100 minlərlə sənədsiz ev qeydiyyata alınacaq



Prosesin həlli daşınmaz əmlak bazarının daha da təkmilləşməsinə təkan verəcək

“Təhlükəli ərazilərdə məskunlaşan insanları da taleyin ümidinə buraxmaq olmaz.  Xüsusi bir fond yaradılmalı və mülkiyyət üzərində hüququ  bərpa olunan insanlardan əldə olunan rüsumlar həmin fonda köçürülməlidir”


   Milli Məclisdə "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"nə dəyişikliklər müzakirə olunub. Aparılan müzakirələr sənədsiz qeyri-yaşayış obyektlərinin sənədləşdiriləcəyinə yenidən ümidlər yaradıb. Məcəlləyə nəzərdə tutulan dəyişikliklərə əsasən, 2023-cü il martın 1-dək inşa edilən, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edən qeyri-yaşayış sahələri çıxarış (kupça) ilə təmin ediləcək. Qeyd olunur ki, bu dəyişiklik qəbul ediləcəyi təqdirdə 40 mindən çox obyekt qeydiyyata alına və çıxarışla təmin edilə bilər.
  İqtisadçı-alim, millət vəkili Vüqar Bayramov "Bakupost.az"a açıqlamasında deyib ki, dəyişikliklərə əsasən, 2023-cü il martın 1-dək inşa edilən, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edən qeyri-yaşayış sahələri çıxarış (kupça) ilə təmin ediləcək: “Bu o deməkdir ki, hətta əvvəllər hansı ildə inşa edilməsindən asılı olmayaraq, tikintisi sözügedən Məcəllənin tələblərinə uyğun aparılmayan, amma etibarlı və təhlükəsiz bütün qeyri-yaşayış sahələrinin istismarına icazə veriləcək. İlkin qiymətləndirmələrə görə, bu sadələşdirmə 40 mindən çox obyekti əhatə edəcək".
  Millət vəkilinin sözlərinə görə, digər dəyişikliklər ilə istismar prosedurlarının daha da sadələşdirilməsi və elektronlaşdırılması nəzərdə tutulur: "Bu baxımdan, dəyişikliklər daşınmaz əmlak sektorunda şəffaflığın daha da artmasına və sənədləşmənin sürətlənməsinə xidmət edəcək. Müzakirələrdə dəyişikliklərin mütərəqqi olması qeyd olunmaqla yanaşı növbəti mərhələdə 500 mindən çox sənədsiz fərdi evlərin də qeydiyyatı ilə bağlı işlərin daha da sürətləndirilməsinin vacibliyi qeyd olundu. İnanırıq ki, növbəti mərhələdə çıxarışların verilməsinin sadələşdirilməsi bu evləri də əhatə edəcək".

  Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevin “Şərq”ə açıqlamasına görə, bu evlərin sənədləşdirilməsi və onlara hüquqi sənədlərin verilməsi çox vacibdir. Bu, eyni zamanda ölkədə daşınmaz əmlakın tam olaraq əhatə olunmasına gətirib çıxara biləcək. Eyni zamanda əmlak vergisinə görə, dövlət büdcəsinə vəsaitlərin daxil olmasına rəvac verəcək. Prosesin həlli həmçinin daşınmaz əmlak bazarının daha da təkmilləşməsinə təkan verəcək. Ən başlıcası odur ki, vətəndaşların mülkiyyət hüququnun tanınması prosesi baş verəcək: “Sənədsiz evlərlə bağlı ölkə başçısı tərəfindən mühüm sərəncam imzalanıb, fərman verilib. Hətta Komissiya və onun nəzdində işçi qrupu da yaradılmışdı. İqtisadiyyat nazirliyi  bu sahədə müəyyən addımlar atıb, müvafiq sənədləri hazırlayıb, Nazirlər Kabineti ilə razılaşdırılıb. Hesab edirəm ki, sözügedən layihənin qəbulundan sonra problem öz həllini tapacaq. Prosesi maksimum dərəcədə sürətləndirmək və konkretləşdirmək lazımdır. Yəni sənədsiz evlərə çıxarışların verilməsinin sadələşdirilməsi yox, birmənalı həll edilməsi vacibdir. Əks halda sadələşdirmənin özü də əlavə prosedurların yaranmasına gətirib çıxara bilər. 
  Ümumiyyətlə, bu cür qanun layihələri geniş  ictimaiyyətin müzakirəsindən keçirilməli, sonra Parlamentə təqdim olunmalıdır. Ən azından Parlamentdə birinci oxunuşdan sonra  ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş dinləmələr  olmalıdır. Burada söhbət 100 minlərlə ailənin mülkiyyət hüququndan gedir. Bu məsələ komitələrin ixtiyarına veriləcək qədər sadə deyil. Vətəndaş cəmiyyətləri mütləq prosesin içində olmalıdır”. 

  Ə.Nuriyevin sözlərinə görə, ölkədə yüz minlərlə tikili var ki, onun üzərində mülkiyyəti təsdiq edən sənəd yoxdur. Bu isə daşınmaz  əmlak bazarının formalaşmasına və  fəallaşmasına mane olur:
“Eyni zamanda daşınmaz əmlakın dövriyyəsi ilə bağlı xeyli vəsaitin dövlət büdcəsinə gəlməsinin qarşısını alır. Çünki həmin şəxslərin mülkiyyətə malik olmasına baxmayaraq sənəd olmadığı üçün ev nə girov qoyula bilir, nə də digər mülki dövriyyədə iştirak etmək imkanları olur.
  Halbuki o insanlar illərdir o ərazilərdə yaşayır, kommunal xidmət haqqı ödəyirlərsə, bu artıq onların mülkiyyəti hesab olunur. Mülkiyyət hüququ isə  fundamental hüquq kimi tanınır. Mülkiyyət hüququnun məzmununu mülkiyyətçinin əmlaka sahiblik, ondan istifadə və üzərində sərəncam hüququnun məcmusu təşkil edir. Bütün insanların mülkiyyəti toxunulmazdır və əgər bu toxunulmazlıq pozularsa, o zaman dövlət bu hüququn bərpa edilməsini təmin etməlidir. Azərbaycanda mülkiyyət münasibətləri Azərbaycanın Konstitusiyası, müvafiq qanunları ilə, digər normativ aktlarla, eləcə də dövlətlərarası müqavilələrlə tənzimlənir”.
Fond rəhbərinin sözlərinə görə, kommunikasiya xətlərinin mühafizə zolağında inşa olunmuş qanunsuz tikililərdən başqa normativlərə uyğun inşa edilmiş fərdi evlərin hər biri sənədləşdirilməlidir: “Amma həyat üçün təhlükəli ərazilərdə məskunlaşan insanları da taleyin ümidinə buraxmaq olmaz.  Xüsusi bir fond yaradılmalı və mülkiyyət üzərində hüququ  bərpa olunan insanlardan əldə olunan rüsumlar həmin fonda köçürülməlidir. Sənədləşmə prosesi bitdikdən sonra həmin fonda yığılan vəsaitlər hesabına kommunikasiya xətlərinin mühafizə zolağında inşa olunmuş qanunsuz tikililərdə yaşayan sakinlərə  evlər tikilməli, ya da  həmin pullarla hazır binalardan ev alıb, o şəxslərə verilməlidir. Çünki bu insanlar orda havayı yaşamır ki?! Sənədsiz də olsa, ev tikmək üçün xərc çəkib, uzun illərdir kommunal xərcləri ödəyir. Bu səbəbdən də onların evləri kompensasiya olunmalıdır. Əgər vaxtında müvafiq orqanlar öz üzərinə düşən vəzifəni icra edərək həmin şəxslərin  qadağan olunmuş ərazilərdə ev tikməsinin qarşısını alsaydı, indi problem bu həddə çatmazdı”.
Şəymən