Molla rejimi Əhməd Obalının bacısı oğlunu həbs edib  - FOTO

Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan Məhəmməd Yusifi həbs edilib.
Oxu.Az xəbər verir ki, azərbaycanlının yaxınlarının məlumatına görə, fevralın 20-də səhər saat 10-da Ərdəbil şəhərinin polis əməkdaşları onun yaşadığı mənzilə gediblər.

O, evdə olmadığı üçün anasından onun polisə müraciət etməsini istəyiblər.
Saat 11-də evə gələn Məhəmməd Yusifi saat 11:30-da polis bölməsinə gedib.
12:30 radələrində Ərdəbil məhkəməsinə aparılan Məhəmməd Yusifi saat 15 radələrində bir polkovnik və bir əsgərin müşayiəti ilə avtobusla Tehrana göndərilib.
Məhəmməd Yusifi gecə saat 23:30-da Tehranın Evin zindanına aparıldığı barədə anasına məlumat verib. 
Fevralın 21-də səhər saat 08:00 radələrində yenidən anasına zəng edən Yusifi artıq Evin zindanına çatdıqlarını bildirib.
Onun hakimiyyətə qarşı təbliğatda ittiham edildiyi bildirilir.
Qeyd edək ki, Məhəmməd Yusifi GünazTV-nin təsisçisi, Amerikada mühacirətdə yaşayan siyasi fəal Əhməd Obalının bacısı oğlu, GünazTV-nin Bakı ofisinin rəhbəri Araz Obalının qardaşıdır.

Məhəmməd Yusifinin həbsinin GünazTV və Əhməd Obalının fəaliyyəti ilə bağlı olduğu və bundan Obalıya qarşı təzyiq vasitəsi kimi istifadə edildiyi ehtimal olunur.