Mehriban Zeynalova: 3, 4 uşaqlı ailələrin sayı getdikcə azalır

Hər bir ana övladının gələcəyinə görə narahatdır

Müharibələrin bitmədiyi dövrdə qadınlar dünyaya övlad gətirməkdən çəkinirlər

  Rusiyada uşaqsızlığa görə verginin tətbiqi müzakirə olunur. Rusiya Dumasının  deputatları bununla bağlı hələlik konkret qərar açıqlamayıblar. Dövlət Dumasının deputatı Yevgeni Fedorov hesab edir ki, əlavə vergi hələ övladı olmayan rusiyalı gənc ailələri müsbət qərar qəbul etməyə - ən azı bir uşaq sahibi olmağa sövq edəcək. Bununla belə, deputat Yaroslav Nilov hesab edir ki, belə bir tədbir vəziyyəti daha da pisləşdirə bilər. Dövlət Dumasının Ailənin Müdafiəsi, Atalıq, Analıq və Uşaqlıq Məsələləri Komitəsinin rəhbəri Nina Ostanina da verginin tətbiqi ideyasını pisləyib. Onun sözlərinə görə, uşaqsızlığa görə vergi rusiyalılar arasında qorxu və hakimiyyətə inamsızlıq yaradacaq. Deputat gənc ailələri uşaq sahibi olmaqdan çəkindirən problemlərin ilkin mərhələdə həllini təklif edib.

  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az"a açıqlamasında bildirdi ki, Rusiyada demoqrafik göstəricilər zəif olduğuna görə hökumət vəziyyətdən çıxış yolları axtarır: 

- Hətta adət-ənənələrin qorunduğu ölkəmizdə ailələrdə övlad sayı azalıb. Müasir Azərbaycan ailəsinin formatı ana, ata 1 və ya 2 uşaqdır. 3,4 uşaqlı ailələrin sayı getdikcə azalır. Çoxuşaqlı ailələr də azlıq təşkil edir. Azərbaycanda vəziyyət belədirsə, Rusiyadakı vəziyyəti təsəvvür etmək asandır. Deputatların o fikri ilə razıyam ki uşaqsızlığa görə vergi tətbiqi, hansısa formada cərimələr problemləri köklü şəkildə həll etmir. Və vəziyyəti düzəltmək əvəzinə, pisləşdirir. Problem varsa, onun səbəbləri araşdırılmalı və səbəblər aradan qaldırılmalıdır. Valideynlər övladlarına gərəkən səviyyədə diqqət, qayğı göstərmək imkanı olmadığından 1, ya da 2 övlad olmasına üstünlük verir. Valideynlərin çoxu “1 uşağa zorla baxırıq, 2-ciyə necə baxacağıq”, tipli izahat verir. Rus ailələri adətən azuşaqlı olub. Görünür, son illərdə rus ailələri övlad sahibi olmaqdan daha çox çəkinir. Bunun da şübhəsiz ki, öz səbəbləri var. Bəlkə, sosial problemlərdir, uşaqların gələcəyindən narahatlıqdır. Müharibələrin bitmədiyi dövrdə qadınlar dünyaya övlad gətirməkdən çəkinirlər. Hər bir ana övladının gələcəyinə görə narahat olur, övladının təhlükəsiz cəmiyyətdə yaşamasını, gələcəyinin firavan olmasını arzulayır. Bu şərtlərin ödəndiyi cəmiyyətlərdə övlad sahibi olmaq daha arzuolunandır.