya qardaşlarımızın yanında və birlik olduğumuzu sübut edəcəyik”.

Qeyd edək ki, ötənlərdə köhnə avtomobili ilə Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım apardığına görə, bir andaca sosial şəbəkə fenomeninə çevrilib. O, Laçın rayonunun Minkənd kəndindəndir və hazırda Ceyranbatan qəsəbəsində məskunlaşıb.
 
Şərqiyyə Nəbi