Kamera-radar siyasətinə yenidən baxılmalıdır


Bizdə yol sürət rejimi qəzalar üçün əsas şərait yaradan amillərdən biridir


  Azərbaycanda 2022-ci ildə yol qəzaları nəticəsində 834 nəfər həyatını itirib ki, bu da əhalinin sayına nisbətdə həm MDB, həm də dünya üzrə orta göstəricidən çoxdur. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçiriləcək "Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi" tvinninq layihəsinin açılış mərasimində bildirib.
  R.Nəbiyevin sözlərinə görə, hər il dünyada 1 milyondan çox insan yol hərəkəti zamanı həyatını itirir. Bu hər 30 saniyədə bir insan ölümü - bir neçə ailənin faciəsi deməkdir: “Məsələnin iqtisadi aspektlərinə baxanda isə görürük ki, yol hərəkəti qaydalarının pozulması nəticəsində hər il dünyada infrastruktura dəyən ziyanın məbləği təxminən 500 milyard ABŞ dolları civarındadır. Odur ki, "Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi" tvinninq layihəsi ölkə və insanların həyatı üçün çox vacibdir. Polşa və Litva layihədə Azərbaycanın tərəfdaşı kimi çıxış edəcək, bu ölkələrin mütəxəssisləri bilik və bacarıqlarını bizimlə bölüşəcəklər. Layihəni Daxili işlər və Səhiyyə nazirlikləri ilə birgə icra edəcəyik, ölkəmizdə yol hərəkətinə töhfə verilməsi istiqamətində təkliflərimizi birgə irəli sürəcəyik", - deyə o qeyd edib.
  Bu barədə  “Şərq”ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Azərbaycanda qəzaların çox, ölüm hallarının yüksək olmasının əsas səbəblərindən biri kamera-radar siyasətidir. Sözügedən statistikanı  qonşu ölkələrlə müqayisə edən ekspert deyib ki, 2022-ci ildə yol qəzalarında qonşu Gürcüstanda 430, Ermənistanda isə  321 nəfər həyatını itirib: “Bu ölkələrlə müqayisədə  əhali sayına nisbət aşağı-yuxarı bərabər göstəricilərdir. Amma bir məsələ var ki, 
Gürcüstanda yollar bərbad və bölünmüş vəziyyətdədir. Qoşa yolları çox azdır. Sürət radarları, kameralar da bizdəki qədər deyil. Buna rəğmən ölüm sayı bizim ölkə ilə eynidir. Düşünürəm ki, bizdə qəzaların çox, ölüm hallarının yüksək olmasının əsas səbəblərindən biri dövlətin kamera-radar siyasətidir. Təbii ki, sürücülük vəsiqələrinin pulla satılmasının da təsiri var, amma bu, həlledici deyil. 27 illik sürücülük təcrübəsi, yüzminlərlə km yol sürən biri kimi deyə bilərəm ki, bizdəki yol sürət rejimi qəzalar üçün əsas şərait yaradan amillərdən biridir. Bakı-Qazax, Bakı-Astara, Bakı-Şamaxı yollarının keyfiyyəti pis deyil, bölünmüş, yəni qəzalar üçün müəyyən sığorta yaradan yollardır, amma hər 3-5 km-dan bir kamera-radarların quraşdırılması sürücülərin davranışlarına birbaşa təsir edir. Kamera-radarlar çox zaman məntiqsiz olaraq, yol hərəkətinin təhlükəsizliyi üçün deyil də, məhz cərimə yazmaq üçün quraşdırılır. Bakı-Qazax yolunda bu, daha aydın görünür.  Sürət həddi 110 km olan yerdə çox qısa məsafədə birdən sürət həddi 70 km-ə, və ya 60 km-a salınır, sonra yenidən 110 km-ə qaldırılır. Sürücülər radarlararası məsafədə sürəti kəskin artırırlar, bir radardan digər radara qədər 140-170 arası sürət yığırlar, sonra kəskin sürəti salırlar və beləcə yol boyu müxtəlif sürüş rejimində maşın idarə edirlər, bu da qəza şəraitini artıran əsas amilə çevrilir. Eyni sürüş rejimi digər bölünmüş yollarda da təkrarlanır ki, bu da qəzaları artırır”. 
  N.Cəfərli deyib ki, dövlət orqanları bu günə qədər bir dəfə də olsun qəzalarla bağlı elmi-sosioloji araşdırmalar aparmayıb.  Səbəblərdən yox, hər zaman  nəticədən danışıblar. Yanaşmaları sürücüləri təşviq etmək üçün deyil, cəzalandırmaq üçündür: “Bölünmüş yollarda sürət rejimi mütləq dəyişdirilməlidir, sürət həddi 130 km-ə qaldırılmalıdır, bu həddi pozanlara cəza isə daha sərt olmalıdır, yəni kim 130 km sürət həddini pozsa, həmin 5 bal və 200 manat da cərimə olunmalıdır və bu, insan faktorundan asılı olmamalı, inspektorin insafına buraxılmamalıdır. Təbii ki, digər təşviqedici, maarıfləndirici tədbirlərə də ehtiyac var, amma əsas bu “sürət tələsindən” qurtulmaq lazımdır”.

  Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə hesab edir ki, ölkəmizdə bir çox yollar bərbad vəziyyətdə olduğundan qəzaların sayı çox olur. Onun sözlərinə görə, yol salınan zaman yalnız yol örtüyünün, asfaltın yaxşı olmağı əsas götürülməməlidir: “Əgər biz yoldan danışırıqsa, onun tam infrastrukturundan söz açmalıyıq. Yol infrastrukturu dedikdə, burada yolların xətlənməsi, nizamlanması və təbii ki, işıqlandırılması nəzərdə tutulur. Bu gün ölkəmizdə elə şəhərlərarası əhəmiyyətli magistral yollar var ki, onlar heç işıqlandırılmayıb, qaranlıqdır və çala-çuxurdur. Qəzaların çox olmasının səbəbləri də bütün bu infrastrukturun standartlara cavab verməməsi və vaxtlı-vaxtında təmir edilməməsidir”.
  Ekspertin fikrincə, bu sahədə konkret işlər görülməli, yol hərəkətinin təhlükəsizliyi sahəsində idarəetmə mükəmməlləşdirilməlidir: “Təhlükəsiz yollar, yol hərəkətinin təşkili, təhlükəsiz nəqliyyat vasitələri olmalıdır, sürücülər avtomobili mükəmməl idarə etməlidirlər. Ən önəmlisi qəza sonrası tədbirlərin həyata keçirilməsidir. Ölüm və şikəstolmalar daha çox qəzadan sonrakı tədbirlərin peşəkar səviyyədə həyata keçirilə bilməməsindən qaynaqlanır. İlkin tibbi yardımın vaxtında və düzgün yerinə yetirilməməsi çox zaman ölümə səbəb olur. Avropanın əksər ölkələrində yol qəza hadisələri zamanı xilasetmə, təcili təxirəsalınmaz tibbi yardım tədbirləri mükəmməl həyata keçirilir. Vahid çağrı mərkəzləri yüksək səviyyədə xidmət göstərir. Sürücülərin əksəriyyəti ilkin tibbi yardım göstərməyi bacarır. Əgər eyni yolda dəfələrlə qəza baş verirsə, qəza ocaqları müəyyən edilir və səbəblərin aradan qaldırılması üçün işlər aparılır. Paytaxt Bakıda belə müəyyən küçələr var ki, dəfələrlə qəza baş verib, hansı qurumlar bununla bağlı tədbirlər görüb?!”.