Erkən nikah problemi bitmir

Yaşı artırmaqla, endirməklə heç nəyə nail ola bilmərik

“Bizim hədəfimiz qızların nikah yaşını artırmaq yox, onların təhsil almasına, iqtisadi asılılıqdan azad olmasına nail olmaqdır”

  "Qızlarımız kiçik yaşda ağır ailə yükünü çiyinlərində daşıya bilmirlər. Bu cür ailələrdə zorakılıq halları daha çox olur".
Bu fikirləri “Report”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva deyib.
  Qurum rəsmisi xatırladıb ki, qanunvericilikdə nikah yaşı 18 yaş nəzərdə tutulub: "Lakin xüsusi hallar olarsa, 1 ildən çox olmamaqla, yəni 17 yaşda yerli icra hakimiyyətləri tərəfindən müraciətə əsasən, bu məsələlər qiymətləndirilir və icazə ilə əlaqədar qərar verilir. Sözügedən məsələ ilə bağlı beynəlxalq təcrübə öyrənildi, eyni zamanda milli qanunvericiliyin analizi, təhlili nəticəsində belə bir təklif irəli sürdük ki, 17 yaşda nikah kəsilməsi üçün qəbul edilən üzrlü səbəblər aradan götürülsün. Çünki həmin səbəblər uşaqlarda müəyyən neqativ halların baş verməsinə səbəb olur”.
  “Uşaqlar erkən evliliyə cəlb olunduqda təhsildən kənarda qalır, eyni zamanda əsasən qızlarımız kiçik yaşda ağır ailə yükünü çiyinlərində daşıya bilmirlər. Bu cür ailələrdə zorakılıq halları daha çox olur. Həmçinin tibbi baxımdan da gənc qızların ana olması doğulan körpələrdə və anada müəyyən fəsadlara gətirib çıxara bilir. Bütün bunları nəzərə alaraq komitə kimi belə bir təklif irəli sürmüşük”, - A. Sofiyeva vurğulayıb.
  Qeyd edək ki, Ailə Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Sənəddə bildirilir ki, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Maraqlıdır, nikah yaşı yalnız 18 qəbul edilsə, neqativ halların qarşısı alınacaq?
  "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə “Şərq”ə açıqlamasında deyib ki,  erkən nikahlar cəmiyyətin ən böyük problemlərindən biridir. Bu mövzuda nə qədər yazılıb, müzakirələr aparılsa da, erkən nikah problemi bitmir. Belə hallar ailələrdə münaqişələrə, boşanmalara və nəticədə cəmiyyətdə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Erkən nikahların yaratdığı fəsadlar, ortaya çıxardığı problemlər göz önündə olsa da, məsələ həllini tapmır: “Halbuki daim erkən nikah məsələsi ilə bağlı maarifləndirmə işi aparılır. Deməli, məsələyə kompleks yanaşılmasa, həll olunmamış qalacaq. Ona görə də biz valideynləri övladlarını erkən nikaha məcbur etməkdənsə, onlara təhsil verməyə çağırırıq. Deyirlər ki, bəzi ailələr istəmirlər qızları yük olsun, ona görə ondan tez canlarını qurtarmağa çalışırlar. Ona görə də bu cür  sosial həssas ailələri tapıb onları daimi nəzarətdə saxlamaq, həmin ailələrdə böyüyən qız uşaqlarını təhsilə, müxtəlif peşə ixtisaslarına cəlb  etmək lazımdır. Erkən nikahla bərabər təhsildən yayınma ilə bağlı vəziyyət araşdırılmalıdır. Yoxsa yaşı artırmaqla, endirməklə heç nəyə nail ola bilmərik.  Bizim hədəfimiz qızların nikah yaşını artırmaq yox, onların təhsil almasına, iqtisadi asılılıqdan azad olmasına nail olmaqdır. Bunun üçün də mədəni proqramlar, layihələr həyata keçirilməlidir. Qızlara təhsilin perspektivlərini göstərmək, gələcəyə stimullaşdırmaq lazımdır. Oğlan təhsil almasa da daş daşıyıb, ailəsinə baxa bilir. Amma qız təhsil almayanda, həyatı yaxşı gətirməyəndə ya süpürgəçi olur, ya da restoran-kafelərdə qabyuyan. Ona görə də daha çox qızların təhsil almasına diqqət etmək lazımdır. Lakin hazırkı vəziyyətdə, xüsusən də regionlarda bir çox ata-analar evdə qız uşağına bir yük kimi baxır, onun tez bir zamanda ərə getməsi üçün çalışır. Bu baxımdan bir daha qeyd etmək istərdim ki, ailələrdə valideynlərlə söhbət aparmağa ehtiyac var. Bu məsələdə cəmiyyətin də biganəliyi var. Hesab edirəm ki, cəmiyyət, aidiyyəti orqanlar öz övladını erkən nikaha cəlb edən ailələri, valideynləri qınasa, onları qınaq obyektinə çevirsə, bu problemin qarşısını qismən də olsa almış olarıq".
  Nikah yaşına istisna hal hesab olunan 1 yaş güzəştin ləğvinə gəldikdə isə M.Zeynalova hesab edir ki, nikahla bağlı qanunda 1 yaş güzəştinin ləğv edilməsi erkən nikah probleminə təsir edəcək. Məlum məsələdir ki, əvvəlki dövrdə müxtəlif səbəblər gətirilərək, bir sıra hallarda bu güzəştlə bağlı bənddən müəyyən məqsədlər üçün istifadə olunurdu. "Evdə xəstəm var" deyib 17 yaşlı qızı alıb evə gətirmək düzgün deyil. Əgər kiminsə evində xəstəyə baxacaq adam yoxdursa, bunun üçün Sosial Xidmət Agentliyinə müraciət etsin. Düzdür, nişan mərasimi istənilən yaşda keçirilə bilər. İnsanların psixoloji, fiziki vəziyyəti uyğundursa, 18 yaşına bir az qalmış nişanlana, sonra evlənə bilər. Amma 13-14 yaşlı qızları  nişanlayıb, "18 yaşı tamam olanda toy edəcəm" demək düzgün deyil. Erkən nişanlama qızların diqqətinin təhsildən yayınmasına rəvac verir. Ola bilsin ki, cərimələrdən, məsuliyyətdən qaçmaq üçün qızı 18 yaşda evləndirsinlər, amma artıq 13-14 yaşda nişanlama prosesinə başlayır və qızı artıq təhsilə deyil, bu prosesə hazırlığa yönəldirlər. Ona görə də sadəcə erkən nikah yox, erkən yaşda nişanlanma ilə bağlı da  real addımlar  atılmalıdır”. 
  M.Zeynalovanın fikrincə, 18 yaşda nikaha girmək konkretliyi olduğu kimi, qızların ictimai, siyasi, təhsil və digər sahələrdə təhlükəsizliyi, o cümlədən  müxtəlif təsirlərlə üzləşməsinin qarşısını almaq üçün proqramlar olmalıdır: “Bu cür  proqramlar güclü olsa, bəlkə də erkən nikah problemi artıq yavaş-yavaş çözülər. Yəni valideynlər, qohumlar və yaxud yaxınlar bu təhlükələrin aradan qalxdığını gördükdə qızlarının  irəli getməsində təşəbbüskar olacaqlar".