"Ombudsmanın hesabatında nöqsanlar var" 

Deputat təklif edib ki, Qarabağda da Ombudsmanın regional ofisi yaradılmalıdır

  Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlament sədri Sahibə Qafarova martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda Ermənistan tərəfindən növbəti dəfə təxribat törədildiyini, şəhidlərimiz olduğunu deyib. Spiker bildirib ki, törədilən hadisə bir daha üçtərəfli bəyanatın yerinə yetirilməsinin vacib olduğunu göstərir. Daha sonra İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyevanın illik məruzəsi dinlənilib. Ardınca deputatlar məruzəyə münasibətlərini bildiriblər. 

"İnsan haqlarını pozan dövlət orqanlarının siyahısı Ombudsmanın məruzəsində əksini tapmalıdır"

  Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, insan haqlarını ən çox pozan dövlət orqanlarının siyahısının Ombudsmanın illik məruzəsində əksini tapması vacibdir. Onun sözlərinə görə, Azərbaycanda QHT sektorunun normativ hüquqi-bazası gücləndirilməlidir: “Son illər hüquqlarını qoruyan insanların sayı artıb. Təəssüflər olsun ki, mənzil-kommunal problemləri azalmayıb. Mənzil alqı-satqısı, o cümlədən kommunal xidmətlərin qiymətlərinin şişirdilməsindən şikayətlər artıb. İnsanları qanunsuz azadlıqdan məhrumetməyə görə məhkəməyə çıxarılan, cəzalandırılan yüksəkvəzifəli şəxslər barədə məlumatların məruzədə əksini tapması da yaxşı olardı".

"Xankəndidə özünü “Ombudsman” adlandıran şəxsin..."

  Parlamentin komitə sədri Qarabağda Ombudsmanın regional ofisinin yaradılmasını vacib sayıb: “Martın 1-də postkonflikt barış dövrünün tarixi hadisəsi baş verdi. Konstitusiyaya uyğun olaraq Xocalıda təşkil olunan görüş Xankəndidə yaşayan ermənilərlə birgəyaşayışa dair “Sərsəng” su anbarı ilə bağlı təmaslardan sonra ilk addım sayıla bilər. Belə vəziyyət, Ombudsman İnstitutunun fəaliyyətinin coğrafiyasını genişləndirməklə yanaşı, reinteqrasiya istiqamətində həyata keçirilən tədbirlərdə aktivliyini tələb edəcək. Son lokal toqquşma separatçı qalıqları mülki insanlardan ayırmaq hadisəsidir. Ümidvarıq ki, danışıqlar davam etdiriləcək. Xankəndidə özünü “Ombudsman” adlandıran şəxsin təqdim etdiyi 2022-ci il üzrə hesabat 300 səhifəyə yaxındır. Hesabatın 12-ci bölməsi erməni xalqının hüquqlarının pozulması, müdafiəçinin bəyanatları və fövqəladə hesabatlar adlanır. Orada dağıdılan abidə və yaşayış məskənlərindən bəhs olunur. Lakin 30 illik işğalın mirasından bir cümlə də yoxdur. Qanunlara hörmətlə yanaşan ermənilərin hüquqlarının təminatı ilə bağlı mesajların verilməsi, gələcəkdə o bölgədə regional ofisin yaradılacağı bəyanatı Xankəndidə “Ombusdman” adı ilə siyasətə alət edilən şəxsin hesabatlarına da son qoyardı”.

"İnsan hüquqları üzrə beynəlxalq qurumlarla düşmənçiliyə son qoyulmalıdır"

  Zahir Oruc vurğulayıb ki, Azərbaycanda hüquq müdafiəçilərinin fəaliyyətinin normativ bazası gücləndirilməlidir: "Azərbaycana qarşı xarici hücumların əsas silahına çevrilən, insan hüquqları üzrə beynəlxalq qurumlarla on illərdir davam edən düşmənçilik münasibətlərinə son qoyulmasına ehtiyac var. Vətən müharibəsi zamanı iki beynəlxalq qurum, nəhayət, ölkəmizə qayıtdı, iki obyektiv sənəd hazırladı. “Human Rights Watch” və “Amnesty İnternational”ın məramı nə olsa da, problemlərin obyektiv müzakirəsi, nəhayət, soyuq müharibəyə son qoyardı”.

"Naxçıvanda Ombudsman İnstitutu ləğv edilməlidir"

  Millət vəkili Fazil Mustafa deyib ki, Naxçıvanda Ombudsman İnstitutu ləğv edilməlidir. Onun sözlərinə görə, unitar dövlətdə bir Ombudsman təsisatı olmalıdır: “Ancaq Naxçıvanda ayrı Ombudsman İnstitutu var. Eyni zamanda Qarabağda biri özünü qondarma "Ombudsman" elan edib. İndiki mərhələdə Naxçıvanda Ombudsman İnstitutu ləğv edilməlidir. Bu, unitar dövlət prinsipinə də ziddir. Naxçıvanda hüququ pozulanlar Ombudsman Səbinə Əliyevaya müraciət edə bilmirlər. Bu problem həllini tapmalıdır". 

  Deputat Etibar Əliyev isə qeyd edib ki, Ombudsmanın məruzəsinə   əlavə məlumatlar yüklənib: "Bu isə məruzənin keyfiyyətini aşağı salır”. Onun sözlərinə görə, Ombudsmanın hesabatında şəffaflıqla bağlı nöqsanlar var: “Ombudsmanın məruzəsində qanuni fəaliyyət göstərməyən qurumlarla bağlı ümumi məlumat verilib. Amma bu qurumların adları açıqlanmır. Məruzənin bəzi hissələri keçən ilin məruzəsinin bir hissəsinin təkrarıdır. Təhsil və elm sahəsilə bağlı şikayətlər var. Təəssüf ki, alimlərin problemləri həll edilmir”.

"Hər birimizi narahat edən ciddi çatışmazlıqlar var..."

  Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib ki, Ombudsmanın illik məruzəsi ilə yaxından tanış olub və bu tanışlıq əminliklə deməyə əsas verir ki, ölkəmizdə hüquq və azadlıqların qorunması, vəzifəli şəxslər tərəfindən qanunlara ciddi əməl olunması ilə bağlı böyük və hər birimizi narahat edən çatışmazlıqlar var. Millət vəkli əlavə edib ki, bunun üçün ölkədə ciddi məhkəmə hüquq islahatlarının aparılmasına ehtiyac duyulur: “Yəni Ombudsmanın fəaliyyəti ilə bu nöqsanları aradan qaldırmaq mümkünsüzdür. Ombudsman Səbinə Əliyeva qeyd elədi ki, müəyyən qanunvericilik aktlarına dəyişikliklər etmək lazımdır. Milli Məclis problemlərin həll olunduğu yer deyil. Burada əsasən problemlər səsləndirilir. Ona görə də Ombudsman daha yaxşı olardı ki, mərkəzi icra hakimiyyəti orqanları ilə işləsin və onlardan gələn qanunları, Ombudsmanı əmin edirəm ki, biz burada təsdiq edib geri qaytaracağıq. Məni narahat edən məsələ məhkəmə-hüquq islahatlarının dərinləşdirilməməsi ilə bağlıdır. Baxmayaraq ki, cənab Prezident bununla bağlı xüsusi fərman imzaladı. Amma o islahataların mahiyyəti onunla yekunlaşdı ki, iqtisadi məhkəmənin adı dəyişdirildi, kommersiya məhkəməsi adlandı. Bununla da sanki məhkəmə-hüquq islahatları başa çatdı. Məhkəmə-hüquq islahatları kadr islahatları ilə başlanmalı idi”.

"Ədliyyə sisteminə yeni nəfəs verilməlidir"

  Millət vəkili əlavə edib ki, ədliyyə sisteminə yeni nəfəs verilməlidir: "Biz vaxtilə məhkəmə ekspertizası haqqında qanun qəbul elədik. Özəl məhkəmə ekspertlərinin yaradılmasına yaşıl işıq yandırdıq. Amma bu günə qədər bu istiqamətdə heç bir ciddi addım atılmayıb. Dəfələrlə Parlamentdə məsələ qaldırmışam ki, Azərbaycanda ibtidai həbs müddətinin uzunluğu təqribən 1 il 9 aydır. Bu, olduqca böyük bir zamandır. Əgər kifayət qədər əsaslar yoxdursa, şəxs niyə həbs olunur? O zaman sübutlar toplanmalıdır. Yox əgər kifayət qədər sübutlar toplanıbsa, onda şəxs həbs olunandan sonra istintaq niyə bu qədər davam edir? Ona görə də düşünürəm ki, bu istiqamətdə fundamental dəyişikliklər edilməlidir. Azərbaycanda istintaq aparan 8 orqan var. Hər orqan özünə istintaq idarəsi yaradıb. Yəni elə təəssürat yaranır ki, Azərbaycanda az qala elə bir nazirlik, xidmət yoxdur ki, özünün istintaq orqanı olmasın. Yəni vahid Dövlət İstintaq Komitəsi yaradılmalıdır”.

"Sahibkar Gəncədə özünə bir restoran tikib, amma onun çıxarışını ala bilmir"

  Millət vəkili həmçinin bildirib ki, məhkəmə süründürməçiliyi ilə bağlı məsələlərə nəhayət ki, son qoyulmalıdır: “Xatırlayırsınızsa, mən Ombudsmanın ötən hesabatı zamanı Gəncədə inzibati məhkəmə ilə bağlı bir məsələ qaldırmışdım ki, Rusiyada fəaliyyət göstərən bir sahibkar Gəncədə özünə bir restoran tikib, amma onun çıxarışını ala bilmir. Çıxarış məsələsi nədir ki, məhkəmədə o, bir il iki ay süründürülür. Məhkəmə hər iki aydan bir iş heç bir əsas göstərilmədən təxirə salınır. Bu günlərdə mən AZƏRTAC-ın müxbiri Aygün Əliyeva ilə bağlı da bir məsələ qaldırmışdım. 2020-ci ilin oktyabrından bu şəxs işə bərpa ilə bağlı məhkəməyə müraciət edib. 2 ildən artıq vaxt keçməsinə baxmayaraq, məsələ bu günə qədər öz həllini tapmayıb. Sadə bir məsələdir, yəni çoxepizodlu bir məsələ deyil. Ona görə də məhkəmə süründürməçiliyinin qarşısı alınmalıdır. Bu istiqamətdə qanunvericiliyə ciddi dəyişikliklər edilməlidir. Andlı iclaslar institutu Azərbaycanda bərpa olunmalıdır. Vaxtilə bu, bizim qanunvericiliyə daxil edilmişdi. Məhkəmələr çalışırlar ki, daha çox qanuna əsaslanan qərarlar qəbul etsinlər. Baxmayaraq ki, konstitusiyada yazılıb ki, ilk növbədə, qərarlar, hökmlər, qətnamələr ədalətli olmalıdır. Ədalətli və qanuna əsaslanan qərarlar. Bunu yalnız andlı iclaslar institutu həyata keçirə bilər. Mən hesab edirəm ki, insan hüquq və azadlıqları ilə bağlı Ombudsmanın görə biləcəyi iş azdır. Onun üçün güclü məhkəmə hakimiyyəti yaradılmalıdır. Biz də əsas diqqətimizi bu sahəyə yönəltməliyik”.