Oğlanlar evlənməyə qız tapmır! – Niyə qız qızıla dönüb? – Təsirli FAKT 

“Vaxt var idi ki, rayonlarda qız uşaqlarını abort etdirirdilər. “Oğlan doğ!” deyirdilər, indi də elə məhz bunun fəsadları ilə qarşılaşırlar”.
Bunu “Sherg.az”a Diksiya Akademiyası MMC-nin təsisçisi Cəlalə Nəzəroğlu deyib. Onun sözlərinə görə, rayonlarda oğlanları evləndirmək üçün qız tapılmır:

“Buna demək olar ki, bütün rayonlarda, kəndlərdə rast gəlinir. Əvvəllər, ailələr qız uşaqlarını istəmirdilər, daha çox oğlan uşaqlarına üstünlük verirdilər. Bu, əlbəttə, cahilliyin nəticəsidir. Ailənin sözükeçən fərdləri oğlan uşağına sahib olmağı xüsusi güc aləti hesab edirdilər. Bəzi şəxslər həqiqi ehtiram sahibi olmaq üçün oğlan uşağının varlığını başlarında parlayan görünməz tac hesab edirdilər. 

Düzdür, həyat belə insanların əslində, sonralar nə qədər yanıldığını göstərdi. “Sənin əvəzinə qara daş doğaydım”, “Sənin yerinə kaş beş qızım olaydı” deyimləri peşmanlıq duyğusundan xəbər verir. Həqiqi uğuru qazanmaq, hörmət sahibi olmaq iradə, güc, səbir, zəhmət tələb edir. 

Oğlan övladına sahib olmaqla onlar öz aləmlərində böyük əmək sərf etmədən  sanki uğura sahib olurdular. Söhbət burada uşağı böyütmək üçün sərf edilən əməkdən yox, onun ana bətnində yaranma prosesindəki insan faktorundan gedir.

Qız uşaqlarına xor baxan bu “səyyar ləyaqət heykəlləri” təəssüf ki, indi də az deyil. Yalnız dəqiq bələd olduğum cənub bölgəsini misal çəkirəm. Bu gün oğlanlarımız evlənmək üçün yaşlarına uyğun qız tapmırlar. Bunun səbəbi də vaxtında qız uşaqlarının dünyaya gəlməsinin qarşısını almaq olub. 

Azyaşlı uşaqların evləndirilməsinə də elə burada rast gəlirik. Ailələr oğlanlarını evləndirmək üçün 13-14 yaşlı qız uşaqlarına elçi gedirlər. Beləcə bir çox uşağı gələcəyindən edirlər. Bunu edənlərin bir çoxu da elə qız uşağını abort etdirən geri düşüncəli insanlardır. Etdikləri qətlə bu gün də uşaq yaşda birini evləndirərək davam edirlər. Qızların həyatı, təhsili, xəyyaları beləcə yarım qalır”.

Şərqiyyə Nəbi