Türkiyədə zəlzələ bölgəsinə DƏSTƏK: TÜRGEV və TÜGVA- dan mühüm addımlar - FOTOLAR

TÜRKİYƏ GƏNCLİK VƏ TƏHSİL XİDMƏTLƏRİ FONDU YATAQXANALARINI ZƏLZƏLƏ QURBANLARINA AÇDI


Əsrin fəlakəti olaraq xarakterizə edilən, mərkəzi Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyə tək ürək olaraq yaraları sağaltmağa çalışır. 
“Sherg.az” xəbər verir ki, Türkiyədə onlarla fond kimi Türkiyə Gənclik və Təhsil Xidmətləri Fondu (TÜRGEV) da zəlzələdən zərərçəkənlərə yardımda ön sıralarda yer alır. İşçi heyəti, tələbələr və könüllülərlə zəlzələdən zərər çəkənlər üçün fəaliyyətini fasiləsiz davam etdirən TÜRGEV bölgəyə çox sayda yardımlar göndərib, yataqxanalarını zəlzələdən zərərçəkənlərə açıb.
Zəlzələlərin baş verdiyi gündən TÜRGEV yataqxanaları könüllülərlə birlikdə zəlzələ qurbanlarının ehtiyacları üçün çalışan könüllü mərkəzlərinə çevrilib. Yataqxanalardan birində yemək və tikiş emalatxanaları zəlzələ bölgəsinin ehtiyaclarını qarşılamaq üçün istehsal mərkəzinə çevrilib. Orada uzunömürlü qida və soyuğa davamlı geyimlər istehsal olunur.
Fondun Psixoloji Məsləhət Mərkəzi zəlzələdən zərər çəkən şəxslər üçün həm uzaqdan, həm də yerindəcə reabilitasiya və psixoloji dəstək fəaliyyətlərinə başlayıb. 
TÜRGEV personalı zəlzələ bölgəsində xilasetmə və zəlzələ bölgəsinə gedən ləvazimatların yığılması, hazırlanması, qablaşdırılması və yüklənməsi işlərində iştirak edir.

TÜRGEV-in verdiyi məlumata görə, indiyədək 1041 yastıq, 1323 yorğan/adyal, 1340 yorğan örtüyü, 6964 corab, 500 powerbank, 4 noutbuk, 2 printer, 1458 uşaq qidası, 16725 qutu uşaq bezi, 259 qızdırıcı, geyim, ərzaq, gigiyena və təmizlik məhsulları və s. göndərilib.

Bundan başqa, TÜRKİYƏ GƏNCLİK FONDU (TÜGVA) 81 ŞƏHƏRDƏKİ NÜMAYƏNDƏLİKLƏRİNDƏ TOPLANAN YARDIMLARI BÖLGƏYƏ ÇATDIRIR

Türkiyədə mərkəzi Kahramanmaraş olan və 10 şəhərdə böyük dağıntılara və çoxsaylı insan  tələfatına səbəb olan zəlzələlərdən sonra digər QHT-lər kimi Türkiyə Gənclik Fondu da (TÜGVA) 81 şəhərdəki nümayəndəliklərində topladığı yardımları AFAD-ın koordinasiyası ilə ehtiyac olan bölgələrə çatdırır.

Zəlzələnin ilk günündən sahədə olan 12 min nəfərdən ibarət könüllü dəstələr həm zəlzələ bölgələrində, həm də yardım toplama mərkəzlərində fəaliyyətlərdə iştirak edirlər.

Zəlzələ qurbanlarına içərisində adyal, quru yemək, geyim, gigiyenik məhsullar, elektrik materialları, qızdırıcı, çadır, şərf, papaq, uşaq qidası və s. olan çox sayda yardım çatdırılıb.
Kahramanmaraş, Hatay, Adıyaman və Malatya şəhərlərində “TÜGVA Dəstək Mərkəzi” yaradılıb.
Yardım mərkəzlərinə gəlmə imkanı olmayan vətəndaşlar üçün isə Hatay, Adıyaman, Maraş və Malatyada 41 “TÜGVA Dəstək Mobil Market” fəaliyyətə başlayıb.
Kahramanmaraşda qurulan “Gigiyena məntəqələri” və “Əczaçılıq çadırı” zəlzələ qurbanlarının əsas ehtiyaclarını qarşılamağa davam edir.

Vətəndaşların xüsusilə şarj ehtiyaclarını ödəmək üçün TÜGVA-nın “Səyyar İcathane” maşını “Enerji Nöqtəsi”nə çevrilib. Generatorlu yük maşını sayəsində zəlzələdən zərər çəkənlər telefonlarını enerji ilə doldurub yaxınları ilə əlaqə saxlaya bilirlər.

Uşaqlar üçün “Ana Uşaq” çadırında oyun meydançası qurulub, psixososial dəstək göstərilir.
Zəlzələ zonasının ətraf əyalətlərində yerləşən Sivas, Kayseri, Adana, Konya, Trabzon, Qars, Antalya, Sinop, Samsun və Kastamonu şəhərlərində 7/24 çay, sendviç, isti şorba və isinmə xidmətləri göstərən TÜGVA yataqxanaları hazırda 1800-dən çox zəlzələ qurbanına ev sahibliyi edir.