Qəzalar zamanı ölüm hallarının sayı azalacaq


Sürət həddinin aşağı endirilməsi barədə qərar doğru addımdır

Amma bundan sonra cərimələrin sayının artması gözləniləndir

  Bakının əsas prospektlərindən sayılan Heydər Əliyev prospektində sürət həddi endirilib. Sürət yolun 110 km/saatlıq hissəsində 90 km/saat, 90 km/saatlıq hissədə isə 70 km/saat olaraq dəyişdirilib.
  Qeyd edək ki, bir neçə gün öncə Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli paytaxt ərazisində yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə 14 yolda sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlandığını açıqlamışdı.
  Heydər Əliyev prospektindən sonra mərhələli şəkildə digər küçə və prospektlərdə də sürət həddinin endirilməsinə dair müvafiq yol nişanları quraşdırılması nəzərdə tutulub.
  BNA-dan isə bildirilib ki, sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılmasına başlanılıb.
Maksimum sürət həddini göstərən yol nişanları ilk olaraq Heydər Əliyev prospekti, Mərdəkan şosesi-Zuğulba yolu, Mikayıl Əliyev prospekti və Bibiheybət yollarında quraşdırılır.
  Vətəndaşlar isə bu qərarı bir o qədər də xoş qarşılamayıb. Hesab edirlər ki, sürət həddinin azaldılması tıxaclara səbəb olacaq.

  Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun  “Şərq”ə açıqlamasına görə, Bakı şəhərinin əsas prospektlərində sürət həddinin aşağı salınması  cəmiyyətdə problem yaratmamalıdır. Ancaq bu cür dəyişikliklərdən əvvəl mütləq ictimaiyyətin rəyi öyrənilməlidir: “Bakı şəhərində baş verən qəzaların əsas səbəbi yol hərəkəti qaydalarının bilərəkdən pozulması, əsasən də sürət həddinin aşılmasıdır. Odur ki, şəhərin bir sıra prospekt və küçələrində sürət həddinin aşağı endirilməsi barədə qərarı müsbət hesab edirəm. Bu dəyişiklikdən sonra yol-nəqliyyat hadisələrinin sayı azalmasa da, qəza zamanı ölüm hallarının sayı azalacaq. Eyni zamanda bu, piyadaların, velosipedçilərin və moped sürücülərinin təhlükəsizliyini təmin edəcək”. 
  E.Cəfərovun sözlərinə görə, paytaxtda tıxacların yaranması sürət həddinin aşağı olması ilə yox, qeyri-stabil olması ilə əlaqəlidir: “Heydər Əliyev prospektində tıxaclar olmur. Sürət həddinin  endirilməsindən sonra da tıxac olacağını zənn etmirəm. 
Amma sürət həddinin aşılmasına görə cərimələrin sayının artması  gözləniləndir”.