Qadının rolunu qaldırmalıyıq

Fazil Mustafa: “Bu mədəni həyatımızın zənginləşməsi üçün vacib şərtdir” 

“İnanın ki, qadın gülərsə, bir ailə güləcək, bir millət ümidli olacaq, bir övlad insanlara sevgi ilə böyüyəcək”



  "Şərqdə əsrlərdir tüğyan edən bir kampaniya var. Bu kampaniyanın adı: "Qadın ölərsə"dir. "Qadın ölərsə" demək, öncə onun ana bətnində ölümü deməkdir, seleksiyalı abort vasitəsilə ana bətnində ölümüdür". Bu barədə millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib. 

Deputat bildirib ki, bu vəhşilik indiyədək müasir Azərbaycan cəmiyyətində bir sıra insanlar üçün şərqli olmanın qürur əlamətlərindən biridir: 

"Bundan sonra qadının məişət zəminində ölüdürülməsi gəlir. Sonra çeşidli xəstəliklərdən ölümü gəlir. Burada söhbət qadının  yalnız fiziki ölümündən getmir. Qızların təhsildən uzaqlaşdırılması, erkən yaşda nikaha məcbur edilməsi, iqtisadi cəhətdən çevrədən asılılığı, işsizliyə düçar olması da mənəvi ölümün bir növüdür. Onun sosiallaşa bilməməsi, insan alveri qurbanına çevrilməsi, addımbaşı məişət zorakılığına, cinsi ayrı-seçkiliyə məruz qalması da mənəvi ölümdür. 

Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən "Qadın gülərsə" kampaniyası "Qadın ölərsə" hədəfinə qarşı bir dirəniş kimi anlaşılmalıdır. Qadına şəxsiyyət qazandırmadıqca, onun şərəfi və namusu barədə ədəbi cümlələrin, metaforaların nə qədər süni səsləndiyini anlayacaqsınız. Şəxsiyyətli qadın, həm də ailənin namusunun qoruyucusudur, onun şərəfini ucaldan varlıqdır. Şəxsiyyəti isə sağlam təhsil və tərbiyə formalaşdırır, düşüncə azadlığı və özgüvən yetişdirir. İctimai-siyasi həyatın bütün sahələrində qadının rolunu qaldırmalıyıq, bu, mədəni həyatımızın zənginləşməsi üçün vacib şərtdir. İnanın ki, qadın gülərsə, bir ailə güləcək, bir millət ümidli olacaq, bir övlad insanlara sevgi ilə böyüyəcək. 

  Qadın gülərsə, həm də işgəncə içində ölməyəcək. Qadın gülərsə, kişilərin də insanlara qarşı mərhəməti artacaq. Bu cür sosial kampaniyalar bəyəniləndir, insanları bir daha ən vacib bir mövzu üzərində düşünməyə yönəldir".

  Qeyd edək ki, Elm və Təhsil Nazirliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə "Qadın Gülərsə" sosial kampaniyasına start verib. Nazirlikdən verilən məlumata görə, kampaniyaya qoşulmaq istəyənlər onlar üçün dəyərli olan, təşəkkür borcu duyduqları xanımlarla fotolarını sosial media hesablarında "#QadınGülərsə" həştəqi ilə paylaşa bilərlər. Elm və Təhsil Nazirliyi hər kəsi 1-10 mart tarixlərini əhatə edəcək kampaniyaya qoşulmağa çağırıb: "Əziz və dəyərli xanımlarımız, bayramınız mübarək olsun!".