Aksiya ilə bağlı qərar tövsiyə xarakterli qərardır 


Ona görə də Azərbaycan fəalları qarşılarına qoyduqları məqsədlərə çatana qədər aksiyanı davam etdirməkdə haqlı olacaqlar

  Ermənistan Beynəlxalq Ədalət Məhkəməsində minalarla bağlı faktların heç birini təkzib edə bilməyib. Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) 22 fevral 2023-cü il tarixli qərarı ilə bağlı keçirilən brifinqdə deyib. Nazir müavini qeyd edib ki, həmçinin bu minalar ancaq Laçın yolu vasitəsilə gətirilə bilərdi: "Bu da onu göstərdi ki, son 2 ildə Ermənistan üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərini pozur”. Qeyd edək ki, Ermənistan əsas 3 məsələyə baxılması üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. 

İddia ondan ibarət olub ki, bu aksiya saxtadır və iştirakçılar, guya, Azərbaycan hökuməti tərəfindən öyrədilmiş şəxslərdir. İrəli sürülən sübutlardan sonra məhkəmə Ermənistanın vəsatətini ləğv edib: “Bununla bağlı Ermənistan məhkəməyə müraciət edərək aksiyanın süni şəkildə təşkil olunmasının təsdiqini tapmaq istəyirdi. Eyni zamanda biz tərəfdən həmin aksiyaların həqiqətən ekofəallar tərəfindən keçirildiyi, ekofəalların adları və foto-video sübutlar məhkəməyə təqdim edilib. Dünən açıqlanan qərarda məhkəmə Ermənistanın vəsatətini ləğv edib və aksiyanın Azərbaycan hökuməti tərəfindən təşkil olunması ilə bağlı fərziyyəni ləğv edib”. 

Nazir müavini qeyd edib ki, Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsi qarşısında irəli sürdüyü digər məsələ isə bütün şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin tam dayanıqlı və azad şəkildə Laçın yolundan keçməsi ilə bağlı Azərbaycana öhdəliyin müəyyən edilməsinə dair olub: "Qeyd olunub ki, üçtərəfli bəyanata əsasən, Laçın yolunda nəzarət Rusiya sülhməramlılarına aiddir və Azərbaycanın öhdəliyi humanitar məqsədlə keçidlərin təhlükəsizliyinin təmin edilməsidir. Azərbaycanın bu günə qədər olduğu kimi, bundan sonra da öz öhdəliklərinə sadiq olduğu məhkəmə dinləmələrində səsləndirilib. Zəmanət verilib ki, məhz humanitar məqsədlər üçün hərəkətlərin təhlükəsizliyi təmin ediləcək. Məhkəmə qərarını açıqlayanda Azərbaycanın öhdəliyinə sadiq olduğunu vurğulayıb”. Bəyan edilib ki, BƏM-in qərarında Azərbaycanın Qarabağda erməni əhalinin qaz, elektrik və internet təchizatına heç bir müdaxilə etmədiyi əksini tapıb. 

  Məhkəmənin qərarı ilə bağlı "Şərq"ə danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, Ermənistan tərəfi üç əsas məsələ ilə əlaqədar Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Ekspert bildirib ki, müraciətlərdən biri Laçın yolunda eko-fəalların aksiyası ilə bağlı olub:

 "Ermənilər iddia edirdilər ki, guya, aksiya Azərbaycan hökuməti tərəfindən təşkil edilib. 

Bunu siyasi qərar kimi təqdim etməyə çalışırdılar. Amma Azərbaycan tərəfi bununla bağlı kifayət qədər foto-video sübutları, ekofəalların adlarını BƏM-nə təqdim etdi. Nəticədə məhkəmə ermənilərin fərziyyədən ibarət olan iddialarını ləğv etdi. Lakin buna rəğmən, yolun açılması ilə bağlı BƏM-nin vəsatəti var. O zaman sual ortaya çıxır ki, ekofəallar bu vəsatətdən sonra aksiyanı dayandıracaqmı? Yeri gəlmişkən qeyd edim ki, 2021-ci ilin oktyabrında Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Ermənistana qarşı bir vəsatət təmin olunmuşdu. Ermənistanda azərbaycanlılara qarşı etnik nifrəti təşviq edən şəxslərin saxlanması və qruplaşmaların fəaliyyətinin dayandırılması ilə bağlı vəsatət Azərbaycanın istəyi ilə təmin edilmişdi. Lakin Ermənistan tərəfi həmin qərarı bugünədək yerinə yetirməyib. Məhkəmədən çıxan qərarı icra etməyən Ermənistanın yenidən BƏM-ə müraciəti, ölkəmizə qarşı ittihamlarla çıxış etməsi başadüşülən deyil. Yəni məhkəmənin qərarını görməzdən gələrək özləri üçün "ədalət" tələb edirlər. Əgər qərarların icrasına görə Ermənistana heç bir təzyiq göstərilmirsə, ekofəallarımız niyə aksiyanı saxlamalıdır? Hesab edirəm ki, aksiya ilə bağlı tövsiyə xarakterli qərardır və imperativ deyil. Ona görə də Azərbaycan fəalları qarşılarına qoyduqları məqsədlərə çatana qədər aksiyanı davam etdirməkdə haqlı olacaqlar. Aksiyanı dayandırmaq qərarını isə hökumət yox, etirazı davam etdirən ekofəallar verə bilər". 

  Ç.Qənizadə vurğulayıb ki, Ermənistan tərəfi Qarabağa verilən təbii qazın və digər kommunal xidmətlərin dərhal bərpa edilməsini tələb edib və bu məsələ də rədd olunub:

 "Həmçinin, Azərbaycan tərəfindən təqdim olunmuş və 2021-ci ildə istehsal edilmiş minaların Laçın yolu ilə Azərbaycana daşınması Ermənistan tərəfindən təkzib olunmayıb. Bu da Azərbaycanın növbəti uğuru və Ermənistanın uğursuzluğa düçar olmasıdır. Azərbaycanın uduşu daha çoxdur. Bir daha sübut olundu ki, ermənilər atəşkəsdən sonra istehsal olunmuş minaları Azərbaycan tərəfinə keçirərək torpaqlarımızda basdırıblar. Ermənistan sülh prosesini bu cür ləngitməklə məşğuldur".