Hava çox çirklənib:Bakıdan uzaqlaşmaq lazımdır

Paytaxtda dəm qazının miqdarının normadan 1,7 dəfə çox olması insan sağlamlığına ciddi təhlükə yaradır

"Çıxış yolu budur ki, urbanizasiyanın sürəti azaldılsın, bölgələrdən şəhərə deyil, şəhərdən bölgələrə axın başlasın"

  Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən bildirilir ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı 1.7, azot-4 oksidin miqdarı Gəncə şəhərində 1.4, Sumqayıt şəhərində 1.2 dəfə normadan çox müəyyən edilib. Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır. 

  İstanbul Universitetinin Cərrahpaşa tibb fakültəsinin tənəffüs yolları xəstəlikləri kafedrasının müdiri, professor Bilun Gemicioğlu bu günlərdə Anadolu Agentliyinə hava çirklənməsinin insan orqanizminə mənfi təsirlərindən danışıb. Professor çirklənmiş havanın tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən şəxslər üçün təhlükəli olduğunu deyib: 

“Gün keçdikcə dünyada ən böyük problemlər arasında yer alan hava çirklənməsi səbəbiylə hər il milyonlarla insan həyatını itirir. Sürətli və nizamsız şəhərləşmə, nəqliyyat, keyfiyyətsiz benzindən istifadə nəticəsində atmosferə buraxılan 30-dan artıq zəhərli maddə havanı çirkləndirir.  Hər nəfəs aldığımızda bu maddələr də orqanizmə daxil olur və bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır”. Professor iki aydan çox davam edən xroniki öskürəyin səbəbinin hava çirkliliyi ola biləcəyini ifadə edib: “Hava çirklənməsindən dünya əhalisinin 90 faizi təsirlənir. Hava çirkliliyi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi standartlar var. Təəssüf ki, dünyanın bir çox yerində hava çirklənməsi bu standartların üstündədir. Hava çirklənməsi ürək-damar problemləri, astma və digər ağ ciyər xəstəlikləri olan insanlarda ağırlaşmaya, hətta insult və pnevmoniyaya səbəb olur. Risk qruplarına 65 yaşdan yuxarı insanlar və uşaqlar, eyni zamanda qeyd edilən xəstəliklərdən əziyyət çəkənlər daxildir". Ana bətnində olan körpələrdə havanın çirklənməsi səbəbindən gələcəkdə sağlamlıq problemlərinin yaranacağını qeyd edən professor deyib: "Hava çirklənməsi göstəriciləri müəyyən edilən risk normalarına uyğun olarsa, çoxlu sayda insanın ölümünün qarşısı alına bilər. Son illərdə aparılan araşdırmalara görə, dünyada 9 milyon insan havanın çirklənməsinin yaratdığı bəzi xəstəliklərə sahibdir. Bu problemlərə pnevmoniya, insult, ağciyər xəstəlikləri, xərçəng daxildir". Professor insanlarda yaranan xroniki öskürəyin bir çox səbəbinin olduğunu qeyd edib: "Soyuqdəymə və ya müəyyən hava-damcı infeksiyaları xroniki öskürəyə səbəb olur. Lakin iki aydan çox davam edən öskürəyin səbəbi havanın çirklənməsi ola bilər".

 Həkim-infeksionist Mərdan Əliyev “Şərq”ə açıqlamasında qeyd etdi ki, paytaxt havasında dəm qazının miqdarının normadan 1,7 dəfə çox olması insan sağlamlığına ciddi təhlükə yaradır: 

- Dəm qazının normadan 1,7 dəfə çox olması nə deməkdir? Bu, çox ciddi təhlükədir. Bakıdan uzaqlaşmaq lazımdır. Heç olmasa, ildə 1-2 ay gərək paytaxtdan uzaqlaşıb bölgələrə - harada təmiz hava var, ora getmək lazımdır ki, ciyərlərimiz təmiz hava - oksigen qəbul etsin. Paytaxt havasında dəm qazının miqdarını artıran səbəblər məlumdur. Avtomobillərin çoxluğu, yaşıllıqlarınsa getdikcə daha da azalması. Gəncə, Sumqayıtda isə havada azot-4 oksidin miqdarının normadan artıq olması zavodların, istehsal müəssisələrinin fəaliyyəti ilə bağlıdır. Dəm qazı orqanizmə daxil olduqda qanda hemoqlobinlə birləşir. Nəticədə, sadə dillə desək, hemoqlobin özünün əsas funksiyasını – oksigen istehsalını yerinə yetirə bilmir. Yəni hemqlobinin bir hissəsi dəm qazıyla məşğul olduğundan qanda, toxumalarda oksigen çatışmazlığı yaranır. Bu da orqanizmdə təngnəfəslik, ürək-damar problemləri, ağciyər xəstəlikləri... bir sıra problemlərə səbəb olur. Havada təkcə dəm qazı deyil, digər zəhərli qazlar da var. Əlbəttə ki, bunlar hamısı ağ ciyərlərə toksiki təsir göstərir, orqanizm üçün ciddi təhlükə, o cümlədən ölüm riski də yaradır. 

  M.Əliyev qeyd etdi ki, vəziyyətdən çıxış yolu var, lakin bunu tətbiq etmək lazımdır:

 “Çıxış yolu budur ki, urbanizasiyanın sürəti azaldılsın, bölgələrdən şəhərə deyil, şəhərdən bölgələrə axın başlasın. Bunun baş verməsi üçün də nələr edilməlidir, əslində çox adam bilir. Bölgələrdə iş yerlərinin açılması, əhali üçün qazanc mənbələrinin yaradılması, sosial şəraitin yaxşılaşması. Məlumdur ki, bölgələrdən şəhərə işləməyə gəlirlər. Bölgə əhalisinin yerində işi olsa, qazancı olsa, təsərrüfat yaratmaq üçün imkanı olsa, niyə şəhərə gəlir, qalar rayonda, öz kəndində. Əksər hallarda problem işsizlikdir. Paytaxtda yaşıllıqların əhatəsi genişlənməlidir. Təəssüf ki, dünyada qlobal iqlim dəyişikliyi, su qıtlığı problemi yaşandığı halda, Bakıda yaşıllıqları məhv edib, yerində hündürmərtəbəli binalar, kafe, restoran, başqa obyektlər tikilir. Bu proses hələ də davam edir. Nəqliyyatın havaya buraxdığı zərərli qazlardan qurtulmağın yolu isə elektrikli avtomobillərə keçiddir. Paytaxtda köhnə, nasaz, istifadə müddəti bitmiş avtomobillər, avtobuslar çoxdur. Avtobuslardan çıxan qara tüstünü hamımız görürük. Havanı çirkləndirən həm də bunlardır. “Bakubus” avtobusları isə təbii qazla işlədiyindən havaya xeyli az dəm qazı buraxır. Qısa zamanda ictimai nəqliyyatda bu avtobusların sayı artmalı, köhnə avtobuslar xətlərdən çıxarılmalıdır. Elə məsələlər var ki, daxildə onları həll etmək mümkündür, təmiz hava və sağlamlıq naminə.