Azərbaycanın Türkiyəyə göndərdiyi yardımların həcmi açıqlanıb

Azərbaycanın Türkiyədəki zəlzələ bölgəsinə göndərdiyi yardımların həcmi açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu günədək Azərbaycandan zəlzələ bölgəsinə TIR-larla, təyyarələrlə 5 624 çadır göndərilib:
“Böyük çadırlar 30 nəfərlikdir. 25 minə yaxın adyal, eyni zamanda 401 ton tibbi ləvazimat, 1 200-dən çox generator göndərilib. Bəziləri böyük olduğu üçün təyyarə ilə yollanıldı”.
O qeyd edib ki, zəlzələ bölgəsinə 6 240 ədəd qızdırıcı, 737 ton qida məhsulları göndərilib:
“Bu gün hər bir corab, papaq da önəmlidir. Bu dəstəyi edən azərbaycanlı qardaşlarımıza təşəkkür edirəm”.