Bank kartlarınızı heç kimə göstərməyin!

Ağlınıza gəlməyən adam üzərindən göstəricilərinizi götürərək pullarınızı çəkə bilər

  Bakı sakininin bank hesabından pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 24-də paytaxt sakini olan bir nəfərin bank hesabından 1180 manatını oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini Niyaməddin İsmayılov müəyyən olunaraq saxlanılıb.

  Maraqlıdır, bank hesablarına kiberhücumlarla bağlı banklar, yoxsa vətəndaşlar məsuliyyət daşıyırlar? 

  Məsələyə münasibət bildirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə,  bank kartlarından pulların oğurlanması kimi halların bu qədər artmasına səbəb vətəndaşların məlumatsızlığıdır: “Əslində günahın kimdə olmasının heç bir əhəmiyyəti yoxdur. Hər şeydən əvvəl vətəndaşlar ehtiyatlı olmalıdır. Yəni vətəndaş diqqətli olmalıdır ki, ona sorğu göndərən hansı resursdu, domeni nədir, nə zaman yaranıb, kimdir və s. Vətəndaş hansısa məlumatı ötürməzdən öncə “Google”da qısa bir araşdırma aparmalıdır. Əgər o, hansısa təhlükə ilə üzləşibsə, burada artıq aidiyyəti qurumlara müraciət etməlidir. Ən önəmlisi isə kartları heç kimə göstərməyin, masanın üzərinə qoymayın. Ağlınıza belə gəlməyən adam üzərindən göstəricilərinizi götürərək pullarınızı çəkə bilər. Həmçinin tanınmamış, dünyada etibar qazanmamış saytlarla alış-veriş etməyin. Təbii ki, əgər vətəndaş kartından pul çıxılma, oğurluq, dələduzluq və s. bu kimi hallarla üzləşibsə, aid olduğu banka məlumat verilməli, həmçinin kart hesabı dəyişdirilməlidir”. O.Gündüz deyib ki, bəzən də elə olur ki, bankın informasiya təhlükəsizliyi sistemi zəif olduğu üçün hakerlər vəsaitləri bu yollarla vətəndaşların kartından oğurlaya bilir: “ Bu  zaman vətəndaş mütləq banklarda mövcud olan “sms məlumat" sisteminə qoşulmalıdırlar ki, kartlarından vəsait çıxan kimi onlara "bildiriş sms" gəlsin ki, onlar dərhal tədbir görə bilsinlər. Bəzən hətta banklarımızda “sms bildiriş"in gəlməsində problem yaranır. Bu da təbii ki, bankın günahıdır. Vətəndaş belə olduğu halda, banka qarşı iddia qaldıra bilər. Həmin bankın “sms bildiriş" sisteminə qoşulduğu halda hesabından pul çıxarılanda vətəndaşa heç bir sms gəlməyib. Belə hallarda cinayətkarı tapmaq çox çətindir, çünki bir qayda olaraq cinayətkarlar bunu xaricdən edirlər. Ona görə də oğurlanan vəsaitin geri qaytarılması mümkünsüz olur”.