Heç kim yalan danışa bilməyəcək


Həqiqəti deyənlər detallara daha çox varır, dəqiq ifadələr işlədirlər

  Niderland alimləri birisinin yalan danışdığını anlamağın ən asan yolunu tapıb. Alimlərə görə, qarşınızdakı insanın yalan danışdığını, sizi aldatdığını başa düşmək elə də çətin deyil. Sadəcə, yalanı “tanımağın” üsulunu bilmək lazımdır. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, insanlar qarşısındakı adamın yalan, yoxsa doğru danışdığını anlamaq üçün adətən əl-qol hərəkətlərinə, üz ifadələrinə diqqət etməyə çalışır. Amma bununla da yalanla-doğrunu ayırd etmək çox zaman çətin olur və insanlar bəzən hətta ən yaxın adamlarının yalanlarına məruz qalırlar. Niderland alimləri tövsiyə edir ki, birisinin sizə yalan danışıb-danışmadığını ayırd etmək istəyirsinizsə, ən əvvəl diqqət etməli olduğunuz məsələ detallara varmaqdır. Bir insan danışığında detalların üzərindən sakit keçirsə, daha çox ümumi sözlər, ümumi ifadələr işlədirsə, yalan danışdığı ehtimalı daha böyükdür. Həqiqəti deyənlər detallara daha çox varır, dəqiq ifadələr işlədirlər. Niderland alimlərinin araşdırması “Nature Human Behaviour” elmi dərgisində nəşr olunub. Alimlər tədqiqata 2 qrup cəlb edib – yalançılar və dürüstlər. “Yalançı” qrup üzvlərinə rəfdən imtahan suallarını oğurlamaq “tapşırılıb”. Sonra isə onlardan bunu etmədiklərini söyləmələri, günahsız olmalarını isbat etməyə çalışmaları istənilib. “Dürüstlər”in toplandığı qrup isə yataqxanada qalıb, prosesdə iştirak etməyib. Üçüncü qrupa isə bu iki qrupun cavabları təqdim olunub. Cavabları araşdıranlar imtahan suallarının həqiqətən kimlər tərəfindən çalındığını ayırd etməkdə çətinlik çəkiblər. Təqiqatçılar üçüncü qrup üzvlərinə “detallara diqqət edin. Yer, məkan, zaman kimi detalları müfəssəl araşdırın”, deyildiyində qrup üzvləri yalan söyləyənləri müəyyənləşdirə bilib. Ümumi baxış zamanı yalançıların müəyyənləşməsi 59 faiz təşkil edibsə, detallar araşdırıldığında faiz 66-ya yüksəlib. Məlum olub ki, yalanla həqiqəti ayırd etmək üçün detallara diqqət edilməlidir. Bunu bacarsanız, qarşınızdakının sizə yalan danışıb danışmadığını ayırd edə bilərsiniz.